Azərbaycanda üçüncü serbiyalı...

azerbaycanda-ucuncu-serbiyali-
Oxunma sayı: 662

“Qafqazinfo”nun pfl.az-a istinadən verdiyi xəbərə görə, “Simurq”la ev oyununda debüt oyununa çıxan paytaxt təmsilçisinin çalışdırıcısına qədər 37 legioner mütəxəssis Azərbaycan çempionatında meydana komanda çıxarmışdı. Onların bəziləri baş məşqçi, bəziləri isə istefaya göndərilən çalışdırıcını əvəzləyicisi kimi iş başında olub. Bandoviç bu siyahıya 38-ci məşqçi kimi düşüb.

O, ölkəmizdə çalışan 3-cü serbiyalı oldu. Ona qədər AZAL hələ “Olimpik” adlandığı vaxt Peter Kurçubiçə tapşırılmışdı. “Masallı” isə 1 oyunluq da olsa oynayan məşqçi Miroslav Saviçin rəhbərliyi altında meydana çıxıb. Bu 3 serbiyalıdan başqa daha 15 ölkə təmsilçisi Azərbaycan çempionatında iş başında olub: Türkiyə - 9, Ukrayna – 7, Gürcüstan – 4, Almaniya – 3, Bosniya və Herseqovina - 2, Çexiya, Əlcəzair, İngiltərə, Latviya, Litva, Makedoniya, Moldova, Rumıniya, Rusiya, Xorvatiya – hərəsi 1.

Bandoviçə qədər 2 klub daha çox – hərəyə 5 əcnəbi baş məşqçiyə güvənmişdi. “Bakı”nın tarixində 6-cı əcnəbi olan serbiyalı komandasının bu göstəricidə rekordçu olmasına töhfə verdi. Paytaxtın eyniadlı təmsilçisində makedoniyalı Qyoko Hacıyevski, türkiyəlilər Bülent Korkmaz və Cüneyt Biçer, almaniyalı Vinfred Şafer, latviyalı Aleksandr Starkov çalışıb. Digər klublar isə əcnəbi məşqçi sayında “Bakı”dan geri qalır: “Bakı” - 6, “Xəzər Lənkəran” - 5, “İnter”, “Simurq” – hərəsi 4, “Gənclərbirliyi” , “Neftçi”, “Standard”, “Turan” – hərəsi 3, “Muğan”, AZAL, “Qəbələ” – hərəsi 2, “Karvan”, “Masallı”, “MKT-Araz”, “Qarabağ”, “Sumqayıt” – hərəsi 1.

Qeyd edək ki, 4 mütəxəssis – Kaxaber Sxadadze, Cüneyt Biçer, Rasim Kara, Qyoko Hacıyevski Premyer Liqada 2 klubda çalışıb.