Azərbaycandan İrana növbəti yardım

azerbaycandan-irana-novbeti-yardim
Oxunma sayı: 636

Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə bazar ertəsi Trend-ə bildirib ki, içərisində humanitar yükün olduğu daha üç iritonnajlı avtomobil Culfa sərhəd buraxılış mənntəqəsi vasitəsilə Naxçıvandan İrana göndərilib və yük artıq zəlzələnin törətdiyi fəsadların aradan qaldırılması məqsədilə yaradılan Mərkəzi qərargaha verilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə bazar ertəsi Fövqəladə Hallar Nazirliyi tərəfindən 25 avtomobildən ibarət maşın karvanı İran İslam Respublikasının zəlzələdən zərər çəkmiş bölgəsinə yola salınıb.

FHN-in məlumatına görə, avtomobil karvanı ilə 3000 ədəd ədyal, 1000 ədəd yataq dəsti, 460 ədəd çadır, un, düyü, çay, qənd, yağ, makaron, meyvə şirələri, içməli su və digər zəruri ərzaq məhsulları təbii fəlakət bölgəsinə çatdırılacaq.

İranın Şərqi Azərbaycan əyalətində şənbə günü 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində 300 nəfər ölüb, 2500 yaxın adam xəsarət alıb.