Azərbaycanda insanların ömrü 1 il artıb

azerbaycanda-insanlarin-omru-1-il-artib
Oxunma sayı: 633

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, kollegiya iclasında çıxış edən nazirliyin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov deyib ki, son 10 il ərzində ölüm göstəricisi dinamik olaraq azalıb, doğum və bununla bərabər təbii artım göstəricisi yüksəlib. Bu göstəricilərə görə Azərbaycan Avropa ölkələri sırasında öndə gedir.

Şöbə müdiri bildirib ki, 2003-cü illə müqayisədə səhiyyə sisteminə dövlət büdcəsindən ayrılan vəsaitin həcmi 11 dəfə artıb. Bu artım əsasında 500-dək tibb müəssisəsi yaradılaraq və ya yeniləşdirilərək əhalinin istifadəsinə verilib. Stasionar tibb müəssisələrində istifadə olunan ən vacib dərman preparatlarının və tibbi ləvazimatların çeşidi 60-dan 166-ya çatdırılıb. Ambulator-poliklinika müəssisələrinə müraciətlər də 65 faiz çoxalıb.

Poladov deyib ki, keçirilən cərrahi əməliyyatların sayının xeyli artmasına baxmayaraq, əməliyyatlardan sonra ölüm hallarının sayı 2 dəfə azalıb. Şəkərli diabet xəstələrinin aşkar edilməsi işi yaxşılaşıb, qeydiyyata götürülən xəstələrin sayı 3,6 dəfədən çox artıb. Hazırda bu xəstələrin sayı 180 minə çatıb. Həmçinin görülən işlərin məntiqi nəticəsi olaraq şəkərli diabeti olan xəstələrin ölüm göstəricisi də enib.

Hazırda respublikada 27 mərkəzdə 2000-dən artıq böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkən şəxs hemodializ seansları alır və müvafiq dərman vasitələri ilə tam həcmdə təmin olunur.

Poladov deyib ki, respublikada körpə ölümü göstəricisi 2003-cü ildə 16,7 promilli idisə, 2012-ci ildə bu rəqəm 10,8-ə bərabər olub. Ana ölümü əmsalı 2003-cü illə müqayisədə 18,5-dən 2012-ci ildə 14,9-a enib.