Azərbaycandan Türkiyənin ittihamlarına cavab

azerbaycandan-turkiyenin-ittihamlarina-cavab
Oxunma sayı: 635

Qafqazinfo Trendə istinadən xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova bazar ertəsi parlamentin ötən ilin yekunları və 2012-ci ilin yaz sessiyasının qanunvericilik planları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib. "Azərbaycan dövləti və parlamenti səylərini davam etdirir ki, qarşıdakı proseduru nəzərə alaraq, bu qanunun həyata keçməsinə mane olsun", - Muradova deyib.

Onun sözlərinə görə, hələ Fransa Konstitusiya Məhkəməsi bu qanunu təsdiq etməlidir. "Biz tarixi ədalətsizliyi özündə ehtiva edən bir qanunun əleyhinəyik. Çox təəssüf ki, Fransa Prezidenti Nikola Sarkozinin təşəbbüsü ilə daxil olmuş qanun parlamentdə qəbul olundu", - Muradova əlavə edib.

Azərbaycan Parlamenti dekabrın 30-da müraciət qəbul edib. Vitse-spikerin sözlərinə görə, Azərbaycan Türkiyəyə yönəlik bütün addımları özünə yönəlmiş addım kimi qəbul edir. "Azərbaycanın Türkiyənin yanında olub-olmamasını araşdıran şəxslərə tövsiyəmiz ondan ibarətdir ki, səmərəsiz işlə məşğul olmasınlar. Azərbaycan hər zaman Türkiyənin yanında olub və olacaq", - Muradova deyib.

Qeyd edək ki, Türkiyənin bəzi KİV-ləri ədalətsiz mövqelərdən çıxış edərək, Azərbaycanın bu məsələ ilə bağlı göstərdiyi reaksiyasını kiçiltməyə cəhd edib və Azərbaycanı heç bir reaksiya verməməkdə günahlandırır.

Yanvarın 23-də Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə isə 86 senator səs verib.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.