Azərbaycanda ərazi mübahisələri 15 gün ərzində həll ediləcək

azerbaycanda-erazi-mubahiseleri-15-gun-erzinde-hell-edilecek
Oxunma sayı: 1898

Azərbaycanda inzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrin həlli qaydası müəyyənləşib.
 
“Qagfqazinfo”nun məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”nda dəyişikliklər edilməsi haqqında” fərman imzalayıb.
 
Bununla bağlı qaydaya “İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrin həllinə dair xəritənin hazırlanmasının xüsusiyyətləri” adlı yeni hissə əlavə edilib. Beləliklə, inzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrin həlli ilə bağlı ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələri hazırlanacaq. Mübahisə ilə bağlı xəritə onun hazırlanması tapşırığı verildiyi gündən 15 gün müddətində hazırlanaraq Azərbaycan Respublikası Prezidentinə təqdim edilməlidir. Tapşırıq daxil olduğu gündən 2 iş günü müddətində Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən koordinatlarının müəyyən edilməsi, çöl tədqiqat və mərzçəkmə işlərinin yerinə yetirilməsi məqsədi ilə ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin sərhədlərinin yerində müəyyən edilməsi və razılaşdırılması işlərinin başlanma vaxtı barədə həmin ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin yerləşdiyi rayon və ya şəhər icra hakimiyyəti orqanına bildiriş göndərilir.
 
Mübahisə ilə bağlı xəritənin hazırlanması məqsədilə ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin sərhədlərinin koordinatlarının müəyyən edilməsi, çöl tədqiqat və mərzçəkmə işlərinin yerinə yetirilməsi ƏMDK-nın ərazi vahidinin, inzibati ərazi dairəsinin və sahə inzibati ərazi dairəsinin yerləşdiyi ərazi bölməsi nümayəndəsinin, xəritəsi hazırlanmalı inzibati ərazi dairəsi (şəhər, qəsəbə, kənd ərazi vahidinə münasibətdə - onun daxil olduğu inzibati ərazi dairəsi) və ya sahə inzibati ərazi dairəsi üzrə, eləcə də onun həmsərhəd olduğu digər inzibati ərazi dairəsi və (və ya) sahə inzibati ərazi dairəsi üzrə müvafiq rayon, şəhər və ya şəhər rayonu icra hakimiyyəti başçısının nümayəndəsinin iştirakı ilə ƏMDK-nın müvafiq struktur bölməsinin mütəxəssisi tərəfindən həyata keçiriləcək.
 
Mübahisə ilə bağlı xəritədə mübahisələndirilən ərazi hissəsinin sərhədləri ayrıca göstərilir. Kağız üzərində hazırlanmış mübahisə ilə bağlı xəritə bu Qayda göstərilən nümayəndələr, həmçinin müvafiq rayon, şəhər və ya şəhər rayonu icra hakimiyyəti başçıları və tapşırıqda göstərilən digər şəxslərlə razılaşdırılacaq, onlar tərəfindən imzalanacaq və möhürlə təsdiq ediləcək. Ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin, habelə mübahisə ilə bağlı xəritələrin hazırlanması dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdiriləcək.