Azərbaycanın birinci olduğu hesabata - Şərh

azerbaycanin-birinci-oldugu-hesabata
Oxunma sayı: 1656

Milli Məclisin deputatı Tahir Mirkişili “Doing Business 2019” hesabatında Azərbaycanın mövqeyinin yüksəlməsinə münasibət bildirib. 

T. Mirkişili “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, iqtisadiyyat sağlam özəl sektor olmadan inkişaf edə bilməz: “Özəl sektor inkişaf etdikcə yeni iş yerləri yaranır, ölkə daxilində xərclənən və investisiya qoyula biləcək gəlir yaranır. İqtisadi cəhətdən inkişafa diqqət yetirən hər bir ölkə kiçik və orta sahibkarlıq subyektlərinin inkişafına təsir edə biləcək qanunların qəbul olunmasına və tənzimləmələrin tətbiqinə xüsusi diqqət yetirirlər. Səmərəli biznes tənzimləmələri mikro və kiçik sahibkarlara böyümək, innovativ fəaliyyət göstərmək və qeyri-qanuni fəaliyyətdən qanuni fəaliyyətə keçmək üçün imkan və stimul yaradır. 

Qanuni fəaliyyətlə məşğul olmaq asanlaşdıqca qeyri-qanuni fəaliyyət göstərmək çətinləşir və ya  prosesin əksi müşahidə olunur. Dünya Bankının dərc etdiyi “Doing Business 2019” hesabatı 190 ölkədə sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı olan qanunverici aktların və onların tətbiq olunmasını obyektiv olaraq qiymətləndiməyə imkan verir. Hesabat 11 indikator üzrə ölkələri təhlil etsə də, reytinq cədvəlində 10 indikatorun (əmək bazarının tənzimlənməsi indikatoru istisna olmaqla) göstəricilərindən istifadə olunur. 

“Doing Business 2018” hesabatında 57-ci yerdə qərarlaşan Azərbaycan “Doing Business 2019” hesabatında 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşıb. 

Qeyd etmək lazımdır ki, Azərbaycan hesabat indikatorları üzrə göstəricilərini ən çox yaxşılaşdıran dünyanın 10 ölkəsindən biri olub. Bu “TOP 10” ölkələr əsasən biznesə başlama, kredit əldə etmək və vergi ödəmək sahələrində 62 islahat həyata keçiriblər. Bundan əlavə, Azərbaycan hesabatın 10 indikatorundan 8-də islahatlar həyata keçirərək öz mövqelərini yaxşılaşadırmış və islahatların sayına görə dünyada 1-ci olub. 

Bakı Şəhər İcra Hakimiyyətində tikintiyə icazələrin “bir pəncərə” prinsipi ilə verilməsi, elektrik şəbəkəsinə qoşulmaları azaldan “ASAN Kommunal” mərkəzlərini açılması, yeni kredit bürosunun yaradılması kimi tədbirlər ölkəmizin hesabatda mövqelərini xeyli yaxşılaşdırıb”. 

Deputat vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi və institutsional islahatlar ölkəmizdə sahibkarlıq mühitini getdikcə daha əlverişli etməkdədir: “Dünya Bankının apardığı təhlillərin nəticələri bunu bir daha göstərir. İslahatların dərinləşməsı və əhatəliliyinin artması ölkəmizdə biznes mühitini daha da inkişaf etdirməklə, əhalini rifah halının daha da yaxşılaşmasına imkan yaradacaq”.

İqtisadçı ekspert Vüqar Bayramov “Doing Business 2019” hesabatında Azərbaycanın mövqeyinin yüksəlməsinə münasibət bildirib. Ekspert qeyd edib ki, Azərbaycan bu ilki qiymətləndirmədə dünya üzrə 25-ci yerdədir və qlobal olaraq ən islahatçı 10 ölkə siyahısına daxildir: “Siyahıda ölkəmiz MDB dövlətləri arasında ən yaxşı göstəriciyə malikdir. Hesabata görə, Azərbaycan 2017/2018-ci illərdə 8 islahat həyata keçirərək tədirlərin sayına görə ilk onluqda birincidir. Türkiyə 7 islahat ilə ikincidir.

Dünya Bankının qiymətləndirmələrinə görə, bura tikinti üçün icaizənin verilməsi üçün bir pəncərə sisteminin formalaşması, elektrik əldə etmək üçün ASAN xidmətdən faydalanmaq imkanının yaranması, yeni kredit bürosunun yaradılması, əmlak qeydiyyatının asanlaşması kimi fəaliyyətlər daxildir”.

 Günel Türksoy