Azərbaycanda məhbus ölümcül döyüldü

azerbaycanda-mehbus-olumcul-doyuldu
Oxunma sayı: 687

“Qafqazinfo” xəbər verir ki, bu barədə Hüquq və Azadlıqların Müdafiəsi İnstitutundan (HAMİ) daxil olan məlumatda bildirilir.
Məlumatda deyilir: “HAMİ-nin müraciətindən sonra Baş Prokurorluq tərəfindən ötən ilin 16 dekabrında 17 saylı cəzaçəkmə müəssisəndə ölən məhbus Pərviz Mikayılov barədə araşdırmaya başlanılıb. Lakin araşdırma ciddi qanun pozuntuları ilə müşahidə olunub.

Belə ki, həmin cəzaçəkmə müəssisəsində saxlanan məhbuslar ölüm faktı ilə əlaqədar dindirilib. Lakin onlara hədə-qorxu gəlinərək, Pərviz Mikayılovun intihar etdiyi və heç bir işgəncəyə məruz qoyulmadığını yazmağa məcbur ediblər.

Məhbuslardan biri – Süleymanov Elnur Yusif oğlu hədələrə baxmayaraq, Pərviz Mikayılovun işgəncə verməklə öldürüldüyünü bildirib. Bundan sonra cəzaçəkmə müəssisəsinin rəhbərliyi Süleymanovu ağır fiziki işgəncələrə məruz qoyaraq, ölümcül hala salıblar. Bundan başqa Süleymanov barədə bir neçə maddə ilə yenidən cinayət işi qaldırılıb. Məhbusu 17 saylı cəzaçəkmə müəssisəsindən Bakı İstintaq Təcridxanasına aparıblar”.

HAMİ ölkə ictimaiyyətinə müraciət edərək, Pərviz Mikayılovun ölümü, Elnur Süleymanovun isə həm döyülməsi həm də qanunsuzluqla üz-üzə qoyulmasına etiraz etməyə çağırıb: “Bununla bağlı prokurorluğa müraciət etməyə hazırlaşırıq. Lakin belə müraciətlərlə problemin həllinə nail olmaq mümkün deyil. Çünki qarşıda bütünlüklə kriminallaşmış bir idarəetmə sistemi dayanıb.

İnsanlar müdafiə olunacaqlarına ümid edərək, haqsızlığa qarşı çıxırlar. Problemlərin həllinə nail olmaq üçün bütün QHT-ləri diqqətli olmağa və laqeyd yanaşmamağa çağırırıq.
HAMİ könüllülük əsasında fəaliyyət göstərdiyindən maliyyə ehtiyatları çox məhduddur. Bu səbəbdən real dəstək nümayiş etdirməkdə çətinlik çəkirik. Lakin bu məqsədlə beynəlxalq təşkilatlardan xeyli miqdarda qrant almış QHT-lərin susması, məhbusların işgəncələrə məruz qoyulub öldürülməsinə göz yumması təəsüfdoğurucudur. Bütün hüquq müdafiəçilərini açıqlanan fakta ciddi yanaşmağa və real müdafiə təşkil etməyə səsləyirik”.