“Azərbaycanda Mübariz İbrahimovların sayı minlərlədir”

azerbaycanda-mubariz-ibrahimovlarin-sayi-minlerledir
Oxunma sayı: 2071


Milli MəclisinTəhlükəsizlik və Müdafiə məsələləri daimi komissiyasının üzvü, millət vəkili Adil Əliyevin “Qafqazinfo”ya müsahibəsi:

- Adil müəllim, 26 iyun Azərbaycan Silahlı Qüvvələri günüdür. Bu baxımdan ordumuzun keçdiyi yaxın tarixi necə dəyərləndirirsiniz?

- Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldiyi gündən ordu quruculuğuna xüsusi önəm verilir. Xatırlayın, ulu öndər hakimiyyəti çox çətin dönəmdə təhvil almışdı. Bir tərəfdən keçmiş hakimiyyətin cəbhə bölgəsində üzləşdiyi məğlubiyyətlər, düşmənin yeni həmlələri, digər tərəfdən içəridəki bəzi silahlı qüvvələrin çevriliş cəhdləri ölkəmizdəki durumu daha da ağırlaşdırırdı. Bir başqa siyasətçinin bu ağır vəziyyətdən uğurla çıxacağını, ölkəni xaosdan xilas edəcəyini söyləmək mümkün deyil. Belə vəziyyətdən yalnız ulu öndər çıxmağı bacarardı və bacardı da. Heydər Əliyev bilik, bacarıq və təcrübəsindən yararlanaraq qısa müddətdə silahlı qüvvələrdə  nizam-intizam yaratdı, müdafiə qabiliyyətimizi artırdı, heç kimə tabe olmayan silahlı birləşmələrin tərksilahına nail oldu, bu isə ölkə daxilində vacib olan sabitliyə yol açdı ki, normal şəraitdə ordu quruculuğunu inkişaf etdirmək mümkün oldu. 

- Həmin dövrdən təxminən 21 il keçib. Ordumuzun bugününü necə qiymətləndirirsiniz?

- Azərbaycanın güclü ordusu var. Bunu düşmən də etiraf edir. Azərbaycanın hərbi büdcəsi Ermənistanın büdcəsinin tamamından çoxdur. Bu faktı indi söyləmək asandır. Ancaq bu nəticəyə gəlib çıxmaq üçün Heydər Əliyev və ulu öndərin siyasətini davam etdirən möhtərəm prezident İlham Əliyev keşməkeşli yol qət ediblər. Regionda və beynəlxalq aləmdə heç də bütün dövlətlər Azərbaycanın böyük və güclü ordusundan məmnun deyillər. Bu gün Azərbaycan ordusu qarşısına qoyduğu istənilən hədəfə çatmaq qabiliyyətindədir. Azərbaycanın aldığı yeni və müasir silahlar, hərbi-sənaye kompleksinin sürətli inkişafı, o cümlədən Müdafiə Nazirliyinin şəxsi heyətinin peşəkarlığının artırılması istiqamətində aparılan islahatlar müsbət təsirini göstərir. Milli Məclisdə və üzvü olduğum təhlükəsizlik və müdafiə komitəsinin iclaslarında ardıcıl olaraq hərbçilərin iqtisadi və sosial problemlərinin həllinə diqqət yetirmişəm. Bu istiqamətdə də uğurlu çalışmalar var. Hərbçilərin maaşları, sosial müavinətləri daima artırılır, uzun müddət hərbdə olan insanlara evlər verilir. Azərbaycanda artıq peşəkar hərbçi olmaq vətəni qorumaq və dövlətin dəstəyini hiss etmək baxımından ən şərəfli peşələrdən birinə çevrilib.

- Azərbaycanın yeni müdafiə naziri Zakir Həsənovun fəaliyyəti barədə nə deyə bilərdiniz?

- Müdafiə naziri Zakir Həsənovun çevik fəaliyyətini diqqətlə izləyirəm. Yeni nazir qısa müddət ərzində cəbhə boyu bütün əraziləri şəxsən təftiş edib, Müdafiə Nazirliyinin daxilində gərəkli struktur dəyişiklikləri aparıb. Zakir Həsənov hərbi heyətin qidalanmasına və hərbçilər arasındakı münasibətlərin hərbi nazama uyğun formalaşması istiqamətində də lazımi təbdirlər görür. Çünki, əvvəlki illərdə bu sahələrdə müəyyən problemlərin olduğuna dair şikayətlər olurdu. Zakir Həsənovun qısa müddətdə Azərbaycana qonşu və marağı olan bütün ölkə və təşkilatları ziyarət etməsini də qeyd etmək yerinə düşər. Çünki, hamı bilməlidir ki, güclənən Azərbaycan ordusunun hədəfi yalnız torpaqlarımızın işğaldan azad edilməsinə və ölkəmizin ərazi bütövlüyünün qorunmasına yönəlib. Bizim heç kimin torpağında gözümüz yoxdur. Azərbaycan-NATO əməkdaşlığı da uğurla inkişaf edir. Bu, bizim üçün çox önəmli sahədir. Azərbaycan ordusu bütün parametrlərinə görə NATO ölkələrinin standartlarına yaxınlaşmalıdır. Bu sırada Türkiyə ordusu bizim üçün ən uğurlu örnəklərdən biridir.

- Ermənistanın siyasəti Dağlıq Qarabağ münaqişəsinin nə vaxtsa sülh yolu ilə həllinə zəmin yaradırmı?

- Torpaqlarımızın işğal altında saxlanılmasının Azərbaycanın ən böyük təhlükəsizlik problemi olduğu 2010-cu il iyunun 8-də Milli Məclisdə qəbul olunmuş Hərbi Doktrinada da qeyd olunub. 75 bənddən ibarət olan sənəddə Azərbaycanın yeganə düşməni kimi Ermənistanın adı vurğulanıb. Cənab prezident İlham Əliyev Azərbaycanın öz tarixi torpaqlarında ikinci erməni dövlətinin yaranmasına icazə verməyəcəyini dönə-dönə vurğulayır.  Ermənistan dövləti və xalqı anlamalıdır ki, qonşusunun torpaqlarının işğalı üzərində xoşbəxtliyini və ya arzu etdiyi inkişafı qura bilməz, necə ki, qura bilmir. Ermənistanın səfalət içində yaşamasının yeganə səbəbi Azərbaycan və Türkiyə ilə düşmənçiliyidir. Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul olunan bütün sənədlər Azərbaycanın xeyrinədir. Elə dövlət başçısı İlham Əliyevin AŞPA tribunasından etdiyi son çıxış da ona dəlalət edir ki, Azərbaycan status-kvonu qəbul etmir. Beynəlxalq təşkilatlar və həmsədr dövlətlər Ermənistanı düz yola gətirməlidirlər, gətirməsələr, son sözü biz deyəcəyik. Bu hüququ heç kim bizim əlimizdən almayıb və ala da bilməz. Bu mənada müdafiə naziri Zakir Həsənovun son müsahibəsindəki fikirlə razıyam ki, düşmənlə onun dilində danışmaq lazımdır.

- Sizcə, düşmən bizim onlarla danışdığımız dili anlayırmı?

- Biz düşmənin hər dəfə atəşkəsi pozması nəticəsində itki veririksə, buna cavab olaraq düşməni bundan ikiqat itkiyə məruz qoyuruq. Bununla düşmənə anladırıq ki, xoşluqla torpaqlarımızı azad etməsə, onları böyük itkilərə məruz qoyaraq torpaqlarımızı boşaltmağa məcbur edəcəyik. Buna bizim gücümüz də, daxil istəyimiz də var. Səngərdə düşmənlə üz-üzə dayanan hər bir gəncimiz savaşa atılmaq istəyir. Düşmən Mübariz İbrahimovun qəhrəmanlığından dərs götürməlidir. Azərbaycanda Mübariz İbrahimovun qəhrəmanlığını təkrar etmək istəyən gənclərin sayı minlərlədir.   

 - Adil müəllim, özünüz də tez-tez cəbhə bölgəsində olursunuz. Müşahidələriniz nədən xəbər verir? 

- Sizin də qeyd etdiyiniz kimi, cəbhə bölgəsinə tez-tez getməyə çalışıram. Səngərdə düşmənlə üz-üzə duran əsgərlərlə ünsiyyətdə oluram ki, onların əhval-ruhiyyəsini yaxından hiss edim. Sizə deyim ki, müşahidələrim onlarda dövlətə və xalqa güclü inam hissinin olduğunu göstərir. Üstəlik, ordumuzun hər gün maddi-texniki imkanlarının artmasının da canlı şahidiyəm. Bu, məni çox sevindirir və qürurlandırır. Əminliklə demək olar ki, əsgərlərimiz düşmənin hücumlarını dəf etməyə və onların hər cür təxribatlarının qarşısını almağa hazırdırlar. Ordumuz Ali Baş Komandan, Prezident İlham Əliyevin hücum əmri ilə qısa müddət ərzində Qarabağı azad edə biləcək səviyyədə güclüdür və düşmən ordusunu darmadağın etməyə qadirdir.