Azərbaycanın hərb müəllimi

azerbaycanin-herb-muellimi-
Oxunma sayı: 650

Atam bütün məktəbin qabağında əsib-coşurdu. Aşağı sinif şagirdlərini ən qabaqda oturtmuşdular deyə atamın nə dediyini yaxşı başa düşməsəm də, sözlərini aydın şəkildə eşidirdim. Ədəbiyyat müəllimi kimi məktəbdəki bütün toplantılarda danışmaq atamın işinin bir hissəsi idi. Mən aşağı sinifdə olanda da, sonralar yuxarı sinifdə oxuyanda da, atamın obrazlı danışığı ilə fəxr eləyir, dərsdə bizə dediyi sevgi şeirlərini uşaqlara qoşulub əzbərləyirdim... Ancaq həmin gün atam ayrı şey danışırdı. Onun danışdığı movzuya hələ şeir yazmamışdılar...

Atam yanında dayanan balaca boylu, arıq, üstü-başı qanlı oğlanı göstərib dedi ki, bu oğlan tələbədir, bizim məktəbi qurtarıb. Bakıda oxuyur, iki gün əvvəl şəhərdə camaatı qırıblar, qan tökülüb, bax bizim məktəbin məzunu isə yaralıları daşıyıb, 20 yanvar faciəsinin canlı şahidi olub... Sonra atam sözü həmin oğlana verdi. Atamın bütün məktəbin qabağına qanlı köynəkdə çıxardıb çıxış etdikcə bizə göstərdiyi Şakir adlı həmin oğlanın nə danışdığını xatırlamasam da, şəkli indiyə kimi gözümün qabağından getmir.

Növbəti il atam məktəbdən bir qrup şagirdi də götürüb şəhidlər xiyabanına gətirdi. Onda da şəhidlərin məzarı üstünə gül qoyduqca fikirləşirdim ki, görəsən Şakirin üstünə tökülən bunlardan hansının qanı olub...

Bir neçə il keçəndən sonra Şakir bizim məktəbə hərbi-hazırlıq müəllimi kimi qayıtdı. Məktəbimizin hərb müəllimi oldu. Orta məktəbin sonuna yaxın isə bizə bir-iki dərs dedi. O, hər dəfə sinifə kostyumda girsə də, mən Şakir müəllimi həmin qanlı köynəkdə görürdüm...

Mən məktəbimizdən çıxıb Bakıya gələndən sonra yolum ha vaxt şəhidlər xiyabanına tərəf düşürdüsə Şakir müəllim gəlib dururdu gözümün qabağında. Bütün məktəbin qabağında, əynində də qanlı köynəyi... Açığı mən fəxr eləyirdim ki, nə yaxşı həmin hadisə zamanı bizim rayondan, kəndimizdən də kimsə orada olub... Bu duyğunu heç indi də unutmamışam.

Keçən il atam Bakıya gələndə kənddə-kəsəkdə baş verənlərdən danışırdı. Birdən qayıtdı ki, Şakir müəllimin başına bilirsən də nə gəlib?.. Yox - dedim. Ancaq o dəqiqə adam gəldi durdu gözümün qabağında. Atamı dinləsəm də, ona reaksiya vermədim. Atam başladı ki, bəs axı Şakirin beş qızı var. Məktəbdə də ən az maaşı hərbi-hazırlıq müəllimi alır axı... Bədbəxt dolana bilmir, yayda gəlir Bakıya ki, tikintidə zadda işləsin. Bir göydələn tikilən yerdə işə düzəlir. Deyəsən 20 mərtəbəli bina tikirlər. İş bitəndə binanın üstünə vurulan dam örtüyündən ikisi qopub yerə düşür. Bina sifarişçilərə təhvil verilməli imiş. Həmin adamlarin gəlməyinə az qalmış baş verən bu hadisə əməlli başlı çaşqınlıq yaradır. Heç kim küləkli havada binanın damına çıxıb iki şiferi yerinə vurmağı üstünə götürmür. Tikintinin rəhbəri deyir ki, kim şiferləri yerinə vursa, ona min manat verəcək. Yenə heç kimdən səs çıxmır. Şakir müəllim balaca boyu ilə çıxır qabağa. Ancaq pulu qabaqcadan almaq şərti ilə razılaşır. Min manatı alıb qoyur cibinə. Müəllimi Kranın “vışka”sına bağlayıb qaldırırlar göyün üzünə. Şakir müəllim Kranın ucunda göyə qalxdıqca yellənir. Ətrafda nə qədər adam varsa, hamı yığışır bu tamaşaya. Müəllim Kranın vışkasının ucunda şiferləri bir-bir gətirib qopduqları yerə mıxlayır. Kran müəllimi qaytarıb yerə qoyanda camaat yığışır başına. Şakir müəllim də əli cibinin üstündə bir müddət özünə gələ bilmir. Bina təhvil veriləndən sonra min manatı da götürüb çıxır Biləsuvara...

Atam deyir ki, soruşdum Ayə, birdən Kranın ucundən gələydin yerə, onda nə olacaqdı?

Şakir müəllim qayıdıb ki, min manatı elə ona görə əvvəlcə alıb cibimə qoydum ki, elə şey olsa heç olmasa pulu evə çatdırsınlar...