“Azərbaycanın müasir inkişafı müstəqilliyin bəhrəsidir” - Ramil Qasımov

azerbaycanin-muasir-inkisafi-musteqilliyin-behresidir
Oxunma sayı: 4482

“Qafqazinfo” Politoloq, Azərbaycan Televiziyası Mədəniyyət kanalının direktoru Ramil Qasımovun müəllif yazısını təqdim edir:

Azərbaycanın dövlət müstəqilliyi haqqında konstitusiya aktının qəbul edilməsindən və dövlət müstəqilliyinin elan olunmasından 27 il ötür. Belə bir qısa müddət ərzində dövlətimiz böyük inkişaf yolu keçib.

XX əsrin sonunda SSRİ-nin süquta uğraması nəticəsində Azərbaycanın öz tarixi müstəqilliyinə qovuşması üçün əlverişli ictimai-siyasi şərait yarandı. Məhz bu baxımdan 1991-ci il oktyabr ayının 18-də qəbul edilmiş 32 maddədən ibarət Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı XX əsrdə Azərbaycanın siyasi tarixində ikinci parlaq qələbə sayılır. Müstəqilliyi hər şeydən üstün dəyərləndirən və onun müstəsna əhəmiyyətini nəzərə alan ulu öndər Heydər Əliyevin 15 oktyabr 1994-cü ildə imzaladığı “18 oktyabr—Dövlət müstəqilliyi gününün Azərbaycan Respublikasının dövlət bayramı kimi qeyd edilməsi haqqında” Fərmanla Dövlət Müstəqilliyi Günü hər il xalqımız tərəfindən rəsmi bayram kimi qeyd edilir. 

Müstəqilliyin gününün əhəmiyyəti və Azərbaycan dövlətinin öz müstəqilliyini əldə etdikdən sonra keçdiyi inkişaf yolu haqqında saysız-hesabsız yazılar, məqalələr, tədqiqat işləri, kitablar yazılsa da, düşünürəm ki, hələ də bu günün dəyərini tam anlamı ilə başa düşmək üçün bizim üzərimizə daha böyük məsuliyyət düşür. Məlum olduğu kimi, müstəqilliyin qorunub saxlanılmasının onun əldə edilməsindən çox-çox çətin olduğunu tarix dəfələrlə sübuta yetirib. Azərbaycan xalqı da müstəqillik tarixinin keşməkeşli məqamlarında meydana çıxan çətin sınaqlardan keçmək məcburiyyətində qalıb. Müstəqilliyimizin əldə olunması olduqca mürəkkəb ictimai-siyasi şəratidə -mənfur qonşularımızın Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağda azərbaycanlılara qarşı törətdikləri cinayətlərin tüğyan etdiyi bir dövrdə baş verdiyi üçün və o zaman respublikanın idarəçiliyinə heç bir siyasi səriştəsi olmayan şəxslərin rəhbərlik etməsinin məntiqi nəticəsi olaraq ölkədə siyasi hərc-mərclik, özbaşınalıq və separatçılıq meylləri hökm sürürdü.

Bütün bu mənfi hadisələr fonunda Azərbaycanın müstəqilliyinin beynəlxalq səviyyədə tanınması – ilk olaraq qardaş Türkiyə Cümhuriyyəti tərəfindən, daha sonra isə Rumıniya, Pakistan, İsveçrə, İran, ABŞ, Rusiya və digər dövlətlər tərəfindən tanınması ölkəmizin beynəlxalq siyasi nüfuzunun möhkəmlənməsinə mühüm təsir göstərirdi.

Məhz, belə bir ağır və dolaşıq siyasi böhran şəraitində xalqın təkidli tələbi ilə zəngin siyasi və dövlət idarəçilik təcrübəsinə malik olan Heydər Əliyev hakimiyyət sükanının başına dəvət edildi. Heydər Əliyevin hakimiyyətə qayıdışı yenicə qazanılmış və elə beşiyindəcə boğulmağa məhkum edilmiş Azərbaycan müstəqilliyin bugünlərə gəlib çıxması yolunda ən böyük addım idi. Məhz buna görə də, tam əminliklə söyləmək olar ki, tarixi zərurətdən irəli gələn Azərbaycan müstəqilliyinin əbədi və dönməz olması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır və onun xalqımız qarşısında müstəsna xidmətidir. Öz doğma övladının xidmətlərini yüksək qiymətləndirən və onun ölməz xatirəsini əbədi yaşadan Azərbaycan xalqı ümummilli liderin yenidən hakimiyyətə gəldiyi tarixi – 15 iyunu Qurtuluş günü kimi qeyd edir.

Ümummilli lider Heydər Əliyevin səyləri ilə Azərbaycan bir sıra beynəlxalq təşkilatların üzvü oldu. Ölkədə baş qaldıran özbaşınalıq və separatçılıq meylləri aradan qaldırıldı. Dövlət müstəqilliyinin məhvinə yönəlmiş qiyamlara və dövlət çevrilişi cəhdlərinə son qoyuldu. Siyasi böhran səbəbi ilə bütün sahələrdə mövcud olan təşkilati və hüquqi boşluqların aradan qaldırılması və islahatların aparılmasına başlanıldı. 1994-cü il sentyabrın 20-də dünyanın aparıcı dövlətlərinin ən qabaqcıl şirkətlərinin iştirakı ilə nəhəng neft müqaviləsinin - “Əsrin müqaviləsi”nin imzalanması Heydər Əliyevin əsasını qoyduğu neft diplomatiyasının qələbəsi idi. Bununla da Azərbaycan iri regional layihələrə, Avropanın və bütün dünyanın enerji təhlükəsizliyi sisteminə qoşuldu.

1995-ci il noyabrın 12-də Ulu öndərin rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi ilə bağlı umumxalq səsverməsi – Referendum və Milli Məclisə seçkilər keçirildi. Bununla da ölkədə demokratik təsisatların formalaşmasının əsas qoyuldu. 1999-cu ildə yerli özünüidarəetmə orqanlarına– Bələdiyyələrə seçkilərin keçirilməsi ilə vətəndaş cəmiyyətinin formalaşmasının təməlləri atıldı.

Təməli məhz Ulu öndərin hakimiyyətdə olduğu illərdə - 2002-ci ildə atılan, Azərbaycan neftinin Xəzər dənizindən Türkiyənin Ceyhan limanına, ordan da Aralıq dənizi vasitəsilə Avropaya və dünyaya nəqlini həyata keçirən Bakı-Tbilisi-Cehyan neft kəmərinin başa çatması və ilk neftin Ceyhan limanından yola salınması 2006-cı ildə - onun xələfi cənab İlham Əliyevin hakimiyyəti dövründə həyata keçirildi. Bu layihənin həyata keçirilməsi və dövlət büdcəsinin valyuta ehtiyatlarının artırılması ümumilli liderin uzaqgörən siyasətinin nəticəsi idi.

Ulu öndər Heydər Əliyev tərəfindən atılmış müstəqilliyin siyasi və iqtisadi təməlləri bu gün onun layiqli davamçısı cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində daha da möhkənləndirilir. Ölkəmizdə dövlətçiliyin təkmilləşdirilməsi, iqtisadi tərəqqinin bərqərar olması, milli-mənəvi dəyərlərin qorunub saxlanaraq daha da zənginləşdirilməsi istiqamətində həyata keçirilən dövlət siyasəti aparılır və günü-gündən inkişaf etdirilir.

Ölkəmizin regionda iqtisadi inkişaf sürətinə və səviyyəsinə görə lider dövlətə çevrilməsi beynəlxalq səviyyədə də nüfuzumuzun armasına təkan verib. Regionda reallaşdırılan irimiqyaslı layihələr Azərbaycanın iştirakı və razılığı ilə həyata keçirilir.Azərbaycanın dünya siyasi arenasında artan nüfuzu sayəsində ölkəmiz siyasi və iqtisadi cəhətdən qüdrətli bir ölkəyə çevrilmişdir.

Müstəqillik illərində ümummilli liderin qayğısı nəticəsində Azərbaycanda ictimai həyatın bütün sahələrində olduğu kimi mədəniyyət və incəsənət sahəsində də nəzərəçarpan və böyük layihələr həyata keçirilmişdir. Azərbaycan dilinin inkişafı və azərbaycan dilli incəsənətin formalaşması, teatr və kinonun inkişafı, Azərbaycannın mədəniyyət incilərinin, milli-mənəvi dəyərlərimizin qorunub saxlanması, sənət adamlarının və gənc istedadların dövlətin hərtərəfli qayğısı və diqqəti ilə əhatə olunması, onların rifah halının yaxşılaşdırılması məhz Heydər Əliyevin əsasını qoyduğu mədəniyyət siyasətinin əsas istiqamətləri idi. Bugün də cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən mədəniyyət siyasətinin nəticəsidir ki, Azərbaycan artıq Avroviziya, muğam, caz, kino, folklor və digər incəsənət sahələrində keçirilən müsabiqələrə ev sahibliyi edir. Bu yaxınlarda ilk dəfə olaraq ədəbiyyat və incəsənət sahəsində yeni bir beynəlxalq tədbirin – Nəsimi Festivalının keçirilməsi də bu qəbildəndir.

Azərbaycan mədəniyyət və incəsənətin inkişafında ümummilli liderin adını daşıyan və onun irsinin öyrənilməsini həyata keçirən “Heydər Əliyev Fondu”nun və onun prezidenti YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səmərəli fəaliyyəti də xüsusilə vurğulanmalıdır. Azərbaycanın maddi və mənəvi mədəniyyət abidələrinin YUNESKO tərəfindən dünyanın maddi və mənəvi irs siyahısına salınması, mədəniyyətimizin, incəsənətimizin təbliği onun yorulmaz fəaliyyəti nəticəsində reallaşdırılır.

Azərbaycanın müstəqillik illərində əhalinin rifah halının yüksəldilməsi, sağlamlığının yaxşılaşdırılması, idmanın təbliği, həssas təbəqələrin sosial təminatının artırılması, ölkədə təhsilin inkişafı üçün uğurlu sosial siyasət həyata keçirilməkdədir. Bunun nəticəsidir ki, hal-hazırda Azərbaycanda nəinki paytaxda, demək olar ki, bütün regionlarda ən müasir avadanlıqlarla təmin edilmiş xəstəxanalar və diaqnostik mərkəzlər, ən son tədris texnologiyaları ilə təchiz edilmiş məktəblər, ən qabaqcıl texniki qurğuların mövcud olduğu olimpiya və idman kompleksləri tikilib əhalinin istifadəsində verilib.

Xüsusilə vurğulamaq istərdim ki, müstəqilliyin təbliğində Azərbaycan Televiziyasının müstəsna rolu olub. Heç şübhəsiz ki, mənim də sıralarında fəxrlə çalışdığım müstəqil Azərbaycanın Dövlət Televiziyasının maddi-texniki imkanlarının dünyanın qabaqcıl ölkələrinin aparıcı televiziyaları ilə rəqabət aparmaq iqtidarında olması hesabına ölkəmizin əldə etdiyi bütün uğurların təbliği və geniş tamaşaçı auditoriyasına çatdırılması yüksək səviyyədə həyata keçirilir. Əlbəttə ki, televiziyanın həm kadr potensialının, həm də maddi-texniki təchizatının ən yüksək səviyyədə təmin olunması məhz ulu öndər Heydər Əliyevin televiziyanın cəmiyyətin inkişafında oynadığı rola verdiyi əhəmiyyətin nəticəsində həyata keçirilən siyasətin bariz nümunəsidir. Ölkə başçısı cənab İlham Əliyevin şəxsi qayğısı və dəstəyi ilə ən müasir və son texnoloji avadanlıqlarla təchiz edilən, maddi-texniki şərait yaradılan, gənc mütəxəssislərin yetişdirildiyi və peşəkar işçi heyətinin formalaşdırıldığı Azərbaycan Televiziyası ölkədə keçirilən mühüm dövlət və beynəlxalq tədbirləri lentə alaraq tarixi sərvət kimi qoruyur.

Ümummilli liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə əldə edilmiş tərəqqinin göstəricisi kimi, qeyd etmək olar ki, ölkəmiz bölgənin strateji, siyasi və iqtisadi proseslərinin gedişinə təsir göstərir. Dövlətimizin maraqlara uyğun olaraq xarici siyasət prioritetlərinin təmin olunmasında vətənimizin siyasi və iqtisadi qüdrəti, strateji mövqeyi, zəngin təbii ehtiyatlarından məharətlə istifadə edir. Azərbaycan iqtisadiyyatı öz inkişaf sürətinə görə dünyada qabaqcıl yerlərdən birinə sahibdir.

Bugün təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və onun əvəzolunmaz davamçısı olan Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində müstəqil Azərbaycanda həyat gündən-günə dəyişir, insanların rifah halı yaxşılaşır, yeni-yeni siyasi, iqtisadi, sosial və mədəni layihələr həyata keçirilir, paytaxtda, bölgələrdə genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılır. Müstəqiliyin mahiyyətini qavrayaraq qədrini bilmək, qanı və canı bahasına onu qorumaq, ölkədə gedən inkişaf proseslərinə əlindən gələn köməyi göstərmək hər bir gəncin, hər bir vətəndaşın müqəddəs borcudur.

Yaşasın Müstəqil Azərbaycanımız! Dövlət Müstəqilliyi Gününüz mübarək olsun əziz həmvətənlilər!”