Azərbaycanda ölmüş şəxslərə də faiz hesablanır - İttiham

azerbaycanda-olmus-sexslere-de-faiz-hesablanir-ittiham
Oxunma sayı: 967

Cəlilabad rayonu Qarazəncir kənd sakini Xankişiyev Raqib Hacıəli oğlu KredAqro Bank Olmayan Kredit Təşkilatının kredit siyasəti və prosedur qaydalarının tələbini bilə-bilə pozmasından şikayətçidir. R. Xankişiyev dövlət orqanlarına və “Qafqazinfo”ya ünvanladığı məktubda bildirib ki, KredAqro BOKT Cəlilabad filialının rəhbəri Şahin Cəbrayılov saxtakarlıq edərək kreditvermə planını doldurmaq məqsədi ilə çox vaxt kredit götürən müştərilərin maliyyə dövriyyəsini qəsdən şişirdərək onlara böyük məbləğdə kredit verir: “Bütün bu və digər faktlara, qanunsuz hərəkətlərə görə KredAqro BOKT-nın idarə heyətinin sədri Məcid Əsədov, cəmiyyətin Kredit Departamentinin rəhbəri Zaur Ömərov və təşkilatın Cəlilabad filialının müdiri Şahin Cəbrayılov bilavasitə məsuliyyət daşıyırlar. Cəmiyyətin filialından pul götürmüş və ölmüş bütün vətəndaşlara ardıcıl olaraq faiz və cərimələr hesablanır, sona qədər tələb edib pulu onun ailəsindən alırlar. Halbuki mülki qanunvericiliyin tələbinə görə kredit götürən tərəf vəfat etdikdə müqaviləyə xitam verilir və o hüquqi əsas daşımır”.

R. Xankişiyev onu da qeyd edib ki, 2012-ci ildə KredAqronun Cəlilabad filialında Məlikova Xuraman Məmmədağa qızının adına 3 min manat kredit verilməsi rəsmiləşsə də, həmin kredit müdir Şahin Cəbrayılova çatıb. Ş. Cəbrayılov çoxlu adamların adına onlardan xəbərsiz pullar sənədləşdirib götürüb: “Müştəri Məmmədov Telman Böyükxan oğluna 32 min dollar məbləğində kredit qanunsuz olaraq zor-xoş verilib. Həmin adam KredAqrodan 40 min dollar kredit götürmək istəyirdi, lakin köhnədən 6 min dollar borcu vardı. Vergi ödəyicisi kimi nə vergi orqanlarında, nə də sahibkar kimi Dövlət Sosial Müdafiə Fondunda qeydiyyata alınmayıb. Müştəri Təşkilatdan aldığı 32 min dolların hesabına Filiala olan 6 min dollar borcunu ödədi. KredAqro başqa banklara külli-miqdarda borcu olan adamlara borc verir. KredAqronun Cəlilabad filialının hüquq məsləhətçisi Qasımov Yusif məhz bu hallara etiraz etdiyi üçün işdən çıxarıldı”.

Şikayətçi sonda xahiş edib ki, KredAqro-nun cinayətkar əməlləri tam araşdırılsın və Mərkəzi Bankın bu sələmçi qeyri-bank təşkilatına verdiyi lisenziya ləğv olunsun.

Mövzu ilə bağlı KredAqro-nun da mövqeyini verməyə hazırıq.