Azərbaycanda əcnəbi işçi qüvvəsinin sayı azalıb

azerbaycanda-ecnebi-isci-quvvesinin-sayi-azalib
Oxunma sayı: 653

"Əcnəbi işçilərin Azərbaycanda işə cəlb olunması məsələsinə Dövlət Miqrasiya Xidməti (DMX) çox diqqətlə yanaşır. Dövlət Xidməti olaraq bizim marağımızdadır ki, ilk növbədə Azərbaycan vətəndaşları işlə təmin olunsunlar".
 
"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Xəzər - Avropa İnteqrasiya İşgüzar klubunun üzvləri ilə görüşdə deyib. 

Xidmət rəisi bildirib ki, Azərbaycanda əcnəbi işçilərin işə cəlb olunması kvota əsasında həyata keçirilir, bununla bağlı 2016-cı ildə qanun təsdiq olunub: "O iş yerlərinə ki, Azərbaycan vətəndaşı üçün vakant yer yoxdursa, ora xarici vətəndaşlar cəlb olunur. Artıq kvota məsələsində də azalma baş verib. Enerji sektorunda əgər əcnəbi işçi qüvvəsi 2012-ci ildə 30-35% idisə, artıq bu gün 8-10%-ə endirilib. Bu da Azərbaycanda olan şirkətlərin bəzi kadrların hazırlanmasına önəm verməsindən irəli gəlir. Biz bu məsələni diqqətdə saxlayırıq".