Azərbaycanı Çempionlar Liqasında finala çıxaran məşqçi

azerbaycani-cempionlar-liqasinda-finala-cixaran-mesqci-
Oxunma sayı: 640

“Rabitə”nin “Çempionlar Liqası”nda qazandığı 2-ciliyi uğur kimi qiymətləndirirsiniz, yoxsa uğursuzluq?
- Bu, yaxşı nəticədir, uğursuzluq deyil. Biz sözsüz ki, qalib gəlməyə çalışdıq və oyunda bunun üçün əlimizdən gələni də etdik. Bir qədər bəxtimiz gətirmədi və 1-ci yeri əldən vermiş olduq. Ola bilər ki, biz final mərhələsinə qədər daha güclü oynamışdıq və finalda bir qədər zəif təsir bağışladıq, amma ümumilkdə götürsək, “Çempionlar Liqa”sında 2-yerə sahib olmaq özü bir uğurdur və yaxşı nəticədir. Həm də bir şeyi nəzərə almaq lazımdır ki, biz turnirin ən güclü komandası ilə finala qalmışdıq. “Vakıfbank” finalda göstərdiyi oyunla bizdən bir baş üstün olduğunu göstərdi. Buna baxmayaraq, “Rabitə” hazırda dünyanın ən güclü,ən sayılıb seçilən klublarından biridir.

- Necə fikirləşirsiniz, final oyununda “Rabitə” də əsas çatışmazlıq nə oldu? Niyə finalda qalib gələ bilmədik?
- Biz yaxşı oynadıq, ancaq komandada bir qədər həyəcan və əsəb var idi. Bəlkə də bəzi oyunçularımız “Çempionlar Liqa”sında ilk dəfə idi ki, final oynayırdı və buna görə həyəcanlı idilər. Ancaq rəqibdə bu belə deyildi, çünki onların əksər voleybolçularında artıq bu təcrübə artıqlaması ilə var. Bundan əlavə, bizə “Vakıfbankla” Türkiyədə oynamaq o qədər də asan olmadı. Doğma meydan amili, azarkeş dəstəyi buna öz təsirini göstərdi ki, bunlar da psixoloji təsirə gətirib çıxardır.

- “Rabitə”nin heyətini əsasən legioner voleybolçular təşkil edir. Bizim azərbaycanlı voleybolçuların əsas heyətdə yer alması üçün nə çatmır? Sizcə, Azərbaycanda kifayət qədər profesional yerli voleybolçularımız yoxdur?
- Bilirsiniz, əslində bu mənim seçimim olmadı. Mən “Rabitə” yə baş məşqçi gələndə komanda artıq demək olar ki, tam formalaşmışdı,yalnız iki mövqe boş idi. Əslində Azərbaycanda doğurdan güclü voleybolçular var, ancaq təəssüf ki, onların sayı nə 15 deyil, nə 20 deyil. Həm də qaydalar da burda bir qədər fərqlidir. Məsələn İtaliyada hər klubda ən azı 3 italiyan voleybolçu olmalıdır, Türkiyədə hər klubda ən az 4 türk voleybolçu oynamalıdır. Ancaq burda belə deyil konkret desək , limit yoxdur, yerli voleybolçu olsa da olar olmasa da. Bəlkə, gələcəkdə sizin voleybol federasiyanız bu qaydaları dəyişdi, onda yəqin ki, bir çox yerli voleybolçular klublarda yer alacaq. Və açığı desəm Azərbaycan Voleybol Federasiyasının bu cür qaydası mənim üçün yaxşıdır, mənə seçim azadlığı verir.

Hazırda hər hansı bir mövqeyə yeni bir voleybolçu transfer etmək fikriniz yoxdur ki?
- Hazırda bu mümkün deyil. Dediyim kimi, komanda artıq formalaşıb. Bütün mövqeylər öz oyunçuları ilə təmin olunub. Həm də belə bir ehtiyac görmürəm. Bizim indən sonra cəmi 7 oyunumuz qalıb və hər şey qaydasında gedir. Növbəti mövsümdən etibarən bəlkə də bu barədə fikirləşmək olar. İndiki heyətimdən razıyam, hamısı peşəkar voleybolçulardır və işlərinin öhdəsindən yaxşı gəlirlər.

- Gələcəkdə sizə Azərbaycan yığma komandasını idarə etmək təklifi gəlsə, bu təklifi qəbul edərsinizmi?
- Bildiyiniz kimi mən hazırda Bolqarıstan yığma komandasının baş məşqçisiyəm və yaxın gələcəkdə də oradakı postumdan getmək fikrim yoxdur. Ancaq təbii ki, əgər gələcəkdə belə bir təklif olunsa, bu mənim üçün böyük şərəf olar. Çünki Azərbaycan voleybol komandası hazırda dünyanın ən yaxşı komandalarından biri sayılır və yaxşı voleybolçulardan təşkil olunub.

İqbal