Azərbaycanın bankomat problemi

azerbaycanin-bankomat-problemi
Oxunma sayı: 1459


Bu fikirləri İqtisadi Təşəbbuslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev facebook səhifəsində bildirib. Ekspert problemin yaranmasını əsasən 4 səbəblə izah edir: «Birinci səbəb bankomatların sayının kifayət qədər olmamasıdır. Bankomatların sayının optimal səviyyədə olması kart sahiblərinin nağd pula əlçatanlığı üçün vacib şərtdir. Mərkəzi Bankın məlumatına görə, fevralın 1-i tarixində Azərbaycanda ümumilikdə 2417 bankomat fəaliyyət göstərir. Hər bank orta hesabla 56 bankomata xidmət göstərir. Bu, ölkədədki şəhər və rayonların sayından da azdır. Cəmi bankomatların təxminən yarısı 2 bankın - Beynəlxalq Bankın və Kapital Bankın payına düşür. Bu halda yerdə qalan bankların payına orta hesabla 30 bankomat düşər. 

Ölkədə əhalinin hər 100 min nəfərinə 25 bankomat düşür. Bu göstəriciyə görə, Azərbaycan keçmiş SSRİ ölkələri arasında ancaq Orta Asiya ölkələrini qabaqlayır. Qırğızıstanda əhalinin hər 100 min nəfərinə 12, Tacikistanda 8, Özbəkistanda 5 bankomat xidmət göstərir. Oxşar göstərici Moldovada 301, Rusiyada 153, Ukraynada 84, Qazaxıstanda 66, Gürcüstanda 42, Ermənistan və Belorusda 41-ə bərabərdir. İnkişaf etmiş ölkələrdə bu göstərici daha yüksəkdir. 

Bankomatların yüklənməsinin ikinci səbəbi pensiyaların və büdcədən verilən maaşlara ancaq 2 bankın xidmət göstərməsidir. Hazırda 3 milyona yaxın şəxs dövlət büdcəsindən müxtəlif təyinatlı ödəniş alır ki, bunların da təxminən 1,3 milyon nəfərini pensiyaçılar təşkil edir. Pensiyalarla yanaşı büdcə işçilərinin maaşları, sosial müavinətlər, təqaüdlər və s. debet kartları vasitəsilə alınır. Həmin kartlara isə yalnız 2 bank - Beynəlxalq Bank və Kapital Bank xidmət göstərir. 2 bankın sərəncamında olan bankomatların ümumi sayı 1167-dir. Deməli, bu halda 1 bankomatın öhdəsinə 2570 nəfər pensiyaçı və ya büdcə işçisi düşür. Bura bankların özəl müştərilərini də əlavə etsək vəziyyətin bu qədər kritik olduğunu görmək olar» deyə S.Əliyev vurğulayır. 

Üçüncü səbəb isə, bayram günləri bankomatlara zəif xidmətin göstərilməsidir. Onun sözlərinə görə bir qayda olaraq uzunmüddətli bayram günlərində bankomatlarda pul qıtlığı müşahidə edilir: «Çünki adi iş günlərindən fərqli olaraq bayram günləri bankomatlara ya pul yerləşdirilmir, ya da mütəmadi edilmir. Çünki bayram günləri bank sistemi işləmir. Digər tərəfdən bayram günləri bankomatların pulla doldurulması prosesi banklara adi günlərlə müqayisədə daha çox xərcə salır. Hansısa bankomatın sıradan çıxması isə vəziyyəti daha da gərginləşdirir və digər bankomatların daha da yüklənməsinə rəvac verir. 

Dördüncü səbəb əhalinin hələ də kartlardan nağdsız ödəniş vasitəsilə kimi istifadə etməməsidir. Hazırda ölkədə 5,8 milyon plastik kart mövcuddur. Bu kartların 4,8 milyon ədədi maaş, pensiya və sosial ödəniş kartlarının payına düşür. Kart sahiblərinin 85 faizi nağdlaşdırma əməliyyatına üstünlük verir. Yəni onlar pulu nağdılaşdırmaq üçün bankomatlara üz tuturlar. Halbuki kommunal xidmətlərdən tutmuş adi internet xidmətinə qədər olan ödənişləri onlayn qaydada, bankomata gedib pul çıxartmadan, əlavə vaxt itirmədən həyata keçirtmək olar». 

S.Əliyev qeyd edir ki, bütün bu səbəblər aradan qaldırıla biləndir. Bunun üçün hökumət tərəfindən bir sıra addımların atılmalıdır.