Azərbaycanda teleaparıcı qəzada öldü

azerbaycanda-teleaparici-qezada-oldu
Oxunma sayı: 4432


Zaqatala rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata əsasən, ölümlə nəticələnən ağır yol qəzası bu gecə saat 01:00 radələrində Zaqatala rayonu, Aşağı Tala kəndi ərazisində baş verib. Belə ki, 1980-ci il təvəllüdlü, Zaqatala şəhər sakini  Üzeyir Rəcəb oğlu Məmmədov idarə etdiyi «VAZ-2112» markalı, 22 BD 844 dövlət nömrə nişanlı avtomobillə rayonun Muğanlı kəndindən Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən avtomobilini idarəetməni itirərək yol kənarındakı dəmir maneəyə çırpıb. Baş vermiş qəza nəticəsində avtomobilin sürücüsü Ü.Məmmədov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

 Ü.Məmmədovun meyiti FHN-nin Zaqatala rayon YMH-nın yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə etməklə avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

 Qeyd edək ki, iki uşaq atası olan Ü.Məmmədov Zaqatala Xalq Teatrında aktyor  işləyib və Şəki şəhərində fəaliyyət göstərən regional «Kanal-S» televiziyasında «Regionun virtuozu» verilişinin aparıcısı olub. Faktla bağlı Zaqatala RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.