Azərbaycanda ödəniş sistemlərinin təşkili və inkişafı

azerbaycanda-odenis-sistemlerinin-teskili-ve-inkisafi-
Oxunma sayı: 1604

Bunun nəticəsində banklar arasında əvvəllər günlərlə və bəzən həftələrlə çəkən hesablaşmaların saniyələr ərzində başa çatdırılmasına, pul dövriyyəsinin sürətinin nəzərəçarpacaq dərəcədə artmasına, banklar tərəfindən likvidliyin daha çevik idarə olunmasına, böyük məbləğli və təcili ödənişlərin, kiçik həcmli, lakin daim təkrarlanan xırda ödənişlərin (əmək haqqı, sosial müdafiə ödənişləri, telefon, qaz, su, elektrik enerjisi üzrə kommunal ödənişlər və s.) elektron daşıyıcılar əsasında həyata keçirilməsinə, eyni zamanda xırda ödənişlərin əsas iştirakçıları olan kommunal xidməti müəssisə və təşkilatlarının, böyük sayda ödəniş əməliyyatlarının real vaxt rejimində (on-line) həyata keçirilməsinə imkan yaranıb.

Bu gün tam əminliklə söyləmək olar ki, artıq Azərbaycanda həm maliyyə sabitliyi göstəricilərinə, həm risk menecmenti təcrübəsinə, həm də xidmətlər spektrinə görə beynəlxalq standartlara tam uyğun olan bank sistemi formalaşıb. Bank xidmətləri bazarında azad və sağlam rəqabət mühiti təmin edilib.

Azərbaycanda elektron hesablaşma sistemlərinin istifadəyə verilməsi 2001-ci ilin əvvəllərinə təsadüf etsə də, lakin son 10 ildə ölkədə kart sahibləri arasında maariflənmə səviyyəsinin aşağı olması inkişaf etmiş ölkələrlə müqayisədə göstəricilərin aşağı olmasına səbəb olur. Mərkəzi Bankın Milli Ödəniş Sisteminin inkişafı və nəzarəti şöbəsinin rəhbəri Ramil Mahmudovun sözlərinə görə, bu gün respublikada 4,2 milyona yaxın ödəniş kartı sahibi var ki, bu da əmək qabiliyyətli əhalinin təxminən 70%-i deməkdir: “Lakin həmin şəxslər arasında sorğu keçirilərsə məlum olacaq ki, onların bir çoxu ödəniş kartının hesablaşmalarda istifadə edilməsi barədə ya çox az məlumatlıdır, ya da ümumiyyətlə bundan xəbəri yoxdur. Hətta bir çox kart sahibi hesab edir ki, POS-terminallarda ödəniş aparılarkən onlardan əlavə xidmət haqqı tutulacaq. Halbuki, öz bankının bankomatları vasitəsilə əmək haqqı və ya pensiyalar nağdlaşdırılarkən onlardan heç bir xidmət haqqı tutulmur. İlk növbədə, müştərinin bu “qorxu sindromu”nu aradan qaldırmaq, kart sahiblərinin bu ödəniş alətindən aktiv istifadəyə cəlb etmək məqsədilə banklar geniş təbliğat və təşviqat işləri aparmalıdır. Hesablaşmalarda ödəniş kartlarından zəif istifadə edilməsinin digər səbəbi isə odur ki, təsərrüfat subyektlərinin sahibləri vergidən yayınmaq üçün real dövriyyələrinin bir qismini gizlətməyə cəhd göstərir və bu məqsədlə POS-terminalları quraşdırmaqdan imtina edir və ya müxtəlif bəhanələrlə quraşdırılmış terminallardan istifadə etmir”.

Kart bazarının başağrısı

Bu gün kartlarla fırıldaqçılıq və dələduzluq halları kart bazarının inkişaf etdiyi bütün ölkələrin baş ağrısına çevrilib. Ekspertlər deyirlər ki, beynəlxalq praktikada ən çox rast gəlinən hallar kartların saxtalaşdırılması yolu ilə sonradan həmin kart hesabında olan vəsaitlərin bankomatlardan çıxarılması və ya kart sahibinin birbaşa identifikasiya edilməsinin çətin olduğu virtual ödənişlərdir. Belə halların qarşısını almaq üçün Visa və MasterCard beynəlxalq kart təşkilatları tərəfindən çip texnologiyalarına məcburi keçid üzrə tələblər müəyyən edilib ki, bir sıra ölkələrdə onlara ciddi riayət olunur.

İnformasiya texnologiyalarının və elektron ticarətin inkişafı ilə internet vasitəsilə reallaşan mal, iş və xidmətlərin sayı da son illərdə xeyli artıb. Artıq ölkədə kommunal xidmətlərin, internet provayderlərin, kabel televiziyası operatorlarının və s. xidmətlərinin ödənişini “on-line” aparmaq mümkündür. Əlbəttə, Azərbaycanda elektron ticarət inkişaf etmiş ölkələrlə müqayisədə daha yeni olmaqla son 2-3 il ərzində inkişaf etməyə başlayıb. Şübhəsiz ki, dələduzlar da yeni texnologiyalardan ciddi şəkildə faydalanırlar. Son 10 il ərzində ödəniş kartları üzrə fırıldaqçılıq hallarını təhlil etsək görərik ki, indi dələduzlar daha yüksək və zəif müdafiə olunan sahələrə diqqət yetirilər. Xüsusən də, ödəniş kartları sahəsində çip texnologiyalarının tətbiqi nəticəsində onların saxtalaşdırılmasının mürəkkəbləşdiyi bir şəraitdə virtual məkanda sonradan istifadə məqsədilə kartların rekvizitlərinin oğurlanması kimi dələduzluq hallarına rast gəlinir.


İqtisadçı-ekspert Samir Əliyev deyir ki, respublikada fırıldaqçılıq halları, əsasən, ayrı-ayrı şəxslərin, xüsusən yaşlı insanların etibarından sui-istifadə etməklə, onların kartları vasitəsilə bankomatdan nağd pulun çıxarılmasıdır: “Əslində, hər bir bank müştəriyə kartı və PİN zərfi təqdim edərkən ona əsas şərt kimi tapşırılır ki, heç bir halda onların ikisini bir yerdə saxlamasın və PİN şifrəni digər şəxslərə bildirməsin. Əgər hər hansı bir müştərinin PİN şifrəsi daxil edilərək onun kart hesabından vəsait çıxarılarsa, bu halda məsuliyyətin böyük hissəsi kart sahibinin boynuna düşür. Çünki PİN şifrə yalnız onun özü tərəfindən istifadə edilməlidir. Digər geniş yayılmış hal, başqalarının kart rekvizitlərindən istifadə etməklə internet üzərindən ödəniş aparılmasıdır”.

Təbii ki, kart bazarının canlanması dələduzların da bu sahəyə marağını artıracaq. Bank müştərilərinin gələcəkdə hər hansı maliyyə itkiləri ilə qarşılaşmaması üçün Mərkəzi Bank hər zaman banklara ciddi tələblər qoyur. Nağdsız ödəniş alətlərindən istifadə zamanı təhlükəsizliyin təmin edilməsi və bu sahədə normativ hüquqi bazanın təkmilləşdirilməsi Mərkəzi Bankın fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Artıq Mərkəzi Bank tərəfindən ödəniş kartları bazarı iştirakçıların hüquq və öhdəliklərini müəyyən edən “Ödəniş kartlarının emissiyası və istifadə qaydaları” hazırlanıb. Bu Qaydalara görə, emitent banklar kartlarla aparılmış şübhəli əməliyyatların aşkar edilərək vaxtında qarşısının alınması və bu tip əməliyyatlar üzrə risklərin effektiv idarə olunması məqsədilə müvafiq proqram-texniki kompleksə malik olmalıdır.

Eyni zamanda, kart infrastrukturunun əsasını təşkil edən kart prosessinq mərkəzlərinin fəaliyyətlərinə nəzarətin təşkil edilməsi məqsədilə 2009-cu ildə “Prosessinq təşkilatlarına icazələrin verilməsi və prosessinq fəaliyyətinə nəzarət qaydaları” qüvvəyə minib. Yaxın perspektivdə elektron bankçılıq, mobil bankçılıq, elektron ticarət, elektron pul və s. müasir bank xidmətləri və ödəniş alətləri sahəsində özündə beynəlxalq standartları əks etdirən qaydalar hazırlanacaq.

Yeri gəlmişkən, ötən ildən Mərkəzi Bankda Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi (KÖMİS) layihəsinin icrasına başlanılıb. Region ölkələri içərisində ilk dəfə Azərbaycanda həyata keçirilən bu sistemin yaradılması ilə Milli Ödəniş Sistemi infrastrukturunun resurslarından daha səmərəli və effektiv istifadə edilməsi, kommunal və digər kütləvi xidmətlər üzrə ödənişlərin yığım səviyyəsinin və şəffaflığın daha da artırılması və bu sahədə maliyyə dövriyyəsinin bank sisteminə cəlb edilməsi üçün əlverişli şərait yaradılıb. Eyni zamanda, ən müasir texnologiya və proqram təminatına əsaslanan bu sistemin istifadəyə verilməsi nəticəsində abonentlərə istənilən ödəniş xidməti nöqtələrində (bankların və “Azərpoçt” MMC-nin filial, şöbə, xidmət bölmələri, bankomatlar) kommunal xidməti borcları haqqında tam informasiya almaq və istənilən ödəniş mexanizmləri (nağd yolla, plastik kartlar, bank köçürmələri, “İnternet Banking”) vasitəsilə ödəniş aparmaq imkanı yaradılıb.

Qeyd edək ki, “Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin İnkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikasında ödəniş sistemlərinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam son illər ölkədə kart bazarının inkişafı istiqamətində geniş islahatların həyata keçirilməsinə təkan verib. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində Mərkəzi Bank tərəfindən yeni kart prosessinq mərkəzi yaradılıb və respublikada fəaliyyət göstərən kommersiya banklarının idarəçiliyinə və istifadəsinə verilib. Bu sahədə rəqabət mühitinin yaradılması ilə ölkədə fəaliyyət göstərən kart prosessinq mərkəzlərinin sayı 5-ə çatıb. Son beş il ərzində banklar tərəfindən dövriyyəyə buraxılmış ödəniş kartlarının sayı 8,5 dəfə artaraq 4,2 mln. ədədə, bankomatların sayı 4 dəfə artaraq 1900 ədədə, POS–terminalların sayı isə 10 dəfə artaraq 8000 ədədə çatıb.

Bundan əlavə, ölkə başçısı Daxili İşlər Nazirliyinə (DİN) inzibati xətalara görə cərimələrin və Dövlət Gömrük Komitəsinə (DGK) qanunvericiliklə müəyyən edilmiş bütün gömrük ödənişlərinin yalnız bank və ya plastik kart vasitəsilə ödənilməsini təmin etmələri tapşırılıb.

Nigar Məmmədli