Azərbaycanda kinoloji xidmət sahəsində 3 günlük turnir keçirilir - Fotolar

azerbaycanda-kinoloji-xidmet-sahesinde-3-gunluk-turnir-kecirilir
Oxunma sayı: 1918

Sentyabrın 20-də Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzində “MDB iştirakçı dövlətlərinin gömrük xidmətlərinin kinoloji strukturlarının çoxnövçülükdə birincilik üzrə 8-ci yarışları” başlayıb. 

“Qafqazinfo”nun məlumatına görə, yarışlarda Azərbaycanla yanaşı, Rusiya Federasiyası, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Belarus gömrük xidmətlərinin komandaları da iştirak edir.

Tədbirin açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev bildirib ki, gömrük orqanlarında son dövrlərdə aparılan islahatlar və modernləşdirmə siyasəti ölkəmizdə yerli istehsalın və ixrac potensialının stimullaşdırılmasında, daxili bazarın qorunmasında mühüm rol oynayıb.

Azərbaycan gömrük xidmətinin qaçaqmalçılıq faktlarının aşkar edilməsində mühüm rol oynayan  xidməti axtarış itlərinin yetişdirilməsinə xüsusi önəm verdiyini diqqətə çatdıran Əsgər Abdullayev, bu məqsədlə Kinoloji Mərkəzdə müasir standartlara uyğun infrastrukturun qurulduğunu və 2015-ci ildən Kinoloji Mərkəzin Ümumdünya Gömrük Təşkilatının regional mərkəzi statusu aldığını vurğulayıb

O da qeyd olunub ki, cari ilin 8 ayı ərzində kinoloqların və kinoloji xidmət itlərinin səmərəli fəaliyyəti nəticəsində xidməti axtarış itləri tərəfindən gömrük sərhədindən qaçaqmalcılıq yolu ilə keçirilməyə cəhd göstərilən 882 kq narkotik vasitə, 20 400 ədəd müxtəlif markalı tütün məmulatları aşkar edilib.

Rusiya Federasiyası Federal Gömrük Xidmətinin Kinoloji Mərkəzinin rəisi Vladimir Filipov təmsil etdiyi qurum adından Azərbaycan gömrük xidmətinə təşəkkürünü bildirib və turnirin yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, 3 gün davam edəcək yarışlar “Əl yüklərində narkotik vasitələrin axtarışı”, “Xidməti itlərin ümumi itaətetməsi”, “Narkotik vasitələrin yük avtomobillərində axtarışı”, “Narkotik vasitələrin minik avtomobillərində axtarışı”, “Narkotik vasitələrin otaq şəraitində axtarışı” nominasiyaları üzrə keçiriləcək.