Azərbaycandan Medvedyevə daha bir cavab

azerbaycandan-medvedyeve-daha-bir-cavab
Oxunma sayı: 646

PA rəhbərinin müavini N.Məmmədov Publika.Az-a müsahibəsində deyib ki, burada hər iki tərəf öz kommersiya maraqlarını nəzərə alıb. Onun sözlərinə görə, bu cür addımın atılmasında Azərbaycan və Rusiyanın mövqeyi bir-birinə uyğun gəlir: "Bu adi prosesdir, müxtəlif ölkələr arasında əməkdaşlıqda bu cür hallar hər gün olur. İstənilən hər hansı layihənin nə vaxtsa sonu ola bilər və yeni layihələrə başlamaq olar. Beləliklə, əməkdaşlıq da davam edir. Bilirsiniz ki, Bakı-Novorosiysk boru kəməri ilə neftin ixrasına 1996-cı ildən başlanıb. Əslində, bunun dayandırılması ilə bağlı danışıqlar xeyli vaxt idi ki, gedirdi. Burada elə böyük problem yoxdur. İldə təqribən 2 milyon ton neftinin ixracı nə Rusiya üçün, nə də Azərbaycan üçün elə böyük gəlir deyil idi. Bütün bunlara görə də bu məsələni o qədər böyütməyə və şişirtməyə ehtiyac yoxdur. Bütün protokollara uyğun olaraq Rusiya tərəfi qərara gəlib ki, bu istiqamətdə neftin ixracı dayandırılsın. Bunun Azərbaycan üçün böyük problemi yoxdur. Sadəcə olaraq bu, iki ölkə arasında gedən adi prosesdir".

N.Məmmədov həmçinin qeyd edib ki, bəzi dairələr bu addımı Azərbaycan-Rusiya münasibətləri kimi təqdim etməyə çalışırlar: "Bu, qətiyyən belə deyil. Azərbaycan-Rusiya münasibətləri normaldır. Bu cür yalnış yanaşmalar aparan dairələr isə hesab edirəm ki, deyib-deyib dayanacaqlar".

Xatırladaq ki, Rusiyanın baş naziri D. Medvedev Azərbaycan neftinin nəqlinə dair müqavilənin dayandırılmasına sərəncam verib. Mayın 5-də imzalanan və dünən dərc edilən sərəncama əsasən, Azərbaycan neftinin Rusiya ərazisindən nəqli ilə bağlı iki ölkə arasında 1996-cı il yanvarın 18-də imzalanmış müqavilənin fəaliyyəti dayandırılır. Medvedev Rusiya Xarici İşlər Nazirliyinə Azərbaycan tərəfini xəbərdar etməyi tapşırıb.