Azərbaycanda “Hökumət Ödənişləri Portalı” yaradılır

azerbaycanda-hokumet-odenisleri-portali-yaradilir
Oxunma sayı: 846

Portalın yaradılmasında məqsəd vergi, rüsum, cərimə, icarə haqqı və digər büdcə ödənişlərinin Milli Ödəniş Sisteminin bütün ölkəni əhatə edən geniş infrastrukturu vasitəsilə toplanılması təmin edilməsidir.

Mərkəzi Bankdan “Qafqazinfo”ya verilən məlumata görə, layihənin ilkin mərhələsində Vergilər və Maliyyə nazirliklərinin aktiv iştirakı ilə bu qurumlar tərəfindən toplanması təmin edilən vergi və tədiyə növlərinin 90 iqtisadi təsnifat kodu üzrə ödənişlərinin “Hökumət Ödənişləri Portalı” vasitəsilə toplanması təmin edilib. Hal-hazırda mərkəzləşdirilmiş xəzinə hesabı ilə iş rejiminə keçmiş Bakı, Sumqayıt və Gəncə şəhərləri, həmçinin Abşeron və Xaçmaz rayonları üzrə vergi ödəyiciləri haqqında məlumat sistemin mərkəzi informasiya bazasına yüklənib.

İstifadəçilər üçün yaradılmış yeni imkan sayəsində ödənişlər qəbul edilərkən büdcə təsnifatının kodu, büdcə səviyyəsinin kodu və büdcə təşkilatının kodu kimi rekvizitlər avtomatik rejimdə sistem tərəfindən müəyyənləşdirilir və ödəniş tranzaksiyasına əlavə edilir. Bununla da ödənişlərin qəbul edilməsi prosesi sadələşdirilərək, baş verən səhvlərin sayının minimuma endirilməsi və ödəniş tranzaksiyalarının Dövlət Xəzinədarlığı Agentliyinin daxili informasiya sistemində avtomatik emalı təmin edilir.

Yaradılan imkan nəticəsində yuxarıda qeyd olunan regionlarda qeydiyyatdan keçən vergi ödəyiciləriləri 40 bankın və “Azərpoçt” MMC-nin 1200-ə yaxın ödəniş məntəqəsində, eyni zamanda KÖMİS-in internet səhifəsində (www.apus.az) və həmçinin Vergilər Nazirliyinin İnternet Vegi İdarəsi portalında ödəniş kartları vasitəsilə yuxarıda qeyd olunan vergi və tədiyə növləri üzrə ödənişlərini apara bilərlər.

Növbəti mərhələlərdə Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və digər hökumət qurumlarının daxili informasiya sistemləri “Hökumət Ödənişləri Portalı”na inteqrasiya olunacaq.



Nigar Məmmədli