Azərbaycanda heç kim acından ölmür...

azerbaycanda-hec-kim-acindan-olmur
Oxunma sayı: 4380

Seymur Verdizadə

Sovet dövrünün məşhur lətifəsini eşitmisinizmi? Deyirlər ki, L.İ.Brejnev Sov. İKP MK-nın baş katibi olanda öz əyan-əşrəfi ilə birlikdə ABŞ-a səfər edir. Amerikada prezident Riçard Niksonla görüş zamanı iki ölkə rəhbəri arasında maraqlı dialoq baş verir. SSRİ ilə ABŞ arasındakı əlaqələr müzakirə olunduğu vaxt Brejnev qəfildən söhbəti dəyişib, amerikalı həmkarından onun ölkəsində insanların ayda nə qədər məvacib aldığını soruşur. Niksonun cavabı belə olur: “Bizdə orta aylıq əmək haqqı 3000 dollardır”.

Qoca kommunist aldığı cavabdan təəccüblənsə də, bunu gizlətməyi bacarır. O, soyuqqanlılığını qoruyaraq, daha bir sual verir: “Bir insanın normal yaşaması üçün ayda neçə dollar lazımdır?”

ABŞ prezidentinin cavabı özünü çox gözlətmir: “1500 dollar bir ay bəs edir”.

Brejnev bu dəfə soyuqqanlılığını qoruya bilmir: “Bəs, insanlar qalan pulu hara xərcləyirlər?”

Niksonun cavabı qısa olur: “Özləri bilərlər”.

Deyirlər ki, bu söhbətdən bir il sonra Nikson Moskvaya gəlir. Bu dəfə ABŞ prezidenti SSRİ-də orta aylıq əmək haqqının nə qədər olduğunu soruşur. Brejnev deyir ki, özünə əziyyət verən adam ayda 150 rubl qazana bilər.

Bir il əvvəlki dialoq yenə təkrarlanır. Bu dəfə Nikson soruşur: Bir insanın normal yaşaması üçün ayda neçə rubl lazımdır?”

Brejnev gülə-gülə deyir: “300 rubl olsa, bir ayı yola verə bilərlər”.

Niksonun qaşları çatılır: “Bəs, insanlar qalan pulu necə əldə edirlər?”

Brejnev halını pozmur: “Özləri bilərlər”.

Hazırda Azərbaycandakı vəziyyət sovet dövrünü xatırladır. İnsanlar gecə-gündüz çalışsalar da, ən yaxşı halda, onlara lazım olan pulun yarısını qazana bilirlər. Ortaya Brejnevlə Niksonun dialoqunda səslənən məşhur sual çıxır: insanlar qalan pulu necə əldə edirlər?

Nazirlər, komitə sədrləri, idarə və müəssisə rəhbərləri ilə işimiz yoxdur. Bu adamlar uzun illərdən bəri büdcə vəsaitlərini talan etdikləri üçün təkcə özlərinin deyil, nəvə-nəticələrinin də gələcəyini təmin edə biliblər. Orta və aşağı ranqlı məmurlar da dövlətin pulunu çırpışdırmaqla məşğuldurlar. Əgər belə olmasaydı, Dövlət Gömrük Komitəsində 107-ci postu tutan adam özünə 4 mərtəbəli villa inşa etdirə bilməzdi. 700-800 manat maaşla villa tikdirmək mümkün olsaydı, bizim də olardı.

Bu mövzuda məqalə hazırlayanda sadə insanların gün-güzəranı, dolanışığı ilə maraqlandım. Restoranda aşbaz işləyən Səfurə xala dedi ki, hər axşam evə gedəndə özü ilə ət, yağ, kartof, soğan aparır. Onun sözlərinə görə, rəhbərlik bunu bilsə də, üstünü vurmur: “Yoxsa, 400 manata görə kim səhərdən axşama kimi isti sobanın qabağında dayanar?”

Güc nazirliklərinin birində xadimə işləyən tanışım da balalarını oğurluq etməklə dolandırır. Dediyinə görə, hər axşam evə gedəndə özü ilə sabun, şampun, salfetka aparır: “Gətirdiklərimi satıb, çörəkpulu edirəm”.

Yaşıllaşdırma İdarəsində fəflə işləyən Əbdül dayı da oğurluq etdiyini danmır: “Gündüzlər əraziyə 200 gül əkirik. Hava qaralandan sonra 50-sini çıxarıb satıram”.

Hərənin öz qazanc yeri avr. Varlı adamların birinin evində qulluqçu işləyən Aybəniz xanım deyir ki, heç vaxt paltar almır: “Lazım olanda, xanımın köhnə paltarlarından birini oğurlayıb, toya-düyünə geyinirəm”.

P.S.Bu sətirləri klaviaturada döyəcləyəndə qapının zəngi çalındı. Bir neçə saniyə sonra uşaqlar başıalovlu geri qayıtdılar: “Ata, “pekarnı”da işləyən Gülgəz xaladır. Soruşur ki, çörək lazımdır?”

P.P.S.Siyavuş Novruzov düz deyir, Azərbaycanda heç kim acından ölmür. Hələ ki, çörək zavodundan çörək oğurlamaq mümkündür...