Azərbaycanda ən çox qəzaya uğrayan avtomobillər hansılardır?

azerbaycanda-en-cox-qezaya-ugrayan-avtomobiller-hansilardir
Oxunma sayı: 656

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, son vaxtlar ağır nəticələrə səbəb olan yol qəzaları da VAZ markalı avtomobillərin iştirakı ilə baş verir. Onun sözlərinə görə, köhnə avtomobillər, xüsusilə də VAZ markalı avtomobillər təhlükəsizlik elementləri ilə təmin olunmadığından baş verən qəzalar çox ağır nəticələrə səbəb olur.

“Dünən Ağstafada baş verən yol qəzasında VAZ markalı avtomobildə olan 6 nəfər öldü, 2 nəfər xəsarət aldı. Həmçinin, son günlər baş verən toqquşmalarda VAZ markalı avtomobillərdə olan sürücü və sərnişinlər arasında ölüm və xəsarət halları qeydə alınıb. Bizdə ölüm hallarının artmasının əsas səbəbi nəqliyyat vasitələrinin köhnə olmasıdır. Hansı ki, qeydə alınan qəzalar yüngül xəsarətlə nəticələnə bilərdi”, - o vurğulayıb.

İdarə sözçüsü bildirib ki, xarici ölkələrdə olduğu kimi, Azərbaycanda da getdikcə yollarda qarşılıqlı hərəkət ləğv olunur. Bu da qəzaların qarşısının alınmasına və qəzanın ağırlıq dərəcəsinə təsir edir.

“Xarici ölkələrdə yollarda qarşılıqlı hərəkət olmadığından və nəqliyyat vasitələrinin əksəriyyəti müasir təhlükəsizlik elementləri ilə təchiz olunduğundan, təhlükəsizlik kəmərindən istifadə edildiyindən, həmin ölkələrdə qeydə alınan yol qəzalarında ölüm halları az olur. Bizim nəqliyyat bazarının təxminən 40 faizini VAZ markalı avtomobillər təşkil edir. Bu avtomobillər isə hava yastıqları və digər təhlükəsizlik elementləri ilə təchiz olunmayıb”, - şöbə rəisi deyib.