Azərbaycanda internet azadlığının durumu müzakirə olundu

azerbaycanda-internet-azadliginin-durumu-muzakire-olundu
Oxunma sayı: 660

“Qafqazinfo”nun məlumatına görə, ölkədə internet sənayesinin durumu ilə bağlı müzakirələrin aparıldığı tədbirə internet texnologiyaları sahəsində ekspertlər, media nümayəndələri qatılıblar. Tədbirin keçirilməsinə Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi dəstək verib.

Tədbirdi çıxış edən MHİ-nin direktoru Rəşid Hacılı öncə hökumətin internet televiziyaların lisenziyalaşdrılması məsələsini davamlı gündəmə gətirməsindən narahatlığını ifadə edərək deyib ki, internetdə audio və video məzmun yayımlamağa lisenziya tələbi qoymaq cəhdlərinın hər hansı bəraətləndirici izahı yoxdur. Lisenziya tələbi internet vasitəsiylə yayılan ictimai önəmli məzmunun nəzarət altına alınmasına gətirib çıxaracaq. Bu gün İnternetdə yayılan məzmunun düzənlənməsiylə bağlı problemlər yox deyil və uyğun yanaşma və çözüm tələb edir. Azərbaycan içindən yayımlanan videoyayımların lisenziyalaşdırılması bu problemi həll edə bilməz. Bəzi müsbət irəliləyişlərin olmasına baxmayaraq ölkədə İnternet xidmətlərinin çatımlılığı və keyfiyyəti aşağı olaraq qalmaqdadır.
Rəşid Hacılı internet təminatının hər bir vətəndaşın haqqı olduğunu və bu haqqın təmin olunması üçün gərəkli addımların vacibliyini önə çəkib. “Bəzi Skandinav ölkələrində internetlə təminat insanlara hüquq kimi verilir. Vətəndaşlar malik olduqları hər bir hüquq kimi həm də internetlə təmin olunmaq haqlarına sahibdirlər.”

Hüquqşunas Ələsgər Məmmədli internet təminatını düzənləyən qanunlardan, onalrın çatışmazlıqlarından danışıb. O, Azərbaycanda internetin KİV hesab olunmasının qüsurlarını, internet provayderlərlə abunəçilər arasındakı münasibətləri tənzimləyən aktların nöqsanlarını qeyd edib.

İnternet texnologiyaları üzrə ekspertlərdən Yaşar Hacıyev Azərbaycanın qlobal internet şəbəkəsinə qoşulduğu illəri xatırladıb. “Biz çox istəyirdik, arzulayırdıq ki, ölkədə heç olmasa 4 faiz insanlar şəbəkəyə qoşulsunlar. 10 il ötdükdən sonra doğrudan da inkişaf oldu, bizim hədəflədiyimiz dairə daha böyük oldu. Ancaq problemlər, həm də çox ciddi problemlər var. İndi hökumət internetə qoşulmanın ölkə əhalisinin 60 faizini əhatə etdiyini deyir. Ola bilsin belədir, amma qoşulmanın böyük hissəsi dar zolaqlı internet şəbəkəsi vasitəsilə baş verir. Bu geridə qalmış şəbəkədir. Əsas daha sürətli, daha keyfiyyətli internet təminatı verən geniş zolaqlı şəbəkənin inkişafıdır. Bizdə bu şəbəkənin payı 15 faiz civarındadır. Bu göstirici geridə qalmış Avropa ölkələri ilə müqayisədə belə çox pis göstəricidir. Biz çalışıb heç olmasa Şərqi Avropa ölkələrinin səviyyəsinə çatmalıyıq”.

Digər ekspert Emin Hüseynzadə internetdə teleradio yayımlamağa lisenziya tələbi qoymaq cəhdləri barədə danışaraq vurğulayıb ki, lisenziyalaşdırma o qədər də asan, sadə iş deyil. Hələ hansı resursun internet tv sayıla biləcəyi belə bəlli deyil. Bizim internet tv kimi tanıdığımız resursların bir çoxu əslində internet tv deyil, internet tv-nin xüsusiyyətlərinə malik deyil.

“Kana13” internet televiziyasının rəhbəri Anar Orucov da internetdə audio və video məzmun yayımlamağa lisenziya tələbi qoymaq cəhdlərindən narahatlıqlarını dilə gətirib. “Əvvəllər internet teleradioların sayı çox az idi. İndi yarısı hökumətin nəzarətində olmaqla 4-5 internet televiziya var. Bu resurslar digərlərini də bu işə həvəsləndirir. Hökumət ənənəvi medianın deyə bilmədiklərini topluma çatdıran internet teleradiolardan narahatdır və bu üzdən internet üzərindən yayımın lisenziyalaşdırılmasını gündəmə gətirir”. A.Orucov deyib ki, mövzunu davamlı olaraq gündəmdə saxlamaq lazımdır. Ola bilsin ki, internet haqqında bəsit bilgisi olmayanlar bundan narahat olmasınlar, ancaq bu sahədə çalışanlar narahatlıqlarını ifadə etməli, hökuməti bundan çəkindirməyə çalışmalıdırlar.