Azərbaycanın məşhur simaları bir arada - Fotolar

azerbaycanin-meshur-simalari-bir-arada
Oxunma sayı: 10625

Bu gün Dövlət Musiqili Komediya Teatrında görkəmli şairə Nurəngiz Günün 80 illiyinə həsr olunmuş yubiley mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, şairənin anım mərasimi ilə bağlı təşkil edilmiş möhtəşəm tədbirdə Milli Məclisin deputatları, ictimai-siyasi xadimlər, yazıçılar və şairlər iştirak edib.  Şairənin anım günündə teatr qonaqlarla dolu olub. Bu da son illərdə teatrın tarixində nadir hadisələrdən biri hesab olunur. 

Tədbiri açan parlamentin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov bildirib ki, bu gün 80 yaşlı şairənin işığına toplaşıblar: “Nurəngiz xanım ömrü boyu şeirlə nəfəs alıb. O, böyük ədəbiyyata 40 yaşında gəldi. O elə təxəllüsü kimi gün kimi ədəbiyyatımızda parladı”.

Xalq yazıçısı Anar çıxışında qeyd edib ki, ömrü boyu Nurəngiz Günü məlahətli və mehriban insan kimi tanıyıb: “Onun üzündən gülüş əskik olmurdu. Sonradan bildim ki, onun gülüşünün altında şəxsi ağrılar və kədər durur”.

Daha sonrakı çıxışlarda da şairin fəaliyyətindən və yaradıcılığından geniş bəhs edilib. Aktyorların ifasında şairənin şeirləri oxunub.

Həmçinin, məşhur müğənnilər onun sözlərinə bəstələnmiş mahnılar da səsləndirib. 

Sonda şairənin qızı, millət vəkili Jalə Əliyeva çıxış edərək tədbir iştirakçılarının və sənətə, incəsənətə qiymət verənlərin qarşısında baş əydiyini deyib.  

Günel Türksoy

Fotolar: Pərvin Zeynal