Azərbaycanın Koreyadakı səfirinə “İlin səfiri” mükafatı verildi - Foto

azerbaycanin-koreyadaki-sefirine-ilin-sefiri-mukafati-verildi
Oxunma sayı: 1334

Azərbaycanın Koreya Respublikasındakı səfiri Rəmzi Teymurova Asiya Cəmiyyəti Koreya təşkilatının 10-cu ildönümü münasibətilə keçirilmiş mərasimdə “İlin səfiri” mükafatı təqdim edilib.

“Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, BMT-nin sabiq Baş katibi Pan Gi Munun, Asiya Cəmiyyəti idarə heyətinin üzvü Çarls Rokefellerin əsas məruzəçilər qismində çıxış etdikləri və nüfuzlu qonaqların, ictimai-siyasi xadimlərin, diplomatların iştirak etdikləri tədbirdə Azərbaycan mədəniyyəti, tarixi abidələri, turizm imkanları və adət-ənənələrindən bəhs edən videoçarx nümayiş etdirilib.

Asiya Cəmiyyəti Koreya təşkilatının 10-cu ildönümü münasibətilə təsis olunmuş “İlin səfiri” mükafatına Azərbaycan səfiri ilə yanaşı, Hindistan və Küveyt səfirləri də layiq görülüblər.

Qeyd edək ki, 2008-ci ildə qeyri-kommersiya təşkilatı kimi təsis edilmiş Asiya Cəmiyyəti Koreya təşkilatı baş qərargahı Nyu-Yorkda yerləşən və 1956-cı ildə III Con D.Rokefeller tərəfindən əsası qoyulan Asiya Cəmiyyətinin yerli ofisidir. Koreyanın “Lotte” şirkətlər qrupunun sədri Şin Donq-binin rəhbərlik etdiyi Asiya Cəmiyyəti Koreya təşkilatının üzvləri şirkət nümayəndələri və ictimai-siyasi xadimlərdir. Cəmiyyətin Seul ilə yanaşı, Honqkonq, Manila, Mumbay, Şanxay, Sidney və Surixdə də ofisləri fəaliyyət göstərir.