Azərbaycanın Güneydəki olaylara reaksiyası necə olmalıdır?

azerbaycanin-guneydeki-olaylara-reaksiyasi-nece-olmalidir
Oxunma sayı: 640

Dəyirmi masanı giriş sözü ilə açan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu Urmiya gölü ətrafında yaranan durumun həm ekoloji, həm də siyasi tərəfi olduğunu bildirib: “Ekoloji fəlakət, quruyan gölün duzlaqları qonşu Azərbaycan və Türkiyə ərazilərinə də sovrula bilər. Demək tək elə buna görə Azərbaycan və Türkiyənin müvafiq orqanlarının fəal olması vacibdir. Problemin digər tərəfi isə Urmiya gölünün qurumasından “bəhrələnən” Tehranın azərbaycanlıları başqa bölgələrə köçürmək istəməsidir. İran parlamentindəki müzakirələrdə bunu heç gizlətmirlər”.

Elxan Şahinoğlu Güneydə yaşanan hərəkatı analiz etməklə yanaşı “Azərbaycan dövlətinin baş verənlərə reaksiyası necə olmalıdır” sualına da cavab tapılması zərurətini qeyd edib. Analitik 3 variantın mümkünlüyünə toxunub:

1. Azərbaycan dövləti, iqtidarı Gündeyəki olayları İranın daxili işi hesab edib, Arazın o tayındakı proseslərindən kənarda qalmalıdır; Başqa sözlə olayları görməzlikdən gəlməlidir;

2. Azərbaycan dövləti və ictimaiyyəti əksinə, soydaşlarımızın haqlı mübarizəsinə dəstək verməli və güneyli bacı və qardaşlarımızın ən azı ana dilində tədrislə bağlı istəklərinin həyata keçirilməsi üçün Tehrandan müvafiq addımların atılmasını tələb etməlidir;

3. Azərbaycan dövləti İranın daxili işlərinə qarışmadan, soydaşlarımızın haqq səsinin dünyaya çatdırılması üçün mübafiq işlər görməlidir.

Elxan Şahinoğlu Azərbaycan hakimiyyətinin hələ ki, birinci varianta üstünlük verdiyi deyib: “Əlbəttə, İranla ehtiyatlı davranış hardasa başa düşüləndir. Ancaq məsələ burasındadır ki, İrandan çox cəkindikcə o daha çox üzərimizə gəlir – sərhədlərimizdə pozuntu halları və narkotik daşımaçılığı artır, qonşu ölkənin rəsmiləri, din xadimləri və yüksək rütbəli hərbçiləri Azərbaycan Respublikası və prezidentinin əleyhinə açıqlamalar verməkdə davam edirlər. İndi də gələn xəbərlərə görə sərhədimizdə hərbi təlimlərə baş vurublar. Azərbaycan XİN baş qərargah rəsinin açıqlaması ilə bağlı Tehrana nota göndərdi. Daha sonra Tehranın cavabı gəldi. Ancaq bu cavabda nələrin yazıldığından Azərbaycan ictimaiyyəti xəbərsiz qaldı. Görünür, cavabda elə aşağılayıcı ifadələr yazılıb ki, Azərbaycan XİN bunu açıqlamağa ehtiyac duymayıb. Yəni ehtiyatlı olmağımıza baxmaraq, İran üzərimizə gəlməkdə davam edir. Əslində bunun obyektiv səbəbi var, o da İranda yaşayan azərbaycanlılardır. Güneylilərin hər zaman gözü Azərbaycan dövlətindədir, onlar da bizim kimi sərbəst olmaq istəyirlər.

Tehranın təhdidlərindən qurtulmayacağını rəsmi Bakının da anladığını vurğulayan Elxan Şahinoğlu “Vikiliks” sənədlərində dövlət başçısı İlham Əliyevin amerikalı diplomatlarla görüşdə Azərbaycan üçün ən böyük təhlükənin İrandan gəldiyini gizlətmədiyinə diqəti çəkib: “İlham Əliyev hətta onu da söyləyib ki, İranda təlatümlərin başlayacağı halda cəmi 10 fazi güneylinin Azərbaycana keçməsi kifayət edəcək ki, bölgədə vəziyyət partlayış həddinə çatsın. Bir sözlə president İranın nələr edə biləcəyini və güneylilərin nəyə qadir olduğunu aydın təsəvvür edir. Sadəcə rəsmi Bakı son dərəcə ehtiyatlı siyasət yürüdür. Azərbaycan hakimiyyətinin İran və Güney siyasətinə göz gəzdirməsi vacibdir”.

Dəyirmi masada çıxış edən “Günaz TV”nin Bakı ofisinin rəhbəri Araz Obalı Tehranın Urmiya gölünü məqsədyönlü şəkildə qurutduğunu, ekoloji fəlakətin Türkiyə və Naxçıvana da ciddi təsiri olacağını bildirib: “Azərbaycan parlamenti bu məsələyə diqqət yetirməlidir. Güney Azərbaycan qaynayır, kütləvi etiraz artıb, hətta polis artıq aksiyaları dağıtmaqda çətinlik çəkir. Yaxın günlərdə daha kütləvi aksiyaların keçirilməsi planlaşdırılır”.

Araz Obalı media nümayəndələrinə müraciət edərək, Güneydə baş verən olaylarla bağlı dolğun məlumatların çatdırılması zərurətini də dilə gətirib: “Bir və ya iki kiçik reportajla iş bitmir. Güneydəki olaylara informativ dəstəyə ehtiyac var”.

Avroatlantik Şuranın rəhbəri Sülhəddin Əkbər isə İrandakı təlatümlərə ərəb dünyasında baş verən olaylar konteksində yanaşılması vacibliyini bildirib: “İnqilab dalğası İrana dirənib. İran Suriyada destruktiv rol oynamaqda davam edir. Bu ərəfədə də İran hakimiyyətinin Azərbaycana qarşı siyasəti aqressivləşib”.

Rəsmi Bakının Güneydəki olaylara seyrçi qalmasını yanlış adlandıran Sülhəddin Əkbər 50 milyonun prezidenti olduğunu deyən şəxsin buna uyğun da siyasət yürütməsi gərəkliyini vurğulayıb.

Millət vəkili Fazil Qəzənfəroğlu isə Urmiya gölünün bir ekoloji problem olduğunu, qonşu ölkənin daxili işlərinə qarışmaqda ehtiyatlı olması vacibliyini söyləyib: “İranda azərbaycanlıların hüquqlarını pozulması inkaredilməzdir. Ancaq Qərb İrandakı azərbaycanlılar amilini ön plana çəkməzkən, bizim qabağa düşərək irəlidəkiləri təhlükə altına atmamız doğru olmaz. Ona görə də bu məsələdə diqqətli olmalıyıq”.

Millət vəkili Güneydəki olayları Milli Məclisdə müzakirə olunmasının bir nəticə verməyəcəyini bu sözlərlə izah edib: “Milli Məclis heç Dağlıq Qarabağ problemini müzakirə etməyə risq etmir, o ki qala qonşu dövlətdən gələn təhlükəni gündəliyə sala”.
Dəyirmi masadakı müzakirələrin yekunu olaraq belə bir ortaq fikrə gəlindi ki, Azərbaycan hakimiyyəti İranın daxili işlərinə qarışmadan da güneylilərə informasiya dəstəyinin saxlanmasına şərait yarada bilər.