Azərbaycanda hərbi xidmətə çağırışın şərtləri dəyişdirilə bilər

azerbaycanda-herbi-xidmete-cagirisin-sertleri-deyisdirile-biler
Oxunma sayı: 647

Bunu Trend-ə Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc deyib. bOnun sözlərinə görə, 12 illik orta təhsil sisteminə keçildikdə şagirdlər məktəbi 18 yaşında bitirəcəklər. “Deməli, xidmətə çağırışın şərtləri dəyişəcək. Bu halda ali məktəblərin üzərinə necə ağırlıq düşəcək, təhsil pillələri necə qurulacaq? Bu məsələlərlə bağlı qərar təbii ki, geniş xalq müzakirələrindən keçməli və daha sonra parlamentə təqdim olunmalıdır”, - millət vəkili bildirib.

O hesab edir ki, 12 illik təhsil sisteminə keçid yalnız bir nazirliyin, hökumət strukturunun qərarı ilə baş verməyəcək. Bu sistemə keçid böyük ictimai müzakirələr tələb edir.

“Faktiki indiki gerçəklikdə təhsil sferasında geniş islahatların aparılması təklif edilir. Bəzi hallarda ona gedilir. Amma buna adekvat olaraq, hərbi sistem necə olacaq? Bu məsələ bizim qarşımızda durur”, - Zahid Oruc əlavə edib.

O qeyd edib ki, ali məktəbin bakalavr pilləsini bitirib magistraturaya qəbul olmaq istəyənlərə, aspirantlara möhlət hüququ verilmir. Möhlət hüquq yalnız bir dəfə verilir. Bu halda da məsələnin necə tənzimlənəcəyinə aydınlıq gəlməlidir.

Bu məsələlərlə əlaqədar 12 illik təhsil sisteminə keçidin böyük ictimai müzakirələr tələb etməsi fikrində olan komitə üzvü bildirib ki, dünyada 12 illik orta təhsil müddəti model kimi qəbul olunub.

“Bu, inkar edilmir. Kembricin orta məktəb mərhələsində təhsil alanlar ali məktəbin birinci pilləsində təhsil alanlar kimi hesab edilirlər. Eyni unifikasiyanı bizim orta məktəblər üçün eyniləşdirə bilmərik. Onlar arasında xeyli fərq var. Məncə, ona görə də bir sıra hallarda Azərbaycanın təhsil sistemini Avropa modeli və Bolonya sisteminin tələbləri ilə uyğunlaşdırmaq istədiyimiz nəticəni verməyə bilər. Fikrimcə, bu, tədrici keçid tələb edən bir fenomendir. Çünki təhsil sözün həqiqi mənasında millətin gələcəyidir”, - millət vəkili bildirib.

Qeyd edək ki, hazırda layihə formasında olan Azərbaycanın Milli Təhsil Strategiyasında orta təhsil müddətinin 12 il olması təklif edilir.