“Azərbaycanın cəsarət tanrısı...” - Aqşin

azerbaycanin-cesaret-tanrisi
Oxunma sayı: 2884

Son günlər Azərbaycanda gənc yazarlar tərəfindən Xəlil Rza Ulutürk, daha sonra isə Mirzə Ələkbər Sabirə qarşı aqressiv fikirlər səsləndirilib.

Gənc yazarlar bu dəfə də ənənələrinə sadiq qalaraq korifeylərə söz atıblar. Maraqlıdır ki, onlar bu dəfə klassik ədəbiyyatda möhürünü qoyan şəxslərə, mərhum sənətkarlara “daş atıb”lar. Qələmlərini dirilərə deyil, ölülərə tərəf çevirib onları inkar etməyə başlayıblar.

Ağzından süd iyi belə gəlməyən Ayxan Ayvaz həmkarı Kəramət Böyükçölün Xəlil Rza ilə bağlı dediklərinin ardınca Mirzə Ələkbər Sabir haqda qəbulolunmaz məqalə yazıb.

Hər iki gəncin fikirləri sosial şəbəkələrdə müzakirə və etiraza səbəb olub. 

“Qafqazinfo” bu məqamda istedadlı şair Aqşin Yeniseyin ötən il yazdığı, bu gün isə yeniləyərək paylaşdığı statusu təqdim edir:

"Mirzə Ələkbər Sabir 20-ci yüz il Azərbaycan ədəbiyyatında cəsarət tanrısıdır. Söz azadığının üfüqləri bu gün də hələ ki, Sabirdən o tərəfə keçməyib, əksinə, 60-çılar nəsli bu üfüqləri xeyli daraldıblar. Sabirsiz bir azərbaycanlı başı ictimai şüurdan məhrumdur. İctimai çəkisinə görə Sabir Nizami Gəncəvidən və Məhəmməd Füzulidən çox ucada dayanır. Sabir bir azərbaycanlının ərəbdən, farsdan , rusdan olan yeganə fərqidir. Sabiri çıxarsan Azərbaycan ədəbiyyatı xədim olar.

Sabir bu ədəbiyyatın xarakteridir. Sabiri sevməmək dini avamlığı sevməkdir, ağanı sevməkdir, bütün milli eybəcərlikəri sevməkdir, yaltaqlığı, görməmişliyi sevməkdir. Sabiri sevməmək gələcək nəsillərə vətən adlı qorxu mühiti miras qoymaqdır. Sabiri xortdanlar sevməz. Çünki Azərbaycanın bütün xortdanlarının qorxduğu bir şair var; o da o qara kişidir. Sabir işığın təmtərağı deyil, qaranlığın cəsarətidir. O cəsarət ki, sözə məna, xalqa azadlıq bəxş edir. Azərbaycan tarixində elə bir epizod yoxdur ki, - həm özündən əvvəl, həm özündən sonra - Sabirin yeri görsənməsin".