Azərbaycanda soyğunçuluq mövsümü başlayıb

azerbaycanda-soygunculuq-movsumu-baslayib
Oxunma sayı: 2687


“İşimlə bağlı Lənkəranda 4 ulduzlu hoteldə qalmışam. Amma xidmətlər nə rayonda, nə Bakıda hotellərin ulduzlarına uyğun gəlir. Lənkərandakı hotel lap pis vəziyyətdə idi. Səhər yeməyindən tutmuş hovuzuna kimi bir çox xidmətləri yox idi.  Orada bir gün üçün 50 manat ödədim”. Abbas ödədiyi pulla hoteldə təklif olunan xidmətlərin uyğunsuz olduğunu deyir. O, bu hotelin 4 ulduzlu yox, 2 ulduzlu, qiymətinin isə 50 manat yox, 30 manata uyğun gəldiyini deyir.

Abbas Türkiyədə qaldığı hotelləri bəyənib. Deyir ki, xidmətlər qoyulan qiymətlərə uyğun gəlir. “Türkiyədə çox hotellərdə qalmışam. Demək olar ki, 99 faizindən razı qalmışam. Təmizlik, xidmətlərin çoxu və qiymətlər qane edirdi”.

Ömər Karaaslan Türkiyə vətəndaşıdır. O, Naxçıvandakı hoteldə qalıb və xidmətlərindən razı olmayıb. “Qiymətlər baha idi, amma işçilər yaxşı davranırdılar. Otaq, əşyalar təmiz deyildi”.

60 manatdan ucuz istirahət yoxdur

Yay mövsümü ilə əlaqədar ölkədə yerləşən istirahət mərkəzləri, hotellər yeni qiymətlərini və xidmətlərini təklif ediblər. Bu, əsasən şəhərdən kənar, regionlarda yerləşən istirahət mərkəzləridir. Yay mövsümünü təbiətin əhatəsində, normal və lüks yerlərdə keçirmək istəyirsinizsə, bunlarin neçəyə başa gələcəyini bilməlisiniz.

Xızıda yerləşən “Cənnət Baği” Altıağac istirahət mərkəzində 2 nəfərin bir günlük istirahəti 70 manata başa gəlir. Bu qiymətlərə səhər yeməyi daxildir. 2 otaqlı ev üçün 90 manatınızdan keçməlisiniz. Burada idman zalı və əyləncə üçün bir neçə xidmət təklif edilir.

Xaçmazda yerləşən “Çoban bulaq” istirahət mərkəzindən öyrənirik ki, burada 1 günlük istirahət 60 və 80 manata təklif olunur. Mərkəzin nümayəndəsi deyir ki, qiymət fərqi otaqların genişliyinə görədir. Bu qiymətlərə yemək daxil deyil. Mərkəzin lüks otaqları 2 nəfər üçün 150 manat, 4 nəfər üçün 250 manatdır. Bu qiymətlərə səhər yeməyi daxildir.

Qax rayonunda yerləşən “El Resort” hoteli 5 ulduzludur. 1 nəfər üçün istirahət 80 manat, 4 nəfər üçün 200 manatdir. Bu qiymətlərə səhər yeməyi daxildir. Hotel bu qiymətlər qarşılığında fitness, kino zalı, tenis kortu təklif edir.

Şəkidə yerləşən “Narin Qala” istirahət mərkəzi 1 nəfər üçün səhər yeməyi də daxil olmaqla günə 70 manat alır. Iki nəfər 80 manatdır. Burada internet yoxdur. Tennis, blyard, uşaqlar üçün oyun sahəsi təklif edilir. 

Lənkəranda yerləşən “Palıdlı Sahil” istirahət mərkəzindən öyrənirik ki, burada 2 nəfər 60 manat ödəməklə bir gün istirahət edə bilər. Bu qiymətə səhər yeməyi daxil deyil. Əgər səhər yeməyi istəsəniz, bu 10 manata başa gələcək. Ailə 4 nəfərdən ibarətdirsə, bu istirahət üçün 150 manat ödəməlisiniz. Mərkəz voleybol, velosiped, internet, mini stadion təklif edir.

Nabranda yerləşən “Bulaq” Istirahət Mərkəzi 1 nəfər üçün 44 manat qarşılığında gün ərzində 3 dəfə yeməklə təmin edir. Ailə 4 nəfərdən ibarətdirsə, bu, 180 manata başa gələcək. Mərkəz hovuz, bilyard, tennis və disko klub təklif edir.

Orta əmək haqqı alan istirahəti çadırda keçirməlidir

Azərbaycan Turizm Institutunda “Turizm biznesinin təşkili və texnologiyasi” kafedrasının müdiri Bahadur Bilalov “Azadliq”a deyir ki, ölkədə istirahət bahadır. “Keyfiyyətlə xidmət uyğun gəlmir. Əvvəlki illəri müqayisə etsək, yavaş-yavaş müsbətə dəyişmə var. Xidmətin keyfiyyətində dəyişmə görünür. Nabranda gündə üç dəfə yemək daxil olmaqla adambaşı 20 manata yer verən istirahət mərkəzləri var. Bunlar aztəminatlı şəxslər üçün, konfortlu olmayan, amma gündəlik yeməyini təmin edən yerlərdir”.

B.Bilalov bölgələrdə yerləşən istirahət mərkəzlərinin gündəlik ən azi 60-70 manata başa gəldiyini və orta əmək haqqı alan şəxslərin bu istirahətlərdən kənarda qaldığını bildirir. O təklif edir ki, bu şəxslər kəndlərdə evləri icarəyə götürə və ya dəniz kənarinda çadırlar qurub orada gecələyə bilərlər. “Bizim insanların çox qəribə xüsusiyyəti var. Hər şeydən çox pul qazanmaq istəyirlər. Türkiyədə bayram olanda endirimlər olur, amma bizdə əksinədir. Azərbaycanda tələbat olduqca daha çox qiymət qaldırırlar. Bunun dəyişməsi üçün zaman lazımdır”.

Kafedra müdiri hesab edir ki, istirahət mərkəzlərinin sayı artdıqca qiymətlər düşür. “Görürlər ki, otaqları boş qalır, qiymətləri azaldırlar. Qiymətləri xərclərinə qədər endirdikdə görəcəklər ki, bundan aşağı hədd yoxdur və keyfiyyəti qaldıracaqlar. Bu, Türkiyədə də belə oldu, dünyada da belədir. Keçən il ölkədə 80-100 manata olan yerlər indi 60 manata təklif edilir. Bu, otaqların boş qalması hesabına baş verir”.

Nazirlik yoxlama aparır

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “Azadlıq”a bildirirlər ki, yay mövsümünün əvvəlində nazirliyin işçiləri rayondaki istirahət mərkəzlərində araşdırma aparırlar. “Xidmətin səviyyəsi, qidalanma və digər işlər yoxlanılır. Onlara tövsiyələr verilir, köməkliklər göstərilir. Əgər nöqsanlar aşkarlanarsa, aidiyyətı qurumlar qarşısında məsələ qaldırılır, ulduz verilibsə, geri alınır və lisenziyası varsa, onu ləğv edirik”.

Nazirlikdən bildirirlər ki, turizm sahəsində rəqabət artdıqca qiymətlər aşağı düşəcək. /Azadliq.info/