“Azərbaycanda onlar haqqında hər şeyi bilirlər” - Kintana

azerbaycanda-onlar-haqqinda-her-seyi-bilirler
Oxunma sayı: 1354

“Qarabağ”ın ispaniyalı yarımmüdafiəçisi Dani Kintana ölkəsinin mətbuatına müsahibə verib. “Qafqazinfo”nun məlumatına görə, o, Çempionlar Liqasında “Atletiko”ya qarşı keçirəcəkləri matçdan danışıb:

- “Atletiko” ilə oyuna hazırsız?

- Çempionlar Liqası özü xüsusi turnirdir. Burda oynamaq böyük zövqdir. “Atletiko” dünyanın ən yaxşı komandalarından biridir. Bu matç mənim karyeramdakı digər oyunlardan fərqlidir. ÇL təcrübəsi özü də bizim üçün vacibdir. 

- Azərbaycan klublarının da bu turnirdə ilk iştirakıdır…

- Biz Avropa Liqasında oynadıq. Amma heç vaxt bir ispan komandasına qarşı çıxış etməmişik. Bu istədiyim bir şeydir. “Qarabağ”da oynayan ispanlar üçün maraqlıdır. Bundan əlavə biz ailəmin olduğu Madriddə oynayacağıq. Niyyətimiz bütün ölkə üçün yaxşı oyun nümayiş etdirməkdir. 

- “Atletiko”dan xal almaq şansınız var?

- Çempionlar Liqası oyunları atmosfer baxımından da fərqlənir. Stadion tam dolacaq və tərəfdarlarımız bizə maksimum dəstəyi verəcək. Belə əhəmiyyətli oyunlarda bu vacibdir. 

- Rəqibin xallara çox ehtiyacı var…

- Bizə qarşı oynayan hər üç komandanın xala ehtiyacı var. “Atletiko” isə daha çox ehtiyacı olandır və bizə qarşı xüsusi oynayacaq. Qətiyyətli görünməyə çalışacaqlar. 

- “Qarabağ”ın “Roma”ya qarşı göstərdiyi əzmkarlıq “Atletiko” ilə oyunda da görünə bilərmi?

- “Roma” ilə oyunda çox pis uduzduq. 90 dəqiqə onlara qarşı yaxşı çıxış etdik. Qol imkanları var idi. “Atletiko”ya qarşı da eyni oilacaq. Düzdür, çox çətin görünür. Lakin “Atletiko”nun xala ehtiyacı olduğundan narahat görünəcək və bu bizim işimizə yaraya bilər. Niyə də bunu etməyək? Müsbət nəticə üçün xəyallarımız var. 

- Madrid klubu Bakıda kifayət qədər tanınırmı?

- “Atletiko” Avropada hər yerdə tanındığı kimi Azərbaycanda da tanınır. Burada La Liqa xüsusi sevildiyi üçün televiziyada matçları izlənilir. Azərbaycanda “Atletiko” ilə bağlı hər şeyi bilirlər. Onlar Madrid klubunun gücünə və oyunçuların potensialına bələddirlər. Hamı bilir ki, “Atletiko” “Qarabağ”dan üstündür. Amma bizim oynamaq üçün böyük həvəsimiz var. Rəqib ÇL-də final oynadı və bunu bütün dünya bilir. “Atletiko” mənim üçün qrupun ən güclü komandasıdır.