Azərbaycanı bu il “Eurovision”da nə gözləyir?

azerbaycani-bu-il-eurovisionda-ne-gozleyir
Oxunma sayı: 1127

10 gündən sonra Avropanın ən nüfuzlu musiqi yarışması olan “Eurovision” start götürəcək. “Qafqazinfo” xəbər verir ki, Təl-Əvivdə keçirilən layihənin birinci yarımfinalı mayın 14-ü, ikincisi 16-ı, finalı isə gələn ayın 18-də baş tutacaq.

Mayın 4-dən etibarən müsabiqə iştirakçıları İsraildə Təl-Əviv Sərgi Mərkəzində məşqlərə başlayacaqlar. Azərbaycan təmsilçisi Çingiz Mustafayev də orada olacaq. Həmyerlimiz ikinci yarımfinalda “Truth” mahnısı ilə çıxış edəcək. 

Ötən il ilk dəfə finala keçməyən Azərbaycanı bu dəfə hansı nəticə gözləyir?

Bukmeykerlərin proqnozuna görə, mayın 16-da çıxış edəcək Çingiz finala keçəcək. O, əsas şouda iştirak edəcək 10 ölkə arasında 5-cidir. Siyahıda ön sıralarda isə ən iddialı ölkələr- Niderland, Rusiya, İsveç və İsveçrə qərarlaşıb. Ermənistan da finala keçəcək ölkələr arasındadır (sıra 7). 

Bukmeykerlərin final proqnozlarına əsasən, Çingiz qısa müddət ərzində 3 pillə irəliləyərək 13-cü sırada yer tutub. Əvvəlcə Azərbaycandan daha ön sırada olan Ermənistan isə 4 pillə geriləyərək 17-ci sırada qərarlaşıb. Buna səbəb ölkə təmsilçisi Srbukun İspaniyada keçirilən gecədə müsabiqə mahnısını canlı olaraq çox zəif ifa etməsi olub.