Azərbaycanda yoxsulluğun göstəricisi açıqlandı

azerbaycanda-yoxsullugun-gostericisi-aciqlandi
Oxunma sayı: 667

Nazir bildirib ki, əvvəlki illərdə olduğu kimi, 2012-ci ildə də qlobal iqtisadi böhran şəraitində Azərbaycan iqtisadiyyatı mənfi xarici iqtisadi təsirlərə dayanıqlılıq nümayiş etdirib, iqtisadi artımın davamlılığı təmin edilib:

“2011-ci ildən başlayaraq ötən ildə də ümumi daxili məhsulun artımı strateji məqsədlərə uyğun olaraq, tamamilə qeyri-neft sektorunun hesabına formalaşıb və 2,2 faiz olub. Qeyri-neft sektoru üzrə artım 9,7 faiz təşkil etməklə, ümumi daxili məhsulda payı artaraq 52,7 faizə çatıb.

İnformasiya və rabitə xidmətləri 15,9 faiz, nəqliyyatda yük daşımalar 3,5 faiz, o cümlədən qeyri-neft yükdaşımaları 7,5 faiz, pərakəndə ticarət dövriyyəsi 9,6 faiz artmışdır. İnflyasiya 1,1 faiz təşkil edib.
On bir ay ərzində 152 ölkə ilə xarici ticarət dövriyyəsi 39,5 milyard ABŞ dolları, xarici ticarət saldosu isə müsbət 22,6 milyard dollar təşkil edib, qeyri-neft ixracı 11,2 faiz artıb, strateji valyuta ehtiyatları 46 milyard dollar olub. Bu da xarici dövlət borcundan təxminən 10 dəfə çoxdur.

Dövlət büdcəsinin gəlirləri 17,3 milyard manat və ya 101,4 faiz icra olunub, bu da əvvəlki illə müqayisədə 10,1 faiz çox, xərcləri isə 17,0 milyard manat və ya 96,2 faiz icra edilsə də, əvvəlki illə müqayisədə 10,4 faiz çox olub.

Ölkə iqtisadiyyatına yönəldilmiş investisiyaların həcmi 22.1 milyard ABŞ dolları olub, bundan 13.3 milyard daxili, 8.8 milyard isə xarici investisiya təşkil edib.

Nazir həmçinin, qeyri-neft sektorunun davamlı inkişafı istiqamətində aparılan sənayeləşmə siyasəti nəticəsində qeyri-neft sənayesində 7,8 faiz illik artıma nail olunduğunu qeyd edib:

“Ötən il ərzində Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodları, Gəncədə alüminium, Naxçıvan və Qaradağda sement zavodları, bərk məişət tullantılarının çeşidlənməsi və yandırılması zavodları da daxil olmaqla, 100-dək sənaye müəssisəsinin istifadəyə verilməsi, 90-dan artıq sənaye müəssisəsinin inşasının davam etdirilməsi qeyri-neft sektorunun inkişafında mühüm rol oynayır.

Ölkədə elektrik enerjisi istehsalı 6,9 faiz artıb, elektrik verilişi xətlərinin çəkilişi davam etdirilib, yaşayış məntəqələrinə qaz xətlərinin çəkilişi və ya əsaslı təmiri aparılıb, alternativ və bərpa olunan enerji ilə təminat sahəsində “Azgüntex” günəş panelləri, “Füzuli” və “Qusar-1” su elektrik stansiyaları istifadəyə verilib.

Ötən il 18 layihə üzrə işlərə başlanılıb və cari ildə bu işlərin tam başa çatdırılması nəzərdə tutulub. Bunun nəticəsində 634 kilometr kənd yollarının və 42 körpünün təmir-tikintisi başa çatdırılacaqdır ki, bu da respublikanın 18 rayonunun 450 min nəfər əhalisi olan 400 yaşayış məntəqəsini birləşdirir.

Bununla yanaşı, 61 şəhər və rayon mərkəzində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri həyata keçirilir və cari ildə bu layihələrdən bir neçəsinin başa çatdırılması nəzərdə tutulur.

Bütövlükdə, ötən il ərzində regionlarda 410-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlayıb, 400-dən çox müəssisəsinin isə tikintisi davam etdirilir.

Ölkədə insan kapitalının inkişafı, əhalinin keyfiyyətli tibbi xidmətlə təmin olunması və digər sosial sahələr üzrə işlər diqqət mərkəzində saxlanılmış, il ərzində 268 məktəb, 62 bağça, 40 səhiyyə, 27 idman, 29 mədəniyyət və digər sosial obyekt tikilib və ya əsaslı təmir olunub. Hazırda 420-dən çox sosial obyektin təmir-tikintisi davam etdirilir.

Cənab Prezident, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurlu icrası Bakı qəsəbələrinin inkişafını sürətləndirmiş, əhalinin həyat səviyyəsi daha da yüksəlib.

Qaz, su, kanalizasiya, enerji təminatı sahəsində mühüm işlər görülmüş, yaşayış binaları və istifadəyə verilmiş sosial obyektlərin istilik sistemi yenidən qurulub, qəsəbələrarası yollar təmir olunub, rayon və qəsəbədaxili yollara asfalt örtüyü salınıb.

Proqram çərçivəsində 134 məktəb və 71 uşaq bağçası, 27 səhiyyə, 9 mədəniyyət və idman obyektində tikinti və əsaslı təmir işləri başa çatdırılıb, hazırda 85 sosial obyektin təmir-tikintisi isə davam etdirilir.

Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının icrası davam etdirilib, hesabat dövründə kənd təsərrüfatı sahəsində 5,8 faiz artıma nail olunub, bu sektora güzəştli kreditlərin, vergi güzəştlərinin, subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi və digər dövlət dəstəyi tədbirləri davam etdirilib.

Möhtərəm cənab Prezident! Müəyyən etdiyiniz siyasətə uyğun olaraq sahibkarlığın inkişafı daim diqqətdə saxlanılıb.
İqtisadi İnkişaf Nazirliyi tərəfindən sahibkarlara göstərilən xidmətlər tamamən elektronlaşdırılıb, o cümlədən lisenziya və sertifikatların verilməsi və bu xidmətlərə görə dövlət rüsumlarının və haqların on-line rejimində elektron qaydada ödənilməsi təmin edilib.

Ötən ildən başlayaraq Vergilər Nazirliyi tərəfindən fərdi sahibkarlarla yanaşı, hüquqi şəxslərin də qeydiyyatı elektron qaydada həyata keçirilir. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən fiziki şəxslərin gəlir vergisi üzrə vergi dərəcələri azaldılıb, sənaye və texnologiyalar parklarına vergi güzəştləri nəzərdə tutulub.

Sahibkarlığın maliyyə təminatı yaxşılaşmış, güzəştli kreditlərin həcmi artıb. Ötən il Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2400 sahibkara 218 milyon manat güzəştli kredit verilib ki, bunun da 128 milyon manatı və ya təqribən 60 faizi qaytarılan vəsaitlər hesabınadır. Kreditlərin 68 faizi aqrar sektorun, 32 faizi isə sənaye və turizmin inkişafına ayrılmışdır. Bu kreditlər hesabına 9100-dək yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Bakı və onun qəsəbələri üzrə müvafiq proqramın qəbulundan ötən dövr ərzində 400 investisiya layihəsinin maliyyələşdirilməsinə 72 milyon manat güzəştli kredit verilib.

Azərbaycan İnvestisiya Şirkətinin iştirakı ilə ötən il ərzində Hövsanda süd emalı zavodu, “Holcim-Azərbaycan” yeni sement zavodu və Ağstafa Aqroservis müəssisəsi fəaliyyətə başlayıb. Səngəçal neft və qaz terminalının və duz istehsalı zavodunun uğurlu fəaliyyətləri nəzərə alınaraq şirkət öz sərmayə payını digər tərəfdaşlara satmaqla bu layihələrdə missiyasını başa çatdırıb.

Möhtərəm cənab Prezident! Əldə edilmiş davamlı iqtisadi inkişaf əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasına şərait yaradıb, ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin gəlirləri 13,8 faiz artıb, əhali gəlirlərinin artımı inflyasiyanı təxminən 13 faiz bəndi üstələyib. Yoxsulluq 6 faiz, işsizlik 5,2 faiz olmuş, 117 min yeni iş yeri açılıb. Ötən il ərzində orta aylıq əmək haqqı 9,1 faiz artaraq, 391,4 manat təşkil etmiş, əhalinin banklardakı əmanətləri 24,4 faiz artmışdır. Əmanətlərə görə faiz gəlirlərinin vergidən azadolma müddəti uzadılıb ki, bu da onların sərəncamında qalan vəsaitləri artıracaqdır.

Möhtərəm cənab Prezident! Qazanılan sosial-iqtisadi nailiyyətlər nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında da öz əksini tapıb, “Doing Business-2013” hesabatında mövqeyimiz yaxşılaşıb. Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan dünyanın 50 ən rəqabətqabiliyyətli iqtisadiyyatları qrupuna daxil olmuş və son üç ildə olduğu kimi, MDB ölkələri arasında birincilik mövqeyini saxlayıb.

Tərəfinizdən təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəyyən etdiyiniz hədəflər bir daha göstərir ki, rəhbərliyinizlə bütün sahələri əhatə edən irimiqyaslı tədbirlərin həyata keçirilməsi bundan sonra da ölkəmizin davamlı inkişafını, onun dünyada mövqeyinin daha da möhkəmlənməsini və xalqımızın sosial-iqtisadi vəziyyətinin davamlı olaraq yaxşılaşmasını təmin edəcəkdi”.