Azərbaycandakı sehirbaz şirkət...

azerbaycandaki-sehirbaz-sirket
Oxunma sayı: 2801

Dünya Sakit

- Bu il sən heç yaxşı pomidor gətirmədin...

- Nə danışırsan, mən həmişə “Azərsun” pomidoru gətirirəm

- Bilmirəm, haranındır, amma keyfiyyətsizdir gətirdiyin mal, heç qırmızı bibərlər də yaxşı deyil.

- Elə o da “Azərsun”undur, hamı bəyənir səndən başqa...

Dünən meyvə-tərəvəz satıcısı ilə bir alıcı arasındakı bu dialoq diqqətimi cəlb etdi. Düzünü deyim, “Azərsun”un pomidor, bibər satdığını bilmirdim. Buna görə də evə gəldikdən sonra şirkətin saytına baxdım. Orada pomidor-bibərdən hazırlanan məhsullar, həmçinin onların yetişdirilməsi barədə məlumatları oxudum, gördüm, satıcı düz deyirmiş. Nəinki pomidor-bibər, “Azərsun” qida sənayemizdə mühüm yer tutan bütün növ məhsulların istehsalı, idxalı və ya emalı, nəhayət, satışı ilə məşğuldur – saytdakı məlumatlar belə deyir. 

Holdinqin saytında diqqətimi cəlb bir məqam da bu oldu ki, orada istehsal həcmi, dövriyyə, gəlir-xərclər barədə məlumatlarla yanaşı,  şirkətin partnyor olaraq iştirak etdiyi layihələr barədə məlumat  da yerləşdirilməyib.  Bu layihələr isə çox müxtəlif, deyərdim, bir-birindən min kilometrlərlə uzaq sahələrdədir. Məsələn, “Azərsun” hazırda 2 yerdə əczaçılıq zavodunun tikintisində iştirak edir – Sumqayıt və Pirallahıda. Hər iki müəssisə İran şirkətləri ilə əməkdaşlıq əsasında tikilir. 

“Azərsun”un iştirakçı olduğu daha böyük  bir  layihə SOCAR Polymer zavodunun tikintisidir. 700 milyon avroluq bu layihədə də iştirakçı olan holdingin saytında layihələr barədə epizodik xəbərlərdən başqa hər hansı məlumata rast gəlinmir. 

Kiçik araşdırmadan aydın oldu ki, Azərbaycanda “Azərsun” qədər çoxprofilli holding yoxdur -  çay-yağ, duz-qənd istehsalından tutmuş dərman, polipropilen istehsalına, bank, sığorta işinə qədər. Necə deyərlər, hansı daşı qaldırırsan altından bu şirkət çıxır...

Ümumiyyətlə, Azərbaycanda çoxsahəli fəaliyyətləri olan holding formatından çox geniş istifadə olunur. Tikinti və tikinti məhsullarının istehsalı, turizm və maliyyə-bank sahəsində eyni vaxtda çalışan holdinglərimiz var. Lakin heç biri “Azərsun” qədər çoxsaylı sahələrdə fəaliyyət göstərə bilmir. 

Maraqlıdır ki, regionda da belə imkanlara malik şirkət tapmaq mümkün deyil. Məsələn, Qazaxıstanda Forbes-un siyahısına düşmüş 50 ən böyük özəl şirkətin arasında bir dənə də olsun Azərbaycandakı qədər çoxprofillisinə rast gəlinmir – kimisi ticarət, kimisi tikinti, kimisi neft-qaz, kimisi aviadaşımaçılıq, kimisi taxıl istehsalı, daşınması, saxlanması, kimisi də qida məhsullarının bir növü, məsələn, qənnadı məmulatları istehsalı üzrə ixtisaslaşıb. Bu holdinglər ən uzağı bir məhsulun istehsalı, emalı, daşınması və saxlanması ilə məşğul olurlar. Eyni mənzərə Rusiya və Ukraynada da müşahidə olunur. 

Haşiyə çıxaraq bildirim ki, Azərbaycandakı holding təcrübəsi daha çox Türkiyədə fəaliyyət göstərən nəhəng holdinglərə yaxındır. Yaxındır yazıram, ona görə ki, Türkiyənin ən böyük şirkətlər qrupu olan “Koç Holding” də fəaliyyət göstərdiyi sahələrin sayına görə bizimkilərdən geri qalır. Hansı ki, bu holdingin illik dövriyyəsi 50 milyard dollara, işçi sayı 90 min nəfərə yaxındır. Azərbaycanda “Azərsun” başda olmaqla, heç bir şirkətin dövriyyəsi, gəliri, yaxud işçi sayı açıqlanmadığı üçün bu göstəricilər üzrə müqayisə aparmaq mümkün deyil. Amma fəaliyyət sahələri üzrə müqayisə apardıqda, bizimkilərin daha “bacarıqlı” olduqları görünür. 

Onu da qeyd edim ki, Azərbaycandakı holdinqlər daha çox konqlomerat (bir-birindən tam fərqli sahələrdə fəaliyyət göstərən “qız” müəssisələrin birliyi) tipinə uyğun gəlirlər. Lakin məlumat açıqlığının olmaması üzündən “qız”larla “ana” arasındakı əlaqənin formasını müəyyənləşdirmək mümkün deyil. Və bu qapalılıq holdinglərimizin, xüsusilə də “Azərsun”un gün-gündən böyüməsinə mane olmur .