“Azərbaycanım” - Respublika Uşaq Rəsm Festivalı keçirilib - Fotolar

“Azərbaycanım” - Respublika Uşaq Rəsm Festivalı keçirilib
Oxunma sayı: 2374

Ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində tədbirlər davam etməkdədir. Növbəti tədbirlərdən biri  Xətai Rayon İcra Hakimiyyəti, respublikanın Mədəniyyət və Təhsil nazirlikləri, Rəssamlar İttifaqı, Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Uşaq-Gənclər İnkişaf Mərkəzi  və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Azərbaycanım” adlı Respublika Uşaq Rəsm Festivalı olub.

“Qafqazinfo” xəbər verir ki, Xətai Rayon İcra Hakimiyyətinin qarşısındakı yaşıl xiyabanda- açıq səma altında keçirilən festivala müxtəlif mərhələlərdən keçib bu mötəbər tədbirdə iştiraka vəsiqə qazanan 35 kiçik yaşlı rəssam qatılıb. Tədbir səhər saat 10:00-a təyin olunsa da uşaqlar bir-iki saat əvvəl gəlib doğma Vətənləri ilə bağlı düşüncələrini rənglərin dili ilə planerdəki ağ kağızlara köçürməyə başlamışdılar. Gələcəyin sənət ustaları olacaq bu uşaqlar ətrafda gedən hazırlıq işlərinə məhəl qoymadan səylə çalışır və bir-birindən maraqlı rəsmlər çəkirdilər.

Tədbir təşkilatçı qurumların nümayəndələrinin festival iştirakçılarının iş prosesi və rəsmləri ilə tanışlığından başlayıb. Rayon icra hakimiyyətinin başçısı Razım Məmmədov, Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov, Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağalı İbrahimov, Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov, Xalq rəssamı Arif Hüseynov və festivalın digər rəsmi qonaqları gənc istedadların yaradıcılıq prosesi ilə yaxından tanış oldular, onların çəkdikləri rəsmlərin ideyası, göstərmək istədikləri obrazlar və əsərlərin süjet xəttinin qaynaqları ilə bağlı səmimi söhbət edbilər. 

Festivalın rəsmi açılışı, tədbirə ev sahibliyi edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun çıxışı ilə başladı. Natiq qeyd etdi ki, Azərbaycan dövlətinin başçısı Prezident İlham Əliyev ölkənin gənc istedadlarının yaradıcılıq potensiallarının reallaşdırılması üçün geniş imkanlar yaradılmasına və onların gələcəkdə tanınmış sənətkarlar kimi yetişmələrinə həmişə böyük diqqət və qayğı ilə yanaşır. Bu, müstəqil Azərbaycanımızın memarı və qurucusu ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur və bu yol Vətənimizin elmi, intellektual potensialının, mədəniyyətinin və incəsənətinin davamlı inkişafına və bəşəriyyətə tanıdılmasına xidmət edir.

Milli Məclisin deputatı Hüseynbala Mirələmov çıxışında qeyd edib ki, XXI əsrdə müsir cəmiyyətin əsas inkişaf resursu, möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, “insan kapitalıdır”. Söhbət o insandan gedir ki, onun yüksək bilik səviyyəsi, mədəniyyəti, informasiya təminatı olsun və özünün yaradıcılıq imkanlarını ifadə edə bilsin. Məhz belə şəxsiyyətin formalaşması  üçün təhsil, mədəniyyət, incəsənət müstəsna əhəmiyyət daşıyır. Balalarımızın mənəvi zənginləşməsində, zövqlərinin və dünyagörüşlərinin  formalaşmasında rəssamlıq, musiqi və mütaliə qədər güclü ola biləcək ikinci bir vasitə tapmaq çətindir. Əlbəttə, bu baxımdan uşaq rəsm festivalında iştirak edən bu balaların sənətin incəliklərini öyrəndikləri, fantaziyalarının gözünün açılmasına yardımçı olan rəsm dərnəklərinin, sənət məktəblərinin əhəmiyyəti çox böyükdür.

Tədbirdə çıxış edən xalq rəssamları Ağalı İbrahimov, Arif Hüseynov Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov və başqaları vurğuladılar ki, dövlətin uşaq və gənclər siyasətinin verdiyi imkanlar sayəsində bu gün ölkədə yeniyetmə və gənc istedadlara xüsusi qayğı və diqqət göstərilir. Məhz bu səbəbdən də uşaqlar müxtəlif incəsənət sahələrinə  böyük maraq göstərir, müxtəlif dərnəklərə, xüsusi məktəblərə gəlir və yaradıcılıq potensiallarını həvəslə nümayiş etdirirlər.

Çıxışlardan sonra festival öz işinə başlayıb. Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov bildirdi ki, festivalda əsərlərində milliliyi təsvir etmiş uşaqların yaradıcılığına daha yüksək qiymət veriləcək və ilk üç yeri tutan istedadlı rəssamlar mükafatlandırılacaqlar. Maraqlı ideya, Vətənin tərənnümü, mövzu seçimi,  rəng seçimi və vətənpərvərlik mövsuzu nominasiyalarında da həvəsləndirici mükafatlar olacaq. Festival müddətində uşaqların incəsənət muzeyinə və rəsm qalereyasına səyahəti də nəzərdə tutulur.
Festifalın açılışında gənc musiqiçilərin və rəqs qruplarının çıxışları da maraqla qarşılandı və sürəkli tamaşaçı alqışı qazanıb.











Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi