Azərbaycanda evlilikləri bitirən şok səbəb - Hamı gizlədir...

Azərbaycanda evlilikləri bitirən şok səbəb
Oxunma sayı: 18239

“6 ildir ki, evliyəm. Həyat yoldaşımla bir-birimizi sevib ailə qurmuşuq. Evlənmədən öncə ilk gecənin qorxulu olması haqda eşitmişdim. Toy gecəsi  münasibətdə olmağa çalışsaq da, alınmadı. Bu problemin bir neçə gün sonra düzələcəyini düşündük. Amma aylar illəri əvəzlədi.  Və biz bu müddət ərzində yoldaşımla cinsi əlaqədə ola bilmədik. Bu dərdi hamıdan gizlətdik. Sekslə məşğul olmaq istəyi həyatımın kabusuna dönüşdü. Axşamın olmasını heç istəmirdim. Bütün psixologiyam pozulmuşdu. Təsəvvür edin ki, eyni evdə 6 il dost kimi yaşamaq nədir?! Hamı  bizdən uşaq gözləyirdi”.

“5 aydır ki, evliliyimiz davam edir. Evləndikdən 20 gün sonra ilk dəfə yoldaşımla münasibətdə ola bildik. Həmin günü həyatımın ən ağrılı günü  hesab edə bilərəm. O gündən sonra eyni yataqda paltarla yatdım. Hətta bir dəfə  yoldaşıma dedim ki, əl-ayağımı bağlasın. O bunu etmək heç istəməsə də,  əlaqədə olmaq üçün bu yolu da test etdik. Amma yenə faydasız oldu. Bədən əzələlərim elə yığılmışdı ki, on nəfər də yığışsa  əllərimi  aça bilmək gücündə deyildi. Ürəyim getdi.  Təcili  yardım gəlməli oldu.  İki aya yaxın müddətdə bunu ailəmizdən gizlətdik. Ancaq  məndə ürək getmələr çoxalmağa,  sinir pozğunluğu artmağa başladı. Axırda məcbur olub ailəmizə danışdıq.  Bunun xəstəlik olduğunu heç bilməzdik. Hətta boşanmaq da istədik. Bir neçə dəfə həyatıma qəsd də etmişəm.  Yoldaşım qarşısında bu utancla yaşamaq istəməmişəm”.

“4  il davam edən evliliyimizdə bir gün belə cinsi əlaqədə olmadıq. Bu  vəziyyətin dünyada ən çətin xəstəlik olduğunu  və əsla bundan  sağala biləcəyimi düşünmürdüm. Bir çox  ginekoloq həkim isə  bu xəstəlikdən  başı çıxmadığını dedikdə daha böyük depressiyaya düşürdüm.  Evlənməyə qərar verərkən hər problemi birlikdə həll edəcəyimizə söz versək də, ağlımıza belə gəlməyən bir kabusun qarşısında aciz qalmışdıq”.

“7 aydır ki evliyəm, bu xəstəliyə görə hər gün ərim və qayınanam tərəfindən döyülürəm.  Həkimə gələndə gözlərimin altı qapqara idi. Növbədə dayanan adamların da mənə  yazığı gəlirdi. Amma müayinələr üçün lazım olan pulu həyat yoldaşımın ödəməsinə heç inanmıram. Bu gedişlə boşanmalı olacağıq”.

Bunlar adlarını çəkmək istəməyən 4 fərqli qadının yaşadığı acı həyat hekayəsidir. Bu rəqəm isə hər gün artır.

9 ay, 1, 5, hətta 10, 18, 22 il  davam edən, qadınların qorxulu kabusuna çevrilən bu müsibətin nə olduğunu bilirsinizmi?

Bəs Azərbaycanda ailə quran bir sıra gənclərin boşanmasında bu dəhşətin rol oynadığından xəbərdarsınızmı?

Yəqin ki,  bu yazını oxuyanların əksəriyyəti  problem barədə məlumatlı deyil. 

"Qafqazinfo" xəbər verir ki, vaginizm adlanan bu xəstəlik  paytaxt Bakı da daxil olmaqla  rayon yerlərində çox sürətli yayılır.

Psixoloqa müraciət edən ailələr isə bu cür halların yaşanmasını, qadının öz əriylə cinsi münasibətdə olmaqdan qorxmasını onlara tanış  gələn xəstəlik olduğunu bildirirlər. Yalnız bundan sonra xanım öz ərinə bunu bilərəkdən və istəyərəkdən etmədiyini,  əslində xəstəliyə tutulduğunu anlayır. 

Az sayda tərəf müqabili isə öz xanımını başa düşür və xəstəliyə qalib gəlmək üçün  ona dəstək verir. Bu xəstəlikdən tez zamanda qurtulmaq mümkündür, yetər ki insanların bundan xəbəri olsun və buna görə ailələrini dağıtmasınlar.
Cəmiyyətimizdə  bu xəstəliklə bağlı  maariflənmənin olmadığını nəzərə alaraq “Qafqazinfo” vaginizm  barədə araşdırmalar aparıb.  

Əvvəlcə xəstəlik haqqında

VAGİNİZM ( vajinismus)- cinsi əlaqə qorxusu olub (ilk gecə qorxusu, ağrılı cinsi əlaqə) qadınların  özlərindən asılı olmayaraq əzələlərin (ayaq, çanaq dibi və s.), eləcə də bütün bədənin ani şəkildə kəskin yığılması və sıxılması nəticəsində cinsi əlaqənin mümkün olmamasıdır. Vaginizm, qızların  beyinlərində yaratmış olduqları qorxulardan ( qanama, şiddətli ağrı və s.) dolayı formalaşdırdıqları yalnış düşüncələrə inandıqları problemdir. Bu zaman qızlar cinsi əlaqəyə girməkdən imtina edərək şiddətli ağrıların olacağını və ya beynində formalaşdırdığı qorxunu səbəb kimi izah etməyə çalışırlar.

Belə qadınlar ailəli olsalar da illərlə bakirə olaraq qalırlar. Bir müddət özlərinə vaxt verirlər ki, bəlkə müəyyən müddətdən sonra onlar bir-birlərinə öyrəşərlər və bu problem öz-özünə həll olar. Hətta bilmirlər ki, bu göstəricilər vaginizmin (vajinismus) əlamətləridir. 

Vajinismusun verdiyi fəsadlar isə qadının psixologiyasını poza bildiyi qədər pozur. Onu insanlardan qaçmağa, özünə qapılmağa, hamıdan bədbəxt olduğunu düşünməyə vadar edir. Onlar bütün qadınlardan fərqli olduğunu, bir əskiyinin olduğunu düşünür, özünə güvəni itirir, depressiyaya düşür və sevərək ailə qurduğu həyat yoldaşından ayrılmağı özünə çıxış yolu tapır. Çox vaxt bu problemdən qaçmaq üçün "nahaq ailə qurdum" deyə özünü günahlandırır və hətta özlərinə qəsd etməyi də düşünənlər az deyil. 

Dünya ölkələrinda bu xəstəliyin yayılma arealına diqqət etsək görərik ki, sözügedən problem  daha  çox cinsəl ilişki ilə bağlı psixiloji problemlərin çox olduğu toplumlarda daha yayğındır. Belə ki, Qərb ölkələrində bu xəstəliyin görülmə riski 1 faiz civarında olsa da, Türkiyə və Yaxın Şərq ölkələrində bu göstərici 10 faiz civarındadır. Bu sıralamaya Azərbaycanı da daxil etmək olar. Hətta  bu problem Türkiyədə  boşanma səbəbi kimi məhkəmələrə daşınan ailə mövzusuna da çevrilib. 
Onu da bildirək ki,  hətta qadın ərindən boşansa da belə başqa biri ailə qura bilmir.  Türkiyədə hakimlərin boşanmaya dair verdiyi qərarlarda  cinsəl münasibətin  cütlüklər üçün olmazsa olmaz bir ünsür olduğunu  və evlilik içində cinsi münasibətin olmamasını ailə bağını sarsıdan bir olay kimi dəyərləndiriblər. Bunun üçün  ilk növbədə xanımın müalicə alması şərt kimi göstərilib.  Əgər xanım müalicə almaqdan imtina edərsə,  bu zaman qarşı tərəf  həm də təzminat davası da aça bilər.

Həkimlər isə milliyətindən asılı olmayaraq uşaqlıq vaxtı psixoloji travmalar yaşanan bütün qızlarda bu problemin nə vaxtsa üzə çıxağını qeyd edirlər. 

“Qafqazinfo” mövzu ilə bağlı tanınmış həkimlərdən açıqlama alıb. 

Mama-ginekoloq Günay Hacıyeva

Vaginizm  üzrə mütəxəssis, mama- ginekoloq Günay Hacıyeva bildirib ki, 4 il yarım qabaq  Azərbaycana  bu xəstəliyin müalicə metodunu  o gətirib: “Düzdür, ənənəvi üsulla psixoloqlar yüngül vaginizmləri  müalicə edə bilirlər.  Bu xəstəlik psixoloji xəstəlikdir. Buna xəstəlik kimi də, problem kimi də baxmaq olar. Konkret xəstəlik kimi baxmaq olmur. Çünki xəstəlik konkret orqanla bağlı olur. Ancaq bu şüuraltı mərkəzin “xəstəliyidir”. Şüuraltı mərkəzdə uşaqlıqdan bəri keçirilən bütün travmatik problemlər dolayı yolla vaginizmə gətirib çıxara bilir.  Türkiyəli həkimlər bir-iki klinikanın dəvəti ilə gəlib xəstələri müalicə edib gedirdilər.  Ona görə də mənim də arzum o oldu ki, bu problemin həll yolunu öyrənim. Türkiyədə, Rusiyada müəyyən etaplarla öyrəndim. Çünki bunu konkret öyrədən yoxdur və öyrənmək də asan iş deyil. Çünki müalicədə hipnoz terapiyasının olması vacibdir. Şüuraltı mərkəz bizim məntiqimizə tabe deyil.  Vaginizm orqan xəstəliyi olmadığı üçün biz onu iynə-dərmanla müalicə edə bilmirik. Ginekoloq  xəstəni abdominal müayinə edir. Belə xəstələr qorxudan  vaginal müalicə olunmağa icazə vermirlər. Uzist həkim də xəstənin yaxınlarına bildirir ki, gəlnin uşaqlığında, yumurtalığında heç bir problem yoxdur.  Xəstənin yaxını da sual altında düşünür ki, bəs niyə o zaman cinsi birləşmə alınmır? Bu zaman həkimlər xəstəni mütləq güzgü müayinəsinə cəlb etməlidirlər. 

Vaginizm şüuraltı mərkəzin problemi olduğu üçün onunla da öz dilində danışmaq lazımdır.  Neyrolinqvistik proqramlama adlanan üsul var.  Hər xəstənin öz psixoloji durumunun dilində ona bəzi şeylər başa salınır. Nəticə 3-4 seans ərzində həmişə olduğu kimi uğurlu alınır”.

O qeyd edib ki, bu müddətdə çox sayda xəstəni müalicə edib: “Mənə müraciət edən xəstələrin ikisinə bu illər ərzində kömək edə bilməmişəm.  Səbəb birinin xarakteri ilə bağlı idi. İpə-sapa yatan xəstə deyildi. Ona vaginizm problemi olduğunu sübut etmək də mümkün deyildi.  O mənə heç bir şəkildə tabe olmadı. Biri də bəzi şərtlərdən  dolayı gələ bilmədi və mən ona kömək edə bilmədim. Çünki onda şizofreniya əlamətləri də var idi. O qardaşıyla gəlmişdi, başa saldım ki, xərc töküb müalicə etsək də nəticəsi olmayacaq. Çünki psixiatr yanına  getməlidir. 

Yanıma gələn xəstələrin valideynləri danışır ki, filankəsdə də belə bir problem olduğu üçün  onlar artıq boşanıblar. Belə söhbətləri çox eşidirəm. Bu öz-özünə sağalan bir şey də deyil. Bizim psixoloqlar ailə münaqişəsi problemlərini öyrəniblər. Qayınanalar deyir ki, sonsuzluğa görə neçə ildir ki, gəlnini müalicə edirlər. Başa  sala bilmirəm ki, heç bunlar cinsi əlaqə yaşaya bilmirlər. Necə uşaqları olsun?! 

Mən bu illər ərzində 18, 22 ilin vaginizm xəstələri ilə işləmişəm.  Rəqəmin böyüklüyünə  baxanda dəhşətə gələcəksiniz. Bu ailələr azərbaycanlı olub. Çox az kişi bu problemə dözə bilər. Mən onun həyat yoldaşı ilə danışdım. Dedim ki, bu qədər müddətdə necə dözə bilmisiniz? Dedi ki, mən elə tip insanam ki bilirdim ki, bir  gün bunun  müalicəsi çıxacaq. O günü  gözləyirdim. Bu çox dəhşətli məsələdir. Həmin xanım 3 günə düzəldi. İndi artıq bir oğlu da var. Bu illər ərzində onun ailəsində heç kim  məsələdən xəbərdar deyildi. 

Yanıma gələn xəstələr bu müddət ərzində neçə dəfə ginekoloqa, psixoloqa, psixiatra, falçının, mollanın yanına getdiklərini blanka yazırlar. Hətta qızlıq pərdəsini də çərtirlər. Amma bunu çərtən həkim bilməlidir ki, bu adam  cinsi əlaqə zamanı ayaqlarını  və bədənini sıxırsa burada problem vaginizmdir. Xəstələrim deyir ki, hər axşam üstümə təcili yardım gəlirdi. Artıq hamı bilirdi ki, biz nəyisə test etməyə çalışmışıq. Bu xəstələr məsələni gizlin saxlayırlar. Ona görə problemin həlli mümkün olmur.  Mən isə bir çox sosial şəbəkələr vasitəsilə  bu xəstəlik haqqında məlumat vermişəm. 

Bu müalicə üsulunun qiyməti Türkiyə ilə müqayisədə Azərbaycanda daha ucuzdur. Mən imkanı olmayan xəstələrə bunu doğrudan da pulsuz edirəm. Ömrümün axırına qədər də eləməyə hazıram. Müalicəni bitirdikdən sonra halallığını isə mütləq alıram. 

Vagizinmlə  bağlı Rusiyada, Gürcüstanda, Çexiyada, Qazaxıstanda, MDB ölkələrində yaşayan azərbaycanlılar və  başqa millətlər də  yanıma gəlirlər. Uşaqlıqdan keçirilən psixoloji travmalar millətindən asılı olmayaraq hər kəsdə bu halla nəticələnə bilir. Elə xəstə olmuşdu ki, 10 il evli olub, iki uşaq da dünyaya gətirib, ancaq hansısa psixoloji problemlərdən sonra onda vaginizm yaranmışdı. 

Bu üsul elədir ki, buna aylar sərf olunmur. Müraciət edən xanım 3-5 günə düzəlir. Bu ölkəmizin uğurudur".

Ali dərəcəli cərrah-mamaginekoloq Səbinə Mirzəyeva

Cərrah-mamaginekoloq Səbinə Mirzəyevanın sözlərinə görə, ölkəmizdə bu səbəbdən dolayı ailələr dağılır: “Çünki bu məsələdə  maariflənmə azdır. Bu xəstəliklə bağlı qızlarımızın özündə də kompleks var.  Vəziyyətin düzəlməsi üçün özlərinə vaxt verirlər.  

Vaginizm spontan olaraq əzələlərin sıxılması  nəticəsində əmələ gəlir. Bundan əvvəl də qızlarda ağrı qorxusu beyinlərinə  hakim olur.  İlk növbədə psixoloji olaraq vaginizmdən əziyyət çəkən xanımlarda ağrı fobiyasını aradan qaldırmaq lazımdır. Təbii ki burada müalicə metodu mexaniki  masajlardır. İlk növbədə  lazım gələrsə əzələləri boşlatmaq üçün  tətbiq olunan dərmanlardan istifadə edilə bilər. Bunun üçün xəstə əvvəlcə psixinevroloqdan konsultasiyadan keçməlidir. 

Bu problemlə bağlı bizə müraciət edən xəstələrin sayı yetərincədir. Peşəkar olaraq həm psixoloq, ginekoloq müailəcəyə başlasa çox  tez zamanda 1-2 həftəyə bu xəstəlikdən qurtulmaq olar. 

Bu xəstəlik mövcuddur və ondan əziyyət çəkən pasiyentlərin də sayı az deyil. Bu da xüsusilə  yeni ailə qurmuş gənc xanımlarda ilk gecənin qorxusu və ağrısıdır. Elə  xəstələr var ki, aylarla bu qorxu hissi ilə yaşayırlar. 

Bizdə xəstə potensialı Bakıdan olduğundan buradan müraciət edirlər. Bu xəstəliyin müalicəsi bahalı prosedur deyil.  Burada heç bir bahalı dərmandan və müayinələrdən istifadə olunmur. 2-3 seans psixoterapevt  seansı və ginekoloqun müalicəsi  altında iki həftə ərzində effekt əldə etmək olar. Mütləq  müalicə peşəkar psixonevroloqla bərabər getməlidir.  Hər psixonevroloqlar da bu sahəni bilmir. 

Psixoloji sarsıntısı olan ailələrin övladlarında biz bu xəstəliyə rast gəlirik. Bu psixoloji problem olduğuna görə altında mütləq hansısa psixoloji fakt var.  Beyində qalan o gizli fobiyanı götürmək lazımdır. Əgər maarifləndirmə aparırsınızsa, qızlar oturub həftələrlə , aylarla bunun öz başına həll olunmasını gözləməsinlər. Bu qorxu varsa öz-özünə keçib gedən məsələ deyil. 

Onu da qeyd edim ki, həmin qızların həyat yoldaşları da bu məsələdə səbirli olmalıdırlar. Bu problemi birlikdə aşmalıdırlar. Anlayışlı və səbrli olmalıdırlar. Çünki bu xəstəliyin müalicəsində partnyorun dəstəyi də az rol oynamır”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi