Azərbaycanda hər il neçə uşaq satılır?

azerbaycanda-her-il-nece-usaq-satilir
Oxunma sayı: 663

“Qafqazinfo”nun Femida.az-a istinadən məlumatına görə, tədbirin əhəmiyyətini vurğulayan AQUPDK sədrinin müavini Aynur Sofiyeva insan alverinin bu gün dünya ictimaiyyətini narahat edən bir məsələ olduğunu bildirib. O qeyd edib ki, bu problemə Azərbaycanda da təsadüf olunur: “Statistik rəqəmlərə görə, ölkədə il ərzində təxminən 4-5 uşaq alveri faktları qeydə alınır. Lakin bir faktın olması da bizi narahat edir”.

A. Sofiyeva bildirib ki, Azərbaycanda uşaq hüquqlarının qorunması və daha da təkmilləşdirilməsi üçün görülən işlər haqqında geniş hesabat hazırlanıb və BMT-nin Uşaq Hüquqları Komitəsinə təqdim edilib. Komitə həyata keçirilmiş işləri yüksək qiymətləndirib və Azərbaycana əlavə tövsiyələr verib: “Bu tövsiyələr əsasən bəzi qanunların təkmilləşdirilməsi ilə bağlıdır”.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin nümayəndəsi Fuad Əliyev deyib ki, bu məsələnin həll olunması üçün ilk növbədə uşaqların baxımsızlığına və kimsəsizliyinə şərait yaradan səbəblər aşkar edilməli, onların aradan qaldırılması istiqamətində konkret tədbirlər həyata keçirilməlidir.
Dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdikləri toplantıda mövzu ilə bağlı məruzələr dinlənilib, müzakirələr aparılıb.

Tədbirdə uşaqların insan alverinin qurbanı olmasının qarşısının alınması, reabilitasiyası və cəmiyyətə inteqrasiyası, qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflər səsləndirilib.