Azərbaycanda faizi haram sayan ilk islami bank yaranır

azerbaycanda-faizi-haram-sayan-ilk-islami-bank-yaranir
Oxunma sayı: 2715


“Qafqazinfo” xəbər verir ki, bu barədə fins.az-a bankın idarə heyətinin sədri Heydər İbrahimov bildirib.

Onun sözlərinə görə, "Kövsərbank" İslam bankçılığı qaydaları ilə fəaliyyət göstərmək niyyətindədir: "İslami qaydalara əsasən faiz haram sayıldığına görə əhalidən əmanətləri adi qaydada qəbul etməyəcəyik. Adamlar banka əmanəti investisiya kimi yatıracaqlar".

H.İbrahimovun sözlərinə görə, banka əmanət qoymaq istəyənlər onu ya bankın maliyyələşdirdiyi layihələrə investisiya kimi yatıracaqlar, ya da pul yatırmaqla bankın səhmdarı olacaqlar.

Virtualaz.org saytı xatırladır ki, "Kövsərbank"ın bank lisenziyası bir qədər əvvəl bərpa edilib. 2010-cu ildə bankın lisenziyası ümumi kapitala minimum tələblərin yerinə yetirilməməsinə, bank qanunvericiliyində yol verilən pozuntulara, həmçinin etibarlı və prudensial qaydada idarəetmənin və cari fəaliyyətin həyata keçməməsinə görə ləğv edilmişdi.

Amma 2013-cü ilin aprelində bank səhmdarının müraciəti əsasında Bakı Apelyasiya Məhkəməsi 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin "Kövsərbank" ASC-nin müflisləşməsi haqqında qətnaməsinin ləğv edilməsinə dair qərar çıxarıb. Bununla əlaqədar olaraq Azərbaycan Mərkəzi Bankı (AMB) "Kövsərbank"ın lisenziyasını aprelin 9-da bərpa etməli olub.