Azərbaycanda evdən 50 min manatlıq oğurluq edildi

azerbaycanda-evden-50-min-manatliq-ogurluq-edildi
Oxunma sayı: 640

Milli.Az xəbər portalının Cənub TV kanalına istinadən verdiyi məlumata görə, Lənkəranda daha bir oğurluq hadisəsi rayonun Göyşaban kəndində qeydə alınıb.

Göyşaban kənd sakini 47 yaşlı Niyaz Cəfərovun evinə daxil olan şəxs və ya şəxslərin “ovu” uğurlu olub. Məscidlə qapı qonşu olan Cəfərovların evinə girən oğru xeyli miqdarda pul və qızıl zinət əşyalarını aparmağa müvəffəq olub.

Hadisə dekabrın 3-də saat 15-16 radələrində qeydə alınıb. Evə pəncərəni sındıraraq daxil olan oğru evi altını üstünə gətirib. Həmin vaxt evdə Niyaz Cəfərovun xəstə bacısı olub. O, həmin vaxt ayaq səslərini eşitdiyini və qardaşı Niyaz olduğunu zənn edib. Ev sahibləri Niyaz Cəfərov və həyat yoldaşı Saçlı Cəfərova hadisə baş verən zaman evdə olmayıb. Onlar Niyazın səhhəti ilə bağlı Bakı şəhərinə müalicəyə gediblər. Hadisəni isə ilk görən şəxs Niyaz Cəfərovun oğlu iki uşaq atası Rüfət Cəfərov olub. Həyətdə saxladıqları göyərçinlərə yem vermək üçün həyətə girən Rüfət evin pəncərəsinin açıq olduğunu görür və dərhal polisi məlumatlandırır. Bundan sonra hadisə yerinə ilk olaraq Liman şəhər polis şöbəsinin əməkdaşları gəlir. Daha sonra isə Lənkəran RŞP şöbəsinin əməliyyat istintaq qrupuna məlumat verilir. Gələn əməliyyatçılar olay yerinə baxış keçirirlər. Ev sahibinin sözlərinə görə dəymiş ziyanın umumi məbləği təqribən 50 min manatdır. İstintaq bölməsinin rəisi Polad Mehdiyevin sözlərinə görə hələlik şübhəli şəxs qismində heç kim saxlanılmayıb. Faktla bağlı araşdırmalara başlanılıb.