Azərbaycanda qərarların qəbulunda gənclərin rolu artırılır

azerbaycanda-qerarlarin-qebulunda-genclerin-rolu-artirilir
Oxunma sayı: 678

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın “Qafqazinfo”ya verdiyi məlumata görə, sənədi nazirlik adından Gənclər və İdman Naziri Azad Rəhimov, BMTİP adından isə BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi, BMTİP-nin rezident nümayəndəsi Fikrət Akçura imzalayacaq.

Gerçəkləşəcək layihənin əsas məqsədi dövlət siyasətinin planlaşdırılması və nəticələrin əldə olunmasında gənclərin öz töhfəsini verməklə yanaşı, eyni zamanda qərarların qəbulu prosesində daha fəal iştiraklarını təmin etmək və onların gələcək liderlər və dövlət qulluqçuları kimi bacarıqlarını artırmaqdır.

Layihə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının irəli sürdüyü prioritetləri dəstəkləməklə gənclərin idarəetmədə və vətəndaş cəmiyyətinin inkişafında iştirakının artırılması məqsədinə xidmət edir.

Layihə dövlət proqramları və strategiyalarında gənclərə yönələn nəticələrin yerinə yetirilməsi üçün lazımi bilik və bacarıqları gənclərə çatdıracaq, dövlət qulluğuna daha çox gənci cəlb edəcək və beynəlxalq forumlarda iştirak etmək üçün gənclərin bacarıqlarını inkişaf etdirəcək.

İmzalanma mərasimi mart ayının 12-i saat 12.45-də BMT-nin Azərbaycandakı ofisində olacaq.

Nigar Məmmədli