“Azərbaycanda heç bir ata qızının model olmasını istəmir”

azerbaycanda-hec-bir-ata-qizinin-model-olmasini-istemir
Oxunma sayı: 3429


- Modellik fəaliyyətinə necə başladınız?

- Modelliyə təsadüfən başladım. Türkiyəyə bir həftəlik istirahətə getmişdim. Orada modellərlə tanış oldum. Bir modelyər mənə Türkiyədə qalıb, modellik etməyi təklif etdi. Fotomodel olaraq işə başladım, daha sonra model olaraq dəfilələrə çıxdım.  Azərbaycanda  Kərim Abbasov, Günel Məhərrəmova ilə. “Yol” filminə çəkilmişdim. Daha sonra o filmin aqibəti necə oldu bilmədim. Beş ildir Türkiyədə model olaraq fəaliyyət göstərirəm. 

- Sizcə, Azərbaycanda modellik hansı səviyyədə inkişaf edib?

- Azərbaycanda bu sahəni izləmirəm. Yalandan fikir bildirə bilmərəm. Türkiyədə isə model olmaq çətindir. Çünki orada model çoxdur, cürbəcür qızlar, oğlanlar var. Azərbaycanda hər qız gedib manekenlik edə bilməz. Türkiyədə adi qarşılasalar da, Azərbaycanda heç bir ata-ana qızının model olmasını istəmir. Bizim mentalitet fərqlidir. 

- Ailəniz modellik arzunuzu necə qarşıladı?

-  Modelliyə başlayanda ailəmə demədim. Bir neçə ay gizli şəkildə Türkiyədə modellik etdim. Artıq televiziyaya çıxanda ailəmə dedim ki,  bu işlə məşğul olmağa başlamışam. Heç nə demədilər, tez-tez Türkiyəyə yanıma gəlib- gedirlər. Çevrəmi tanıyırlar, ona görə normal qarşılayırlar.

- Türkiyədə özünüzü aktrisa olaraq da sınamısınız?

- Kiçik obrazlarım olub. Sonuncu dəfə  “Beni böyle sev” serialında rol almışam.  Hazırda serial təklifləri olmasa da, aparıcılıq təklif ediblər. Bu haqda düşünürəm.

-  Ailə qurmaq haqda düşünmürsünüz?

- Şəxsi həyatımla bağlı heç nə danışmaq istəmirəm. Qapalı insanam. Mənim həyatımı kimlərinsə müzakirə etməyini istəmirəm. Özəl həyatım haqda ailəmin bilməyi kifayətdir. Bu cür söhbətlərlə gündəmə gəlmək istəmirəm. 

- Türkiyədə 5 ildir fəaliyyət göstərməyinizə baxmayaraq Azərbaycanda tanınmırsınız.

- Reklam arxası ilə qaçan insan deyiləm.  Türkiyədə böyük işlər görmüşəm, tanınmış modelyerlərlə çalışmışam, məşhur dəfilələrə çıxmışam. Bunları yaymaq istəmirəm. Gedib çörək pulumu qazanmışam. Həm də ailəmi fikirləşmişəm ki, birdən kimsə mənə artıq söz deyər, ailəm pis olar. Axırıncı dəfilədə qırmızı, tüldən olan paltarda dəfiləyə çıxdım.  Haqqımda  pis şeylər yazdılar.  İnsanlar fikirləşmir ki, mən orada Azərbaycanımı təmsil edirəm. Ona görə reklamdan çəkinirəm. Sadəlik etmişəm, səhv etmişəm bilirəm. Artıq işlərimin öz ölkəmdə də tanınmasını istəyirəm. 

-  Könül Əzizova necə insandır?

-  İnsan üçün özünü tanıtmaq ən çətin şeydir. Tərs, inadkar, kövrək, əsəbi insanam. Pis xasiyyətlərim də var. Dəyməyin mənə, dəyməyim sizə.

- Hər hansı plastik əməliyyat etdirmisiniz?

- Burun əməliyyatı keçirmişəm, uğursuz alınıb, ikinciyə risk etmirəm. Amma ikinci dəfə əməliyyat olunmaq istəyirəm.  Bu cür əməliyyatlara pis baxmıram. İnsanın ehtiyacı varsa, qədərində əməliyyat etdirə bilər. 

- Türkiyədəki tanınmış azərbaycanlılarla münasibətləriniz necədir?

- Qapalı insanam. İşimə gedib gəlirəm, salam-sağ ol edirəm. Dostlarım çox olsa da, gec-gec görüşürəm. Bu işi görən azərbaycanlılarla münasibətim yoxdur.

- Geyimlərinizdən danışaq. 

- Mənə paltar versinlər geyinim. Gündəlik idman stilində geyinirəm.  Daşlı-qaşlı geyimləri sevmirəm. Dəfilələrdə o qədər hündürdaban ayaqqabıda, bər-bəzəkli geyimdə oluram ki, bezirəm. Gündəlik həyatda sadə geyimlərə üstünlük verirəm. 

- Buradakı xanımların geyimləri sizi qane edirmi?

- Azərbaycandakı qızların geyimlərini müzakirə etmək həddim deyil, mən manekenəm.  Modelyerlər nə verir, onu da geyinirəm.  Buradakı xanımların geyimlərini bəyənmirəm. Xanımlar kəpənəkli, bər-bəzəkli, rəngarəng kapron  corablar geyinirlər. Kapron corab ya qara, ya da dəri rəngində olmalıdır. Başqa ölkələrdə üç il əvvəl geyinilən geyimlər Azərbaycanda indi geyinilir. Şou-biznes əhlindən danışmıram, onları görməmişəm. Söhbət yolda müşahidə etdiyim xanımlardan gedir. Sadə, səliqəli geyinmək mümkündür. Sport geyimlə qaşlı çanta götürürlər. Belə geyinmək olmaz. 

- Xanımlar geyim seçərkən nələrə diqqət etməlidir? Nə məsləhət görərsiniz?

- Məsləhətim xanımlara deyil, mağazalaradır.  Geyim satılan yerlərimiz dəyişməlidir. Eyni firmanın müxtəlif ölkələrdə geyim satan mağazaları var. Müqayisə edəndə görürsən ki, fərq çoxdur. Burada satılan paltarları xaricdə heç kim geyinmir. Türkiyədə satılan geyimlər burada satılsa, bizim xanımlar da gözəl geyinər.

- Formanızı necə qoruyursunuz?

- İdmanla məşğul olmuram, pəhriz saxlamıram. Arıqlıq ailədən gələn şeydir.  İdmanla sadəcə əsəbimi sakitləşdirmək və sağlam olmaq üçün məşğul oluram.

Könül