Azərbaycanda vəhhabiliyin yayılma səbəbləri açıqlandı - - Dövlət Komitəsi

azerbaycanda-vehhabiliyin-yayilma-sebebleri-aciqlandi-
Oxunma sayı: 5410



Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun “Qafqazinfo”ya müsahibəsi


- Son günlər radikal qruplar haqqında mətbuatda məlumatlar yayılmaqdadır. Siz ümumilikdə vəziyyəti necə qiymətləndiririsiniz?

- İstənilən halda radikallıq qəbuledilməzdir. Düzdü, bəzi qruplar radikallıqdan uzaq olduqlarını bildirirlər. Amma bu da həqiqətdir ki, təkfirçi düşüncəsi özü-özlüyündə tam təhlükə yaratmasa da, radikallığa zəmin formalaşdıran amillərdən biridir. Yəni, bu düşüncə sahibləri bu gün radikal olmaya bilər, ancaq təcrübə göstərir ki, zaman keçdikcə onların əksəriyyəti radikallığa doğru gedir. Bu baxımdan onlara qarşı mübarizə labüddür.

- Bəs insanların bu cür radikal qruplara qoşulmasına səbəb nədir?

- Dövlət Komitəsi tərəfindən aparılan araşdırmalar göstərir ki, bu qruplara qoşulanların əksəriyyəti daha çox İslam maarifindən xəbərsiz insanlardır. Yaxud da dinə meyli olan, ancaq din barədə lazımınca bilgi əldə edə bilməyən gənclərdir. Bu cür insanlar daha tez radikalların toruna düşür. 

- Deməli, yetərincə maarifləndirmə yoxdur?

- Qarşıya qoyulmuş məqsədlərə çatmaq baxımından ən vacib amillərdən biri radikal və zərərli dini qruplara qarşı mübarizədə sağlam mövqe nümayiş etdirən din xadimlərinin və nüfuzlu ilahiyyatçıların bu istiqamətdə fəaliyyətlərinin düzgün qurulması və təşkil olunmasıdır. Xüsusən də bölgələrdə İslamın təbliği sahəsində bir sıra boşluqlar mövcuddur. Ənənəvi olaraq ya məscidlərdə təbliğat yetərincə deyil, ya da həmin təbliğatı aparan din xadimlərinin yüksək savadı yoxdur. Odur ki, bu sahədə ciddi problemlər yaranır.

- Ruhanilərin savadlarının yetərincə olmaması nədən qaynaqlanır?

- Burda dini təhsillə yanaşı, digər amillər də müəyyən qədər rol oynayır. Məsələn, din xadimlərinin sosial təminatı ilə bağlı problemlərin hələ də qalması, onların hamısının məvacib ala bilməməsi, bəzən məvacibin gecikməsi və s. Bu amillər onların gündəlik təlabatlarını ödəmək üçün başqa işlərlə məşğul olmalarına səbəb yaradır. Nəticədə sosial problemlər onlarların yetərincə bilgilərini artırmasına mane olur. 

- Radikalizm, xüsusən də vətəndaşlarımızın Suriyaya getməsi ilə bağlı dövlət qurumlarından sonra QMİ də bəyanat verdi. Necə düşünürsünüz bu, vəziyyətin qarşısının alınmasında nə qədər rol oynayacaq?

- Əlbəttə, Dövlət Komitəsi, o cümlədən QMİ tərəfindən məsələyə münasibət bildirilməsi təqdirəlayiq haldır. Amma düşünürəm ki, sadəcə bəyanatla kifayətlənmək olmaz. Bunun üçün bəyanatdan başqa əməli fəaliyyət əsas mühüm rol oynayır.

- Bəs Dövlət Komitəsi olaraq bu problemin aradan qaldırılması üçün hər hansı əməli fəaliyyət həyata keçirirmi?

- Dövlət Komitəsi radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması, dini maarifçilik işinin düzgün metodlarla təşkili, gücləndirilməsi və genişləndirilməsi, milli-mənəvi dəyərlərin, ölkədəki tolerantlıq mühitinin qorunub-saxlanılması, eləcə də dövlət-din münasibətlərini tənzimləyən milli qanunvericilik bazasının geniş və əhatəli şərhi məqsədilə ötən il bütün bölgələrdə regional konfranslar keçirdi. Burada din xadimləri, ilahiyyatçılar, dindarların iştirakı ilə bir sıra məsələlər müzakirə olundu, o cümlədən radikalizmlə mübarizə bu tədbirlərin əsas xətti idi. 

Eyni zamanda, ötən ilin sonuncu rübündən başlayaraq Dini Araşdırmalar Mərkəzi ilə birgə istiqamətləndirici təlim kursları təşkil edilir. Kurslar əvvəlcədən hazırlanmış qrafikə əsasən indiyədək Bakı, Şirvan və Şimal-Qərb bölgələrində keçirilmişdir. Bu günə qədər keçirilən kurslarda 150-dən çox imam və axund iştirak edib. QMİ-nin iştirakı ilə cəlb olunmuş imam və axudlar üçün təlim kursları daha çox tədris xarakterlidir. Həmçinin, bu kurslar onlar üçün pozitiv istiqamətdir. 

Dini maarifçilik işinin kəmiyyət və keyfiyyət baxımından artıq yeni mərhələdə, cəmiyyətin və müasir dövrün tələblərinə uyğun aparılması zəruridir. Cəmiyyətdə maarifçilik işini aparan din xadimlərinin və bu sahədə fəaliyyət göstərən mütəxəssislərin müxtəlif istiqamətli kurslara cəlb olunması bundan sonra da davam etdiriləcəkdir.