“Azərbaycanda minimum əmək haqqı niyə aşağıdır?”

azerbaycanda-minimum-emek-haqqi-niye-asagidir
Oxunma sayı: 2639

“Azərbaycanda təkcə büdcədən ayrılan vəsait hesabına ümumdaxili məhsulu 3 faizə qədər artırmaq olar. Necə olur ki, o qədər vəsait ayrılır, ancaq ümumi daxili məhsulun 2 faiz artırılması proqnozlaşdırılır və cəmi 0,8 faiz artım var. Deməli, vəsaitdən səmərəli şəkildə istifadə olunmur. Bunu başqa cür izah etmək mümkün deyil. Ona görə də hesab edirəm ki, bu istiqamətdə monitorinqlər aparılmalıdır”. 

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin komitələrinin gələn ilin dövlət büdcəsi ilə bağlı birgə iclasında deyib. Deputat bildirib ki, Azərbaycan büdcəsi və iqtisadiyyatının sosial blokla yetərincə əlaqəsi yoxdur: 

“Büdcədə artımlar var. Ancaq necə olur ki, Cənubi Qafqazın iqtisadiyyatın 3-də 2-ni təşkil edən Azərbaycanda minimum əmək haqqı başqalarından aşağıdır. Bu, heç bir məntiqə sığan bir şey deyil. Bu, Hesablama Palatasının rəyində də öz əksini tapıb. 
Azərbaycan vətəndaşlarının gəlirlərinin strukturu analiz olunmalıdır. Çünki büdcədə əmək haqqının payı çox aşağıdır. Neçə ildir ki, Azərbaycanda inflyasiyanın artım tempi əhalinin gəlirlərini üstələyir. İndiyə qədər əmək haqqının artımı inflyasiyanı kompensasiya etməyib. Bununla bağlı ciddi analizlər aparılmalıdır. Büdcə təşkilatlarında çalışanların maaşlarının artırılması istiqamətində gözə görünən, nəzərə çarpan addımlar atılmalıdır”.

Günel Türksoy