Azərbaycandan Türkiyəyə gedən turistlər niyə otelin qapısında qaldı?

azerbaycandan-turkiyeye-geden-turistler-niye-otelin-qapisinda-qaldi
Oxunma sayı: 4743


"Elite Travel. Yaddaşınıza yazın ki, bu, fırıldaqçı şirkətdir. Guya turist paketi təqdim edir, pulu nağd alır, ancaq yalnız təyyarə biletinə pul ödəyir. Müştəri otelin qapısında xəbər tutur ki, otelin pulu ödənməyib. Bakıya zəng zəng dalınca... "Elite"in cavabı: "Türkiyədə əməkdaşlıq etdiyimiz şirkət iflas edib, pulu otelə ödəməyib, biz məsuliyyət daşımırıq, pulu özünüz ödəyin, onlar bankrotdan çıxıb pulu bizə ödəsələr, biz də sizin pulunuzu qaytararıq".

Azərbaycanda turizm xidmətləri göstərən "Elite Travel" şirkəti barədə bu ilginc məlumatı və həyəcan dolu çağırışı Aygün Muradxanlı adlı Facebook istifadəçisi öz profilində yazıb. Milli.Az-ın məlumatına görə, o, iddia edir ki, hazırda 120 nəfər Azərbaycan vətəndaşı Türkiyədə bu durumdadır.

"Rusiya kanallarına baxıb vətəndaşlara yeni fırıldaq metodu fikirləşiblər", - o iddia edib.

Məsələyə aydınlıq gətirmək üçün Milli.Az-ın əməkdaşı "Elite Travel" şirkləti ilə əlaqə saxlayıb. Şirkətin turizm departamentinin müdiri Fərid Hüseynov bildirdi ki, əməkdaşlıq etdikləri "Naz Tour" şirkəti iflas olduğunu elan edib. Quşadasında yerləşən bu şirkət müflis olduğunu dünən axşam (avqustun 6-da - red.) elan edib.

Onun sözlərinə görə, müxtəlif turizm şirkətlərinin xətti ilə Türkiyəyə yola düşən 120 nəfər vətəndaş belə əziyyət çəkir. "Elite Travel" şirkətinin isə 11 nəfər müştərisi var. Şirkət rəsmisi iddia edir ki, onların müştərilərindən heç kim hələ ki, Türkiyəyə getməyib. Bütün müştərilərə bir-bir xəbərdarlıq edilib ki, getməsinlər.

"Dünən axşam bizə rəsmi e-mail daxil olub. Bu gündən etibarən şirkətin rəsmən fəaliyyətini dayandırdığı elan edilib", - o qeyd edib.

Turistlərə müavinət ödənilməsi ilə bağlı suala gəlincə isə şirkət rəsmisi deyib ki, Azərbaycanda belə bir mexanizm yoxdur. Azərbaycan qanunlarına əsasən, turagentlik yox, turoperator səfərlərə təminat verir.

Müflis olduğu iddia olunan "Naz Tour" şirkətinin direktoru Pərviz Mahmudov isə saytımızın əməkdaşına bildirib ki, turistlər arasında otelə yerləşdirilməyən bir nəfər də yoxdur. O, həmin məlumatın səhv olduğunu deyib. Onun sözlərinə görə, "Elite Travel"in də bütün müştəriləri otellərə yerləşdiriblər.

O, şirkətdə maliyyə problemlərinin olduğunu etiraf etsə də, bildirib ki, həmin problemləri həll etməyə çalışırlar.

"Girişlə bağlı problemlər var və həmin problemləri həll etməyə çalışırıq. Gəlib çöldə qalan müştəri yoxdur".