Azərbaycanda qanunsuz fəaliyyət göstərən kabel televiziyalar var

azerbaycanda-qanunsuz-fealiyyet-gosteren-kabel-televiziyalar-var
Oxunma sayı: 665

Sumqayıtda qanunsuz fəaliyyət göstərən bir sıra kabel televiziyalarına qarşı tədbirlər görülüb. 

“Qafqazinfo” xəbər verir ki, bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

O qeyd edib ki, Sumqayıtda fəaliyyət göstərən bəzi qanunsuz kabel televiziyaları lisenziya alaraq qanuni fəaliyyətə başlayıb, bəziləri başqa qurumla birləşib, digərləri isə bağlanıb.

MTRŞ sədri bildirib ki, hazırda kabel televiziyalarının qanunsuz fəaliyyəti hazırda kütləvi hal alıb: "Sahibkarlar hər biri öz tikdikləri binada xüsusi cihaz quraşdıraraq bu qanunsuz fəaliyyətlə məşğul olurlar. Amma bunların hamısını müəyyənləşdirmək, bir-bir qapılara gedib soruşmaq o qədər də asan deyil".

N.Məhərrəmli deyib ki, "Kabel şəbəkəsi yayımı haqqında" qanun layihəsi qəbul olunduqdan sonra bu cür qanunsuz fəaliyyətlə məşğul olan şəxslərə qarşı ciddi tədbirlər görüləcək: "Bilirsiniz ki, "Kabel televiziyaları haqqında" qanun layihəsi Milli Məclisin Mədəniyyət komitəsində müzakirə olunub və həmin sənəd qəbul olunduqdan sonra qanunsuz kabel televiziyaları ilə bağlı tədbirlər sərtləşdiriləcək".

MTRŞ sədri əlavə edib ki, qanunsuz kabel televiziyaları ilə bağlı hüquq-mühafizə orqanlarına, Vergilər Nazirliyinə də müraciət edilib.

N.Məhərrəmli vurğulayıb ki, əhali də bu istiqamətdə diqqətli olmalı, kabel televiziyalarına qoşularkən onun qanuni olmasını tələb etməlidir.