Azərbaycanda istehlak qiymətləri 0,26 faiz artıb

azerbaycanda-istehlak-qiymetleri-026-faiz-artib
Oxunma sayı: 641

2011-ci ilin dekabrına nisbətdə bu ilin yanvar ayı ərzində paytaxt və regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsinə gəlincə, Bakıda qiymətlər 0,46 faiz, regionlarda 0,07 faiz artıb. O cümlədən ərzaq məhsulları Bakıda 1,43 faiz, regionlarda 0,20 faiz bahalaşıb, qeyri-ərzaq məhsulları Bakıda 1,48 faiz, regionlarda isə 0,26 faiz ucuzlaşıb. Xidmətlərin dəyəri ay ərzində Bakıda 0,36 faiz, regionlarda 0,11 faiz artıb. İlin ilk ayında ən çox taksi xidməti (20,39 faiz), alma(16,52 faiz), sümüklü qoyun əti (4,97 faiz), manna yarması (2,25 faiz) bahalaşıb. Ucuzlaşma isə göyərti (12,74 faiz), lumu (8,84 faiz) və digər məhsullarda qeydə alınıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə (12 ayda) ölkədə 10,41 faiz bahalaşma qeydə alınıb. Bu zaman Bakıda qiymətlər 13,66 faiz, regionlarda isə 7,21 faiz artıb. Qeyd olunan dövrdə ən yüksək inflyasiya yenə ərzaq məhsullarında(17,19 faiz) olub. Qeyri-ərzaq məhsullarında artım 0,85 faiz, xidmətlərdə isə 5,64 faiz təşkil edib.

İTM ekspertləri eyni zamanda 10 regionda qeydə alınan qiymətlər və Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında yanvar ayı üzrə minimum istehlak səbətinin dəyərini də hesablayıblar. Həmin hesablamalara əsasən, ay ərzində Azərbaycanda əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 169,42 manat, pensiyaçılar üçün 153,08 manat, 0-14 yaşlı uşaqlar üçünsə 212,24 manat təşkil edib. Ötən ay əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 105,21 manat, pensiyaçılar 95,01 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 120,84 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 38,73 manat, pensiyaçılar üçün 35,46 manat, 0-14 yaşlı uşaqlar üçün 73,30 manat, xidmət xərcləri isə müvafiq olaraq 25,48 manat, 22,61 manat və 17,73 manat təşkil edib.

Xatırladaq ki, “Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında” Qanun əsasında ölkədə 2012-ci il üçün yaşayış minimumu 108 manat, əmək qabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün 84 manat, uşaqlar üçün 87 manat məbləğində müəyyən edilib.”