Azərbaycanın İKT şirkətləri Portuqaliya vasitəsi ilə Avropa və Afrika bazarlarına çıxış əldə edəcək

azerbaycanin-ikt-sirketleri-portuqaliya-vasitesi-ile-avropa-ve-afrika-bazarlarina-cixis-elde-edecek-
Oxunma sayı: 646

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, görüşdə son illər Portuqaliya ilə Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdiyi və bu inkişafda informasiya-kommunikasiya texnologiyalarının (İKT) mühüm rol oynadığı vurğulanıb, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi və güclü tərəfdaşlıq əlaqələrinin yaradılması üçün böyük potensial olduğu qeyd edilib.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkəmizdə həyata keçirilən geniş islahatlar və İKT sahəsində əldə olunan nailiyyətlər barədə qonağı məlumatlandırıb.

Portuqaliyalı nazir Paulo Portas İKT sahəsində əməkdaşlığın ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsinə müsbət təsir edəcəyini qeyd edib. O bildirib ki, səmərəli əməkdaşlıq çərçivəsində Azərbaycanın İKT şirkətlərinin Portuqaliya vasitəsi ilə Avropa, Afrika və Braziliya kimi böyük bazarlara, Portuqaliyanın isə Azərbaycan vasitəsi ilə MDB və Yaxın Şərq bazarlarına çıxış əldə etmək imkanı mövcuddur.

Hazırda Azərbaycanın İKT şirkətlərinin xarici bazarlara çıxması və investisiya qoyması istiqamətində kompleks işlərin görüldüyünü vurğulayan nazir Əli Abbasov şirkətlərimizin Portuqaliya bazarlarında da iştirak etmək niyyətində olduğunu bildirib.
Nazir ölkədə həyata keçirilən “Elektron hökumət” layihəsi çərçivəsində görülən işlər haqda geniş məlumat verərək, bu istiqamətdə həyata keçirilən işlərin davamı kimi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində Elektron Hökumət Agentliyinin yaradıldığını və elektron xidmətlərin sayının artırılması məqsədilə xarici şirkətlərlə yeni müqavilələrin bağlanması istiqamətində məqsədyönlü işlərin görüldüyünu qeyd edib.

Görüşdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və gələcək perspektivlər barədə fikir mübadiləsi aparılıb.
Nigar Məmmədli