Azərbaycanda halal hotellərlə bağlı - Qaydalar

azerbaycanda-halal-hotellerle-bagli
Oxunma sayı: 3129

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Halal idarəetmə sistemi-Hotellər" adlı dövlət standartı layihəsi hazırlanıb.

“Qafqazinfo” xəbər verir ki, layihənin müəlliflərindən biri, Azərbaycan Turizm və Menecment Universitetinin Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərov Trend-ə bildirib ki, yeni standartlar halal turizm fəaliyyətlərindən biri olan halal xidmət göstərən mehmanxanalar başda olmaqla istirahət mərkəzləri, motellər və digər mehmanxana tipli obyektlər üçün "Halal İdarə Sistemi"ni əhatə edir.

R.Səfərovun sözlərinə görə, mehmanxana halal idarə etmə sisteminin işini qiymətləndirmə və monitorinq üçün qaydalar müəyyən etməli və onları tətbiq edilməlidir: "Mehmanxana halal idarəetmə siyasətinə uyğunsuzluqların səbəblərini aradan qaldırmaq və təkrarlanmasının qarşısını almaq üçün tədbirlər görməlidir".

R.Səfərov qeyd edib ki, layihədə halal xidmət verən mehmanxanalara ümumi tələblər qoyulub: "Bu tələblərə görə, halal xidmət göstərən mehmanxanalar müştərilərinə təqdimat zamanı verilən öhdəlikləri yerinə yetirilməlidirlər. Qonaqları aldatmağa yönələn hərəkətlər (reklamlar, kampaniyalar, qiymətlər, xidmətlər, fəaliyyətlər və s.) edilməməli, qonaqların dini həssaslıqlarına maksimum diqqət göstərilməli, sui-istifadə edilməməlidir. Bundan başqa, müştəri şikayətlərinin toplanması, yoxlanması, qiymətləndirilməsi və təmin edilməsinə yönəlmiş tədbirlər həyata keçirilməlidir. Xüsusilə islami həssaslıqlarla əlaqədar şikayətlərə sürətli baxılmalıdır".

Layihə müəllifi əlavə edib ki, mehmanxanalarda halal yemək və içkilərin hazırlanma və təqdim edilmə qaydaları AZS 294-2007-yə uyğun olmalıdır: "Sanitariya-gigiyena üzrə tələblərin gözlənilməsi üçün istifadə edilən kimyəvi maddələr və materiallar halal sahədə istifadəyə uyğun olmalıdır. Hamam, tualet və duşlarda olan sabun, şampun və s. təmizlik vəsaitləri TSE K 202 meyarlarında göstərilən şərtlərə cavab verməlidir".

Onun sözlərinə görə, mehmanxananın ümumi istifadə edilən kişi və qadın tualetlərində həm normal (Avropa tipli) unitaz, həm də döşəmə (şərq tipli) unitazı olmalı, tualetin kabin arası bölmələri döşəmədən başlayaraq boşluqsuz bağlı olmalıdır: "Kişi və qadın üzmə hovuzu ayrı olmalı, açıq və ya qapalı üzmə hovuzları yeganə olduqda kişi-qadın növbəsi müəyyən edilərək istifadə edilməlidir. Kişi və qadınlar üçün ayrıca yaradılmış hovuzlara gözlənilməz girişlərin qarşısını almaq məqsədi ilə tədbirlər görülməli, 6 yaşdan yuxarı uşaqlar barəsində həmcins ayrı-seçkiliyinə riayət edilməlidir".

R.Səfərov qeyd edib ki, məhrəm bölgələrdə (otaqlar, tualet, duş yeri, hovuzlar, hamam, masaj salonları, soyunma otaqları və s.) video və səs qeydi aparılmamalı, kişi və qadınlar üçün ayrıca müəyyən edilən sahələrdə həmcins işçilər xidmət etməli, qarşı cins işçilərin girişinin qarşısı alınmalıdır: "Kişi və qadınlar üçün bərbər, spa və masaj xidmətləri (əgər varsa) ayrı olmalı və ya xidmətlər fərqli zamanlarda yerinə yetirilməli, bu xidmətlər eyni cinsdən olan işçilər tərəfindən təqdim edilməlidir. İslami dəyərlərə uyğun xidmət verilməlidir. Əyləncə proqramlarında iştirak etmək üçün xaricdən gələn sənətçilərin İslam əxlaqına zidd hərəkət etməmələri mövzusunda lazımlı tədbirlər görülməlidir. Mehmanxanada olan vizual məlumatlar (reklam, afişa, baner və s.) İslam əxlaqına zidd olmamalıdır. Mehmanxanada ən az bir ədəd oxuma salonu olmalı və kitabxanasında olan dini kitablar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən tövsiyə edilmiş olmalıdır. "Qurani Kərim"in tərcüməsi və təfsiri kitabları kifayət qədər olmalıdır".

R.Səfərov əlavə edib ki, mehmanxanada foto xidməti göstərildiyi halda şəxslərin məhrəmiyyətinə hörmət edilməlidir: "Şəkillər ən gec 3 həftə sonra məhv edilməli, fərqli bir məqsəd üçün istifadə edilməməlidir. Ödənişli televiziya proqramlarında İslam əxlaqına zidd yayımlar olmamalıdır, internetlə təchiz edilən mehmanxanalarda ailə filtri (valideyn nəzarəti) tətbiq olunmalıdır. Mehmanxana işçilərinin geyimləri İslam əxlaqına zidd olmamalıdır".

R.Səfərov əlavə edib ki, layihəyə əsasən, standartın ilkin yoxlama müddəti 2022-ci il, dövrü yoxlama müddəti 5 ildir.