Azərbaycanda şam qalmadı – “21 dekabr” təşvişi

azerbaycanda-sam-qalmadi-21-dekabr-tesvisi
Oxunma sayı: 669

Dekabrın 21-22-də Yer kürəsinin bir neçə günlük qaranlığa qərq olunacağı ilə bağlı yayılan şayiələr bir neçə xarici ölkə ilə yanaşı Azərbaycanda da insanlar tərəfindən böyük xofla qarşılanıb.

“Qafqazinfo” xəbər verir ki, artıq bir neçə gündür ki, bütün dünyada böyük səs-küyə səbəb olan “21 dekabr fəlakəti” ilə bağlı dedi-qodular bitmək bilmir. Milii Elmlər Akademiyasının Astrofizika İnsitutunun Şamaxıdakı rəsədxanasından bu xəbərin gülünc olduğu, insanların bu cür şayiələrə inanmaması məsləhət görülsə də qədim Maya təqviminə inanan insanlar iddia edir ki, həmin gün Yer kürəsi zülmətə qərq olacaq və beləliklə dünya məhv olacaq.

21 dekabra az müddət qaldığından insanlar arasında böyük panika, çaxnaşma yaranıb. Bir çox insan həmin günə hazırlıq məqsədilə özlərinə lazımi məhsulları alaraq özlərini “sığortalamış” hesab edirlər.

“Qafqazinfo” olaraq insanların “21 dekabr xofu”na necə tədarük gördüklərini müəyyənləşdirmək üçün şəhərin bir neçə kiçik və böyük super marketlərinə baş çəkdik. Daxil olduğumuz marketlərdən birinin satıcısı xəbərin yayıldığı günün səhəri insanların qorxu içində olduqlarını, yalnız həmin gün daha çox şam satıldığını söylədi.

Hər gün 70-80 şam alınır

Digər super marketin satıcısı isə onlarda şamın çox satıldığını, bazarlarının yaxşı getdiyini dedi: “Bura böyük marketdir və nəzərə alsaq ki, 4 kassa fəaliyyət göstərir deməli, şam alışı xeylidir. Gün ərzində yalnız mənim bölməmdə 70-80 şam alınır. Şamların qiyməti də fərqlidir. Tələbatın çoxu 60 qəpiklik şamlara, kibritlərə və bir də ki, peçenyelərədir”.

Alıcılar həmin günə hazırdır

Marketdə rastlaşdığım Nərgiz İsmayılova adlı alıcı 21 dekabra neçə gündür hazırlıq gördüyünü söylədi: “Ailədə 4 nəfərik. İki oğlum var. Balaca olduqlarından daha çox onlar üçün qorxub hazırlıq görürəm. Artıq 15 şam, 10 fərqli peçenyelər, konservlər almışam. Tədarüküm yalnız bu qədər olmayacaq. Yenə nələrsə alacağam”.

“Donuz qripi”, “quş qripi” və “21 dekabr qripi”

Cəmiyyətdə belə fikir də formalaşıb ki, bu da dünyada müəyyən güc sahiblərinin yaydığı növbəti uydurmalardan biridir. Əvvəllər necə ki “donuz qripi”, “quş qripi” xofu yaranmışdısa indi də “21 dekabr xofu” yaranıb. Ola bilsin ki, dünyanı idarə edənlər dekabrın 21-də hansısa bir ölkədə nəsə partlayış törətsinlər. Bu da tələfatsız olmadığından həmin gün tarixə “21 dekabr fəlakəti” kimi düşsün.

Bəzi savadsız insanları bu qorxudan xilas etmək üçün ölkə kanallarında bununla bağlı verilişlərin hazırlanması, debatlar təşkil edilməsi məqsədəuyğundur. Burda aiddiyyatı orqanların da üzərinə böyük məsuliyyət düşür.

“O sizlərə ancaq qəflətən gələr”

Sonda onu da qeyd edim ki, “Qurani-Kərim”də qiyamət günü haqqında heç bir məlumat verilmir: “Səndən saat (qiyamət günü) haqqında soruşsalar ki, nə vaxt qopacaq? De: “O, ancaq RƏBBimə məlumdur. (Qiyamətin) qopacağı vaxtı ALLAHdan başqa heç kəs bilə bilməz. Göylərdə və yerə bir kimsənin onu bilməsi çətindir. O sizlərə ancaq qəflətən gələr”.

Aynur