“Azərbaycanda hər yeddi qadından biri zorakılığa məruz qalır”

azerbaycanda-her-yeddi-qadindan-biri-zorakiliga-meruz-qalir
Oxunma sayı: 637

Layihə Azərbaycan Hüquqşünaslar Konfederasiyası (rəhbəri Əli Hüseynli) Aİ, BMT-nin Əhali Fondu və Beynəlxalq Miqrasiya Təşkilatının yardımı ilə həyata keçirilir.

İkiillik pilot layihənin gedişində Xaçmazda orada fəaliyyət göstərən sığınacağın bazasında Dəstək Mərkəzinin yaradılması planlaşdırılır.

Konfederasiyanın baş katibi Kəmalə Cəfərovanın sözlərinə görə, Azərbaycanda hər yeddi qadından biri məişət zorakılığına məruz qalır. 89 ölkədə olduğu kimi Azərbaycanda da “Məişət zorakılığına qarşı mübarizə haqqında” qanun qəbul edilib (2010-cu il).

Sözügedən layihə çərçivəsində treninqlər, maarifləndirici tədbirlər həyata keçiriləcək. Məişət zorakılığına məruz qalmış 30 qadın Dəstək Mərkəzində yerləşdiriləcək. Onlar peşə və biznes imkanlarının inkişafı üzrə treninqlər keçəcək. Sonradan onlara kiçik qarantlar veriləcək ki, bunun sayəsində maliyyə müstəqilliyi əldə etsinlər. Ümumilikdə, layihə 2 min qadını əhatə edəcək. Onların arasında qadınların hüquqları ilə bağlı maarifləndirmə işləri aparılacaq.

Qadınların 1%-i məişət zorakılığı ilə bağlı yardıma görə dövlət orqanlarına müraciət edir. Lakin bu yardım effektiv deyil. Həmin xidmətlərin əməkdaşları üçün ixtisas artırmaq məqsədilə treninqlər keçiriləcək.

Təqdimatda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Hicran Hüseynova, deputat Rəbiyət Aslanova, Avropa İttifaqının Bakıdakı missiyasının rəhbəri Rolan Kobia, həmçinin BMT İnkişaf Proqramının rezident-koordinatoru Antonius Broek iştirak edib.

Məişət zorakılığına qarşı mübarizənin vacibliyi, məişət zorakılığının bütün dünyada olması, hətta qanunların olduğu halda mübarizənin effektiv olmaması, prosesə ictimaiyyətin cəlb edilməsinin vacibliyi barədə fikirlər səslənib./contact.az/