Azərbaycanda futbolçu oğurluğa görə tutuldu - Yenilənib

azerbaycanda-futbolcu-ogurluga-gore-tutuldu
Oxunma sayı: 4062

"Sumqayıt" klubunun futbolçusu Nicat Muxtarov saxlanılıb.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində oğurluq törətməsi səbəbindən yaxalanıb.

Belə ki, polis həmin ərazidə telefon xətləri oğurluğu ilə məşğul olan mütəşəkkil qrupun üzvlərini ələ keçirib. Tutulan dəstə üzvlərindən biri isə N.Muxtarovdur.

Dəstə üzvləri ötən gün səhər saatlarında yerli polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində tutulublar. Məlumat Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsindən də təsdiqlənib. Bölmədən "Report"a bildirilib ki, hazırda fakt üzrə istintaq aparılır.

"Sumqayıt" klubunun meneceri Ceyhun Sultanov isə hadisədən xəbərsiz olduğunu söyləyib. O, Muxtarovun bir neçə gündür məşqlərə qatılmadığını da əlavə edib: "Atası Asif Muxtarov bir neçə gün əvvəl zəng edib demişdi ki, oğlum xəstədir, ona görə məşqlərə gələ bilmir".

Qeyd edək ki, Nicat Muxtarov əvvəllər Zaqatalanın "Simurq", Bakının "Rəvan", eləcə də Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasında da forma geyinib. O, "Sumqayıt"a 2015-ci ilin yayında keçib.  

***

DİN fakftla bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 9-da və 15-də şəhər ərazisində telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelini kəsərək oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Nicat Muxtarov, Ümidvar Adıgözəlov, Aqşin Mehdiyev və əvvəllər məhkum olunmuş Nurlan Paşayev tutulublar.

Aparılan tədbirlərlə onların kabeli İnşaatçılar qəsəbə sakinləri Zaur Eyyubovun və Zaur İlyasovun işlədikləri metal qəbulu məntəqəsinə satmaları müəyyən edilib. Hər iki şəxs tutulub.