Azərbaycanın ilk rok-operası

azerbaycanin-ilk-rok-operasi
Oxunma sayı: 951

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində ilk dəfə olaraq rok-opera yazılıb.“Qafqazinfo” xəbər verir ki, iki il müddətində ərsəyə gələn “Səyyah Sindibad” adlı əsərin müəllifi bəstəkar və müğənni, klassik vokal məktəbinin nümayəndəsi Rizvan Sədirxanovdur.

Operanın adı məşhur “Min bir gecə nağılları”nın ən maraqlı hissələrindən olan “Dəniz səyyahı Sindibadın nağılı”ndan götürülüb. 

Multikultural layihə olan rok-operada dünya klassiklərinin şeirlərindən nümunələr, ingilis, italyan, çex dilində mətnlər və eyni zamanda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın şeirləri də yer alıb.

Operanın müəllifi Rizvan Sədirxanov yeni əsərin öz marağının bəhrəsi olduğunu bildirib: “Hələ 40 il əvvəl əsərin ilk variantını dostum Azad Hacıyevlə işləmişdim. Həmin dövrdə 25 dəqiqəlik əsər populyar olmuşdu. Hətta ona caz variasiyalar da etmişdilər. Çox xoş oldu ki, cənab nazir Əbülfəs Qarayevin təklifi ilə bu əsərin geniş və daha dolğun variantının hazırlanmasına göstəriş verildi. Ümid edirəm ki, əsər tamaşaya qoyulandan sonra ictimaiyyət və musiqisevərlər tərəfindən daha maraqla qarşılanacaq”.

“Səyyah Sindibad”da tanınmış ifaçılar yer alıb. Əsərdə Mikayıl Rəfiyev (Sindibad), Gülşən İbadova (Zöhrə), Emil Minyaşev (Qoruyucu mələk), Rizvan Sədirxanov (Bosman) çıxış edirlər. Həmçinin tanınmış musiqiçilər Azər Rza, Cavid Səmədov, Şamil Kərimov, Yuliya Motorina, Mila Rzayeva, İsmayıl Yakubov, İlham Nəzərov, Nərgiz Əlizadə, Ədalət Şükürov və digərləri də rok-operanı ifa edirlər.